Məhkəmə qərarları › İş №3(005)-2954/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2954/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2954/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X14, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 12 sentyabr 2024-cü il tarixli Qərar qəbul etmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 12 sentyabr 2024-cü il tarixli Qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X8 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən X7, X15 və X9 2024-cü il may ayından iyul ayınadək 3 ay müddətində briqadir və usta işlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X18 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 12 sentyabr 2024-cü il tarixli Qərarın məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqanın nümayəndəsi əlavə olaraq izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3-cü maddəsinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Hazırda X3, X10 və X6 gördükləri işlər MMC-nin əsas fəaliyyət istiqamətinə aiddir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X8 izahatında göstərdi ki, Şəxs MMC barəsində qəbul edilmiş qərarla razı deyil. O, X7 ilə podrat müqaviləsi bağlayaraq işlərin görülməsini sonuncuya həvalə etmişdir və işlərin görülməsinə görə X5 ödəniş etmişdir. Buna dair elektron qaimələrdə mövcuddur. Onun prokorurluğa təqdim etdiyi məlumatlar mart-may ayına aitdir. X10 və X6 Şəxs MMC-yə heç bir aidiyyəti yoxdur və onların kimliyi şirkətə ümumiyyətlə məlum deyil. X15 və X1 İsmayıl İsmətoviçin işçiləridir. Qeyd etdiklərinin nəzərə alınaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, qohumu İsmayıl adlı şəxs ona bildirmişdir ki, Şəxs MMC-də beton işi var. O, İsmayıl ilə razılaşaraq Şəxs MMC-də işləməyə başlamışdır. İşlədiyi müddətdə ona bildirilmişdir ki, Şəxs MMC-nin işçisidir, təhlükəsizlik ləvazimatları ilə təmin edilmiş, həmçinin, Şəxs MMCnin loqosu olan jilet geyinmişdir. İsmayıl onunla birlikdə ərazidə olmuş, onun və digər işçilərin işinə nəzarət etmiş, İsmayılda Şəxs MMC-nin loqosu olan jilet geyinmişdir. O, Şəxs MMC-də 2024-cü ilin mart, aprel, may aylarında işləmiş, lakin onunla əmək müqaviləsi bağlanılmamış və ona maaşı İsmayıl vermişdir. Sonradan maaşının verilməsi gecikdirildiyi üçün onunla İsmayıl arasında narazılıqlar yaranmış, buna görə də o, maaşını Şəxs MMC-nin direktoru Aftandil Əsədovdan tələb etmişdir. Aftandil Əsədov ona bildirmişdir ki, VOEN təqdim edərsə, onunla əmək müqaviləsi bağlanacaq və yaxın zamanlarda maaşı veriləcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, onu işə İsmayıl adlı şəxs dəvət etmiş, Əsədov Aftandili isə iş başlayan gün tanımışdır. O, işlədiyi müddətdə Şəxs MMC-nin loqosu olan jilet geyinmişdir və ona bildirilmişdir ki, Şəxs MMC-nin işçisidir. Onun əmək müqaviləsi barədə heç bir məlumatı və anlayışı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 12 sentyabr 2024-cü il tarixli Qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) hüquqi ünvanı: ünvan 1 Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X13 rəis müavini Orxan Hüseynzadə tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, X15 və X6 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azerbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətində baxılır. Qeyd olunanlara əsasən müraciətə aydınlıq gətirilməsi, N.Mövludov və S.Paşazadəyə aid əmək qanunvericiliyi üzrə təsbit olunmuş göstərilən sənədlərin (Əmək müqaviləsinin surəti, işlədiyi bütün dövrlər üzrə iş vaxtının uçotu tabellərinin surət, işlədiyi bütün dövrlər üzrə əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surət (ödəniş tapşırığı, bank çıxarışı və ya bank arayışı)) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq X17 Xidmətinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət X13 rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-55351/2024 nömrəli məktubdan və ona əlavə edilmiş cədvəldən görünür ki, vətəndaşların işəgötürənlər tərəfindən əmək hüquqlarının pozulması barədə müraciətlərinə X17 Xidmətində baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən, müraciət edən şəxslərə dair lazımi sənədlərin təqdim olunması üçün sorğular ünvanlanmış, lakin bu günədək qeyd olunan Qanunun tələbləri pozularaq sorğulara cavab verməmiş işgötürənlərin siyahısında Şəxs MMC göstərilmişdir. xx.xx.2024-cü il tarixli, GKN-B1-05-24 nömrəli Podrat müqaviləsindən görünür ki, Şəxs MMC-nin direktoru X8 ilə X7 arasında 01 may 2024-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla, həmçinin, şahidlərin ifadələri ilə işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçilər ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən X7, X15 və X9 3 ay müddətində briqadir və usta işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən işçilərin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsinə dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar qəbul etmişdir. Məhkəmə, Şəxs MMC-nin direktorunun “X7 ilə podrat müqaviləsi bağlayaraq işlərin görülməsini sonuncuya həvalə etməsinə” dair gətirdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Məhkəmə, həmçinin Şəxs MMC-nin direktorunun “X10 və X6 Şəxs MMC-yə heç bir aidiyyətinin olmamasına, sonuncuların X3 işçiləri olmasına” dair gətirdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, iş üzrə şahidlər X10 və X6 məhkəmə iclasında verdikləri ifadələri ilə Şəxs MMC-nin işçilər ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Bununla da məhkəmə hesab edir ki, Şəxs MMC-nin direktorunun gətirdiyi dəlillər həqiqəti əks etdirmir və məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər

Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar