Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2978/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili "xxxx" Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 200000.00 Avro məbləğində vəsaiti 18 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 200000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X1 tərəfindən tərtib edilmiş 12 sentyabr 2024-cü il tarixli EP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs MMC 200000.00 Avro məbləğində vəsaiti 18 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 200000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini ölkəyə qaytarmamışdır. Xəta 19 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Cəmiyyətə münasibətdə təqsirləndirildiyi xüsusi normanın tətbiqi üçün məcburi elementlər mövcud olmamışdır. Tərəflər arasında bağlanılmış kontraktlara və qarşılıqlı razılaşmalara görə, Cəmiyyət hər hansı malı Azərbaycan Respublikasına idxal etmək niyyətində olmamış və valyuta vəsaitini Azərbaycan Respublikası mənbələrindən və ya başqa əvəzli şərtlərlə əldə etməmişdir. 05 avqust 2022-ci ildə Cəmiyyət və "xxxx" MMC (Belarus Respublikası) arasında bağlanılmış 1 saylı kontrakta əsasən 330000 Avro dəyərində malın FCA Sakaly k., LT-17245 Lithuania (Инкотермс2020) şərtləri ilə UAB «Evaldo Darzoves» şirkəti tərəfindən göndərilməsi, həmin tarixli Cəmiyyət və UAB «Evaldo Darzoves» arasında bağlanılmış 2 saylı kontrakta əsasən 328000 Avro dəyərində malın FCA Sakaly k., LT- 17245 Lithuania (Инкотермс2020) şərtlərinə uyğun olaraq UAB «Evaldo Darzoves» şirkətinin göndərəcəyi müəyyən olunmuşdur. Kontraktların tərəfləri daşınma vaxtına qarşılıqlı qənaət üçün razılığa gələrək birincisi, kontrakt üzrə 330000 Avro məbləğin "xxxx" MMC (Belarus Respublikası) tərəfindən Cəmiyyətə, ikincisi, 328000 Avro məbləğin isə Cəmiyyətin təchizatçı şirkət olan UAB «Evaldo Darzoves» şirkətinə ödənilməsi, malın təchizatçı UAB «Evaldo Darzoves» şirkəti (Litva) tərəfindən sonuncu mal alan "xxxx" MMC-yə (Belarus Respublikası) göndərilməsi qərara alınmışdır. Yəni faktiki olaraq Cəmiyyət iki xarici şirkət arasında eyni malın - avadanlığın əldə edilməsində vasitəçi kimi iştirak etmiş və son alıcı şirkətin onun hesabına xaricdən gəlmiş Avro vəsaitləri ilə valyuta əməliyyatı aparmış və həmin vəsaitlər hesabına əldə edilməsi nəzərdə tutulan mallar Azərbaycan Respublikası ərazisinə idxal olunmadan vəsaiti ödəyən xarici ölkə - Belarus Respublikası ərazisinə idxal olunmuşdur. Malın - kompleks avadanlığın UAB «Evaldo Darzoves» şirkəti (Litva) tərəfindən "xxxx" MMC-nin (Belarus Respublikası) ünvanına göndərilməsi və sonuncu tərəfindən qəbul edilməsi müvafiq gömrük bəyannamələri ilə təsdiq olunmuşdur. Konstitusiya Məhkəməsi ifadə etdiyi hüquqi mövqedə göstərir ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Lakin inzibati icraat üçün müraciət edən şəxsin tələsikliyə yol verərək hər hansı əsaslandırma vermədən və zəruri sənədləri təqdim etmədən adi bir məktubla inzibati icraatı aparan orqana müraciətinə baxılması və inzibati xəta haqqında protokolun tərtibi zamanı ciddi qanun pozuntularına yol verilmişdir. Xüsusilə inzibati protokolun tərtib olunması kifayət qədər uzun müddət ərzində baş versə də, barəsində protokol tərtib olunan Cəmiyyət icraat barədə məlumatlandırılmamış, icraata cəlb olunmamış, heç bir araşdırma aparılmamış, Cəmiyyətin hüquqları və vəzifələri izah olunmamış, heç bir əsaslandırma verilmədən Cəmiyyətin nümayəndəsinin və ya müdafiəçisinin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Habelə protokolun tərtib olunması zamanı vahid mal avadanlıq alınmasına baxmayaraq malın tam dəyərinin ödənilməsi vaxtı deyil, hissə-hissə ödəmələrin vaxtı hər hansı qaydaya əsaslanmadan əsas götürülmüşdür. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olduğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13002-01/58 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə müvafiq olaraq xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 200000.00 Avro məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli Şəxs MMC və "xxxx" MMC (Belarus Respublikası) arasında və Şəxs MMC və UAB «Evaldo Darzoves» arasında bağlanılmış müqavilədən və ona əlavə edilmiş cədvəllərdən görünür ki, həmin müqavilə üzrə 1 saylı kontrakta əsasən 330 000 Avro dəyərində malın FCA Sakaly k., LT-17245 Lithuania (Инкотермс2020) şərtləri ilə UAB «Evaldo Darzoves» şirkəti tərəfindən göndərilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə 2 saylı kontrakta əsasən 328 000 Avro dəyərində malın FCA Sakaly k., LT-17245 Lithuania (Инкотермс2020) şərtlərinə uyğun olaraq UAB «Evaldo Darzoves» şirkətinin göndərəcəyi müəyyən olunmuşdur. Kontraktların tərəfləri daşınma vaxtına qarşılıqlı qənaət üçün razılığa gələrək birincisi, kontrakt üzrə 330 000 Avro məbləğin "xxxx" MMC (Belarus Respublikası) tərəfindən Cəmiyyətə, ikincisi, 328 000 Avro məbləğin isə Cəmiyyətin təchizatçı şirkət olan UAB «Evaldo Darzoves» şirkətinə ödənilməsi, malın təchizatçı UAB «Evaldo Darzoves» şirkəti (Litva) tərəfindən sonuncu mal alan "xxxx" MMC-yə (Belarus Respublikası) göndərilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-yə məxsus bank çıxarışlarından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-də aparılmış əməliyyatlar həmin müqavilənin şərtlərinə uyğun yerinə yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, faktiki olaraq Şəxs MMC iki xarici şirkət arasında eyni malın avadanlığın əldə edilməsində vasitəçi kimi iştirak etmiş və son alıcı şirkətin onun hesabına xaricdən gəlmiş Avro vəsaitləri ilə valyuta əməliyyatı aparmış və həmin vəsaitlər hesabına əldə edilməsi nəzərdə tutulan mallar Azərbaycan Respublikası ərazisinə idxal olunmadan vəsaiti ödəyən xarici ölkə - Belarus Respublikası ərazisinə idxal olunmuşdur. Göründüyü kimi Şəxs MMC tərəfindən vastiəçi şirkət kimi xx.xx.2022-ci il tarixli müqavilənin şərtləri yerinə yetirilmişdir. Bu hal məhkəməyə təqdim olunmuş “Kapital Bank» ASC-yə məxsus bank çıxarışlarında öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin geri qaytarılmaması kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2978/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2978/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver