Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2964/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16-cı polis şöbəsinin sahə inspektoru, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı rayon Qaravəlli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16-cı polis şöbəsindən daxil olmuş 14 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs internet informasiya ehtiyatında və informasiya telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi inzibati xətasını törətmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16-cı polis şöbəsinin sahə inspektoru, polis mayoru X6 çıxış edərək bildirmişdir ki, Şəxs “Tiktok” sosial şəbəkəsində polis əməkdaşları barəsində paylaşım edilmiş bir videonun şərh hissəsində, polis əməkdaşlarına qarşı təhqir işlətmiş, dövlət qurumunun əməkdaşını hörmətdən salan ifadələrə yol vermişdir. Bununla da, qeyd olunan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, sözügedən protokol ilə razı deyil. “Tiktok” sosial şəbəkə platformasında həmin şərhi yazmış, lakin polisi alçaltmaq niyyəti olmamışdır. Daha sonra bununla bağlı həmin polis əməkdaşlarında da üzr istəmişdir. Törətdiyi əməldan peşmandır və bir daha bu hallara yol verməyəcəkdir. Hazırda həmin rəyi silmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: “Tiktok” sosial şəbəkə platformasından edilmiş çıxarışdan görünür ki, Şəxs polis əməkdaşı barəsində “Şərəfsiz”, “it” formalı ifadələr yazmaqla, təhqirlərə yol vermişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə Maddə 388-1. İnternet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması[511] 388-1.1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış sübutların məcmusunu – o cümlədən 14 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu, “Tiktok” sosial şəbəkəsindən çıxarışı, inzibati protokol tərtib edən şəxsin və barəsində icraat aparılan Şəxs məhkəmə istintaqı zamanı verdiyi izahatları – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin mövcudluğu təkzibedilməz dəlillərlə tam sübuta yetirilmişdir. İXM-nin 388-1.1.1-ci maddəsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə görə məsuliyyət müəyyən edir. Həmin Qanunun 13-2.3.9-cu maddəsi isə təhqir xarakteri daşıyan məlumatları birbaşa yayılması qadağan edilən informasiyalar kateqoriyasına aid edir. Beləliklə, qanunverici ictimaiyyətə açıq olan rəqəmsal platformalarda şəxslərin şərəf və ləyaqətinin alçaldılmasının yolverilməzliyini bəyan etmişdir. İnzibati xətanın obyektiv cəhəti Şəxs “Tiktok” sosial şəbəkəsi kimi qeyri-məhdud sayda istifadəçinin çıxışı olan internet informasiya ehtiyatında, polis əməkdaşlarının fəaliyyətini əks etdirən videonun şərh bölməsində nalayiq ifadələr yerləşdirməsində təzahür edir. Bu ifadələr öz lüğəvi mənasına və ümumi qəbul olunmuş əxlaq normalarına görə açıq-aşkar təhqiramiz xarakter daşıyır və şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələməyə yönəlmişdir. Əməlin ictimai məkanda törədilməsi onun ictimai təhlükəliliyini artırır. İnzibati xətanın subyektiv cəhətinə gəldikdə, Şəxs əməli birbaşa qəsdlə törətmişdir. Onun məhkəmədə “polisi alçaltmaq niyyəti olmaması” barədə iddiası onun məsuliyyətini istisna etmir. İXM-nin 13-cü maddəsinə əsasən, qəsdən törədilmiş xəta üçün şəxsin öz əməlinin hüquqazidd xarakterini dərk etməsi və bu cür hərəkətləri etməyi arzulaması kifayətdir. Şəxs istifadə etdiyi ifadələrin təhqiramiz olduğunu dərk etməyə bilməzdi və bu şərhi yazmaqla onun ictimaiyyətə açıq platformada yayılmasına şüurlu surətdə yol vermişdir. Onun sonradan peşman olması və şərhi silməsi əməlin törədilmə anında mövcud olmuş qəsdi aradan qaldırmır, lakin tənbeh təyin edilərkən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən hal kimi, məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən səmimi peşmançılığını və yazdığı şərhi silməsini nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Bununla belə, məhkəmə törədilmiş inzibati xətanın yüksək ictimai təhlükəlilik dərəcəsini xüsusi vurğulayır. Təhqir, konkret şəxslərə deyil, öz xidməti vəzifələrini yerinə yetirən və dövlət hakimiyyətini təmsil edən polis orqanının əməkdaşlarına qarşı yönəlmişdir. Bu cür hərəkətlər təkcə ayrı-ayrı fərdlərin şərəf və ləyaqətini təhqir etmir, eyni zamanda bütövlükdə dövlət institutunun, xüsusilə də ictimai asayişin və qanunçuluğun keşiyində duran hüquq-mühafizə orqanının nüfuzuna xələl gətirir, cəmiyyətdə dövlətə və onun nümayəndələrinə qarşı hörmətsizlik mühiti yaradır. İXM-nin 388-1.1.1-ci maddəsinin sanksiyası alternativ olaraq cərimə və ya inzibati həbsi nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırkı işin xüsusiyyətləri nəzərə alındıqda, cərimə tənbehinin tətbiqi İXM-nin 21-ci maddəsində göstərilən tənbehin məqsədlərinə – həm şəxsin islah olunmasına, həm də gələcəkdə bu kimi xətaların qarşısının alınmasına (həm xüsusi, həm də ümumi preventiv tədbir kimi) tam nail olmağa imkan verməyəcəkdir. İnternet məkanının anonimlik və kütləvilik illüziyası yaratdığı bir şəraitdə, dövlət hakimiyyəti nümayəndələrinin ictimai şəkildə təhqir edilməsi əməlinə qarşı yalnız maliyyə sanksiyasının tətbiqi cəzasızlıq təəssüratı yarada bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda ifadə azadlığının mütləq olmadığını və qanunla nəzərdə tutulmuş hallarda, xüsusilə də başqalarının nüfuz və hüquqlarının müdafiəsi, iğtişaşın və cinayətin qarşısının alınması məqsədilə məhdudlaşdırıla biləcəyini dəfələrlə təsdiq etmişdir. Hakimiyyət nümayəndələrinin təhqir edilməsi ifadə azadlığının hüdudlarından kənara çıxan və məsuliyyətə səbəb olan bir haldır. Bu səbəbdən, məhkəmənin qənaətinə görə, Şəxs cəmiyyətdən müvəqqəti təcrid edilməsini nəzərdə tutan inzibati həbs tənbehi, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə daha mütənasibdir və tənbehin məqsədlərinə nail olmaq üçün yeganə adekvat tədbirdir. Bu, həm onun öz əməlinin ciddiliyini tam dərk etməsinə, həm də cəmiyyətin digər üzvlərinə internet informasiya ehtiyatlarından sui-istifadənin ciddi hüquqi nəticələr doğuracağı barədə aydın bir siqnal verilməsinə xidmət edəcəkdir (ultima ratio). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 avqust 2025-ci il tarixdən, saat 19:43-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.ədrlikdən Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2964/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2964/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver