Məhkəmə qərarları › İş №3(005)-2914/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2914/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2914/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X2 iştirakı ilə, X2 Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Nərimanov Rayon DYPŞ X5 Sənan Canpolad tərəfindən barəsində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən o, İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Ona tərtib olunmuş inzibati protokolda göstərilir ki, guya alkoqollu içkilərdən istifadə etmiş və işıq cihazları ilə səs siqnallarından qaydaları pozaraq istifadə etmişdir. O, hadisə baş verən vaxt alkoqollu içki qəbul etməmişdir. Bu halı təsdiq edən tibbi müayinədən keçməyi barədə rəsmi arayış mövcuddur. Həmin arayışda onun sərxoş olmadığı, orqanizmdə alkoqolun aşkar edilmədiyi açıq şəkildə göstərilmişdir. Bu sənəd də protokolda göstərilən ittihamın əsassız olduğunu sübut edən əsas dəlillərdəndir. Eyni zamanda, işıq cihazları və səs siqnallarından istifadə qaydalarının pozulması barədə iddia da reallığa uyğun deyil. Hadisə vaxtı nə xüsusi işıq cihazlarından, nə də səs siqnallarından yol hərəkəti qaydalarına zidd formada istifadə etməmişdir. Bu istiqamətdə də hər hansı sübut təqdim olunmamış, yalnız subyektiv iddialar əsasında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında X4 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək qeyd etmişdir ki, “Nobel Elektrik” şirkətində sürücü işləyir və yük avtomobili idarə edir. Reysqabağı tibbi müayinədən keçirilir. Əgər sərxoşluğu müəyyən edilərsə və ya səhhətində hər hansı problem yaranarsa bu halda onun nəqliyyat vasitəsini idarə etməsinə icazə verilmir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda hadisə yeri kimi Bakı şəhəri, Nərimanov rayonu ərazisi göstərilsə də o, xx.xx.2025-ci il tarixdə saat 09:35 radələrində **-YP-*** nömrəli YPX avtomobilində xidmətdə olan ekipaj üzvləri tərəfindən Nizami rayonu ərazisində, Əzizbəyov dairəsindən “Neolit” şadlıq sarayı istiqamətində “Socar” Neft Emalı zavoduna idarə etdiyi “QAZ 3302-750 Yük” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmışdır. Göründüyü kimi hadisə yeri kimi protokolda başqa fərqli ünvan göstərilmişdir. Bundan başqa o, həmin gün saat 10:35-də “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsində sərxoşluq vəziyyətinin müayinəsindən keçmiş və onda hər hansı sərxoşluq halı müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində tətbiq edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən səlahiyyətli orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş və üzürlü səbəb barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/40288 №-li xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, X4 həmin gün saat 10:35-də ayıq vəziyyətdə olmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə, yəni nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsi dinləyib, onun şikayət ərizəsi və ona əlavə etdiyi materialları tədqiq edərək müəyyən etmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu ərazisində “QAZ 3302-750” yük markalı, **-JA-*** nömrəli nəqliyyat vasitəsini işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozması və sərxoş vəziyyətdə idarə etməsi ilə bağlı inzibati xətaları törətməkdə təqsirli bilindiyinə görə barəsində Nərimanov rayon DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmiş, sürücü protokolda qeyd edildiyi kimi Nərimanov rayonu ərazisində deyil, Nizami rayonu ərazisində saxlandığını, sərxoşluq vəziyyətinin müayinəsi barədə akta və reysqabağı tibbi yoxlamanın nəticəsinə əsasən onda sərxoşluğun olmadığını iddia etmişdir. Məhkəmə hesab edir ki, X4 barəsində tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X4 barəsində Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələri ilə qəbul edilmiş xx.xx.2025ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələri ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar