Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2916/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 492.1 və 491.3-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-02448/24 nömrəli, 06 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan verilən məlumata əsasən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Türkiyə Respublikasının “X3 Petrol Mühəndislik Sanayi Ve Ticaret Anonim” şirkətindən yük gətirmiş “Mercedes Benz” markalı 02AAH912/27AHZ092 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 09:43 radələrində “Mazımqara” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postuna təyinat almış, lakin sözügedən nəqliyyat vasitəsi “İpək Yolu” gömrük postuna daxil olmamış, xx.xx.2024-cü il tarixdə saat 20:12 radələrində müəyyən olunmuş marşrut xəttindən kənara çıxmaqla Bakı şəhəri, Qaradağ rayonu ərazisində uzunmüddətli dayanmış, nəqliyyat vasitəsinin üzərində GPS qurğusu və gömrük təminatı (plomb) olmasına baxmayaraq nəqliyyat vasitəsinin yük hissəsinə vurulmuş gömrük təminatı olan plomb gömrük orqanının icazəsi olmadan qırılmış və gömrük nəzarəti altında olan mallar nəqliyyat vasitəsindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 26-cı km ünvanında yerləşən və Şəxs QSC-nin istifadəsində olan anbara boşaldılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 3-33-1100/013/023164 saylı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Mazımqara” gömrük postundan verilən məlumata əsasən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 09:43 radələrində “Mazımqara” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postuna təyinat alan “Mercedes Benz” markalı 02AAH912/27AHZ092 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi “İpək Yolu” gömrük postuna daxil olmamış, xx.xx.2024-cü il tarixdə saat 20:12 radələrində müəyyən olunmuş marşrut xəttindən kənara çıxmaqla Qaradağ rayonu ərazisində uzunmüddətli dayanmış, nəqliyyat vasitəsinin üzərində GPS qurğusu və gömrük təminatı (plomb) olmasına baxmayaraq nəqliyyat vasitəsinin yük hissəsində gömrük təminatı olan plomb qırılmış və mallar nəqliyyat vasitəsindən boşaldılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 45AB299/45AB300 02AAH912/27AHZ092 dövlət nömrə nişanlı yük avtomaşınının sürücüsü tərəfindən malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin çatdırılmaması və ya müəyyən edilmiş marşrut və müddətlər pozulmaqla çatdırılması faktına görə sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.1.1-ci və 487.3-cü maddələri ilə 00100-02368/24 və 00100- 02369/24 nömrəli protokollar tərtib edilmiş, inzibati cərimə tətbiq edilmiş və tətbiq edilmiş cərimələr ödənilmişdir. 02AAH912/27AHZ092 dövlət nömrə nişanlı yük avtomaşınında daxil olmuş malların Şəxs QSC tərəfindən **********8623 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş mallara baxış keçirilməsinə dair aktdan görünür ki, Şəxs QSC tərəfindən **********8623 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan yükə gömrük yoxlaması həyata keçirilən zaman mallarda heç bir uyğunsuzluq aşkar edilməmişdir. Beləliklə də, 02AAH912/27AHZ092 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatının Şəxs QSC tərəfindən gömrük orqanının icazəsi olmadan qırıldığı, gömrük nəzarəti altında olan malların sözügedən yük avtomaşınından gömrük orqanının icazəsi olmadan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 26-cı km ünvanında yerləşən anbara boşaldıldığı müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs QSC-nin nümayəndəsi X1 izahatından görünür ki, o, inzibati xəta hadisəsini etiraf etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla "xxxx" Qapalı Səhmdar Cəmiyyəti həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 492.1 və 491.3-cü maddələri maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətibarəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İXM-in 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2916/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2916/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver