Məhkəmə qərarları › İş №3(005)-2937/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2937/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2937/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21460293 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21460293 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunsuz olaraq **-GE-*** nömrə nişanlı “MAZDA 3” markalı nəqliyyat vasitəsinin dayanması ilə bağlı EQ21460293 nömrəli xx.xx.2024-cü il tarixli elektron qərar tərtib edilmişdir. Lakin həmin qərar tam qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta törədilməsi göstərilən ərazidə nəqliyyat vasitəsinin dayanması və ya durmasını qadağan edən hər hansı nişan yoxdur. Belə ki, tərəfindən təqdim edilən fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsini yolun sağ kənarında, yolayrıcından 5 metr sonra olmaqla saxlamışdır. Həmin yolda yolayrıcından sonra dayanma və durmanı qadağan edən nişan yoxdur. Bu səbəbdən də yol patrul xidməti əməkdaşı hər hansı nişanı çəkmədən ona cərimə tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir və Məhkəmənin 3(005)- 1645/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş EQ 21460293 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə tapşırılmışdır. Lakin həmin orqan heç bir araşdırma aparmadan, ona bu barədə məlumat vermədən sadəcə sistemdə qərarın tarixini dəyişməklə yenidən qərar qəbul etmişdir. O bu barədə məlumatı 13 sentyabr tarixdə təsadüfən aşkar etmişdir. Hesab edir ki, EQ 21460293 nömrəli, xx.xx.2024-ci il tarixli elektron qərar da əvvəlki qərarın ardı olduğundan ləğv edilməli, bu dəfə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, şikayət araşdırılmış, X5 avtomobili parklanma və X4 barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Məhkəmədən yekunda şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 21460293 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X2 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə dayanma qaydalarını pozaraq istifadəsində olan nəqliyyat vasitəsini parklanma üçün nəzərdə tutulmayan yerdə saxlamışdır. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21460293 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21460293 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar