Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2953/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidməti tərəfindən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarda nəzərdə tutulmuş inzibati cərimənin ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X6 Xidmətinin nümayəndəsi X8 protokolu müdafiə edərək bildirmişdir ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumat əsasında, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınan şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək Məşğulluq” altsistemində qüvvədə olan əmək müqavilələri aşkar edilməmiş, nəticədə “UNİ Construction" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 3000 manat məbləğində cərimə edilmiş və qərar qanuni qüvvəyə minmişdir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd olunan inzibati cərimə məbləğinin ödənilməsi ilə bağlı 3-17- 5/2-G-58478/20 nömrəli xx.xx.2024-cü il tarixli ilkin xəbərdarlıq məktubu göndərilmiş, lakin cərimə məbləği ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının İXM-in 529.1- 1-ci maddəsinə (Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə) əsasən 3-17-5/2-42045/2025 nömrəli xx.xx.2025-ci ildə növbəti xəbərdarlıq məktubu göndərilmiş, lakin cərimə məbləğinin ödənilməsi yenə təmin edilməmişdir. Ona görə də "xxxx" MMC-nin direktoru Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vəzifəli şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixli və 3-17-5/2-42045/2025 nömrəli xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu hüquqi şəxsin ünvanına çatdırılmamış və daxil olmamışdır. Hüquqi şəxsə yalnız hazırkı iş məhkəmənin icraatına daxil olan ərəfədə müfəttişliyin xx.xx.2025-ci il tarixli 3-17-5/2-66405/2025 nömrəli məktubu daxil olmuşdur ki, bu məktuba əsasən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraatın aparılmasında iştirak edilməsi bildirilmişdir. Ümumiyyətlə nümayəndənin qeyd etdiyi məsələ ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmiş, həmin qərardan verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Ona görə belə başa düşülmüşdür ki, nə hüquqi şəxs, nə də onun vəzifəli şəxsi barəsində heç bir inzibati tənbeh tətbiq edilməmişdir. Belə ki, müfəttişliyin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli onun barəsində olan inzibati tənbeh vermə haqqında qərarı da xx.xx.2025ci il tarixli məktubla onlara daxil olmuşdur. Hazırda isə həmin qərardan məhkəməyə şikayət veriləcəkdir. Çünki eyni məsələ ilə bağlı hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda vəzifəli şəxsin cərimə edilməsi qanunsuz və əsassızdır. Xahiş edir ki, hazırkı inzibati xəta haqqında icraata xitam verilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X3, X1 və X5 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan xx.xx.2024-cü il tarixdən işləri (xidmətləri) yerinə yetirilməsinə cəlb edildiyinə görə "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat cərimə edilmişdir. 06 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarda nəzərdə tutulmuş inzibati cərimənin ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmüş inzibati xəta törədilmişdir. DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, № 3-17-5/2-66405/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarda qeyd olunan inzibati cərimə məbləğinin ödənilməsi ilə bağlı 3-17-5/2-G-58478/2024 nömrəli xx.xx.2024-cü il tarixli ilkin xəbərdarlıq məktubu gönədrilmiş, lakin cərimə məbləği ödənilməmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə 3-17-5/2-42045/2025 nömrəli növbəti xəbərdarlıq məktubu göndərilmiş, lakin cərimə məbləğinin ödənilməsi təmin edilməmişdir. İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından görünür ki, nizamnamə kapitalı 10 AZN olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Şəxsdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2135/2024 nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində X2 münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2566/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul olunmuş 04 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat tədqiq edərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5 və 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 529.1.1-ci maddəsi blanket xarakterlidir və dispozisiya şərtinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 150.5.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində-onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Bu maddənin dispozisiya şərtindən göründüyü kimi tədbir görülməsi üçün fiziki şəxslər barəsində - onun əməkhaqqından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Lakin iş materiallarındakı sənədlər arasında mühüm əhəmiyyət kəsb edən xx.xx.2024-cü il tarixli 3-17-5/2-G-58478/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2- 42045/2025 nömrəli məktublar mövcud olmamaqla yanaşı, onların "xxxx" MMC-nin direktoru Şəxs göndərilməsini, həmin məktubların çatdırılmasını, məsul şəxs tərəfindən alınmasını təsdiq edən sənədlər (poçt göndərişi, onun izlənilməsi və s.) əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli 3-17-5/2-G-58478/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2-42045/2025 nömrəli məktubların məhkəməyə təqdim edilməməsi, bu səbəbdən onların məzmununun məhkəmə üçün qeyri-müəyyən olması, eləcə də rəsmi qaydada verilməsinə dair sənədlər təqdim edilməməsi səbəbindən səlahiyyətli orqanın nümayəndəsinə bununla bağlı sənədlərin təqdim edilməsi üçün vaxt verilib məhkəmə iclası təxirə salınsa da, buna dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən müvafiq tədbirlərin görülməsini əks etdirdiyi ehtimal edilən yuxarıda qeyd olunan iki məktub ümumiyyətlə məhkəməyə təqdim edilmədiyindən elektron informasiya sistemi üzərindən və ya göndərişlərin izlənməsindən göndərilməsini və qəbul edilməsini aşkar etmək də mümkün olmamışdır. Məhkəmənin hazırkı hüquqi əsaslandırma ilə əlaqədar olmasa da onu da qeyd etməyi və səlahiyyətli orqanın nəzərinə çatdırmağı zəruri hesab edir ki, sənədin rəsmi qaydada verilməsi inzibati xəta haqqında icraatın törədilmə vaxtının müəyyən edilməsi üçün əsas şərtlərdən biridir. Maddənin dispozisiyasına görə subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Əgər ehtimal etsək ki, xx.xx.2024cü il tarixli 3-17-5/2-G-58478/2024 nömrəli məktub İXM-in 150.5.1-ci maddəsinə müvafiq olaraq tədbirlərin görülməsi ilə bağlıdır və hüquqi şəxsə vaxtında çatdırılmışdır. Bu halda belə güman edilir ki, artıq Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsi üçün nəzərdə tutulan 4 aylıq müddət də başa çatmışdır. Çünki səlahiyyətli orqan qanunun tələbinə görə məktubla tədbirlərin göndərilməsi üçün müəyyən müddət nəzərdə tutur və öhdəliyi yerinə yetirməli olan subyekt tərəfindən bu müddətdə tədbirlər görülməzsə, onun inzibati xətanı törətməsi sonuncu gündən sonrakı gün kimi qəbul edilməli və inzibati məsuliyyətə cəlb edilməsi üçün müddətin axımı həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, səlahiyyətli orqan tərəfindən ikinci dəfə eyni məzmunlu məktub göndərməklə İXM-in 150.5.1-ci maddəsində nəzərdə tutulan subyektlərdən müvafiq tədbirlərin görülməsi tələb edilə və bu əsasla inzibati məsuliyyətə cəlb olunma üçün yeni müddət müəyyənləşdirilə bilməz. Göründüyü kimi, İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti, yəni hüquqazidd əməl, qərarın icrası ilə bağlı tədbirlərin görülməməsində ifadə olunan hərəkətsizlikdir. Bu hərəkətsizliyin hüquqazidd xarakter daşıması üçün isə müvafiq hüquqi faktın, yəni Xidmətin inzibati cərimə tətbiq etmə haqqında qərarın icrasını təmin etmək məqsədilə "xxxx" MMC-yə ünvanlanmış məktubunun sonuncuya İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi qaydada verilməsi sübuta yetirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, "xxxx" MMCnin vəzifəli şəxsi Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmir. Beləliklə, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53.2, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2953/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2953/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver