Məhkəmə qərarları › İş №3(005)-2936/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2936/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2936/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 15 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-6114/2015 nömrəli, 05.11.2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 6803.73 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat dövlət rüsumu tutularaq tələbkar “Unileasing” Lizinq şirkətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4746/2018-006 nömrəli, 11.09.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1479.69 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-897/2014 nömrəli, 11.03.2014cü il tarixli icra sənədi üzrə borclu Şəxs 860 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1273/2014 nömrəli, 13.02.2014cü il tarixli icra sənədi üzrə borclu Şəxs 187.80 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1268/2014 nömrəli, 13.02.2014cü il tarixli icra sənədi üzrə borclu Şəxs 1098.58 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, İcra sənədləri üzrə müvafiq qaydada icraata başlanılmış və borclunun ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Sonrakı müddət ərzində borclu Şəxs müəyyən edilmiş borcu tələbkarların xeyrinə ödəməmişdir. Dəfələrlə borclu Şəxs icra şöbəsinə dəvət olunmuş onun izahatı alınmış və yaranmış borcunu ödəmək üçün maddi imkanı olmadığını bildirmişdir. Borclunun mülkiyyətində olan “Kia Soul” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhkəmə qərardadı ilə həbs qoyulsa da, icra məmuru borcludan avtomobilin təhvil verilməsini tələb etsə də, borclu avtomobili təhvil verməkdən imtina etmişdir. Bununla da o, icra məmurunun qanuni tələbi yerinə yetirilməmişdir. İcra tədbirləri davam etdirilən zamanda borclu Şəxs axtarılması haqqında 06.10.2021-ci il tarixli qərarla barəsində axtarış elan olunmuş və 15.11.2021-ci il tarixdə müvafiq orqanın əməkdaşı tərəfindən borclu şöbəyə təhvil verilmişdir. Qeyd olunanlara əsasən icra sənədləri üzrə tələblərdən borclu Şəxs bu günə qədər heç bir ödəniş etməmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən icra sənədlərinin icrasını təmin edə bilmir. Uzun müddətdir ki, iş axtarır. Barəsində dəfələrlə axtarış elan edildiyindən heç bir iş yeri onunla əmək müqaviləsi bağlamır. İcra sənədinin icrasını təmin edə bilməsi hazırda mümkün belə deyil. Lakin çalışıb borcunu tam şəkildə ödəyəcəkdir. İcra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmır. Göstərilənləri nəzərə alaraq barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcraata başlamaq haqqında 03.03.2014-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1268/2014 nömrəli, 13.02.2014-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İcraata başlamaq haqqında 06.03.2014-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1273/2014 nömrəli, 13.02.2014-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İcraata başlamaq haqqında 21.04.2014-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-897/2014 nömrəli, 11.03.2014-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İcraata başlamaq haqqında 25.04.2017-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-6114/2015 nömrəli, 05.11.2015-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İcraata başlamaq haqqında 21.09.2018-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4746/2018-006 nömrəli, 11.09.2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı Şəhəri Narimanov rayon Məhkəməsinin 16.05.2017-ci il tarixli 8(005)-651/2017-ci nömrəli qərardaddan görünür ki, Şəxs məxsus ** MG *** dövlət qeydiyyat nişanlı, “Kia Soul” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, qərardad, bildirişlər, özünün və zərər çəkmiş hüquqi şəxslərin verdiyi izahatları və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə əmrləri və qərardadı ilə üzərinə qoyulmuş ödənişlər və ona məxsus olan “Kia Soul” markalı avtomobilin həbs qoyulması öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, pul borclarının ödənilməsinə və avtomobilin üzərinə həbs qoyulmasına laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcları ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədlərini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 15 noyabr 2021-ci il tarixdən, saat 16:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 15 noyabr 2021-ci il tarixdən, saat 16:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar