Məhkəmə qərarları › İş №3(005)-2982/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2982/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2982/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X3, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə o, “ASAN” ödəniş sistemində yerləşən elektron kabinetinə daxil olduqda adına yazılmış İXP ******* saylı inzibati təhben vermə haqqında protokol olduğunu görmüşdür. Qeyd edir ki, həmin müddətə qədər o, tərtib olunmuş protokol və verilmiş qərar barəsində heç bir formada məlumatlandırılmamışdır. Həmin protokolda guya onun xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində Azərbaycan Respublikası İXM-nin 338.1.2-ci maddəsinin tələbini pozduğu qeyd olunmuşdur. Həmin tarixdə "ASAN” ödəniş sistemi vasitəsilə protokoldan şikayət vermiş və bildirmişdir ki, protokol tərtib olunan tarixdə, qeyd olunan ərazidə o, ümumiyyətlə olmamışdır. Buna görə də onun adına protokol tərtib olunması əsassızdır. Buna görə də həmin protokolun ləğv olunmasını xahiş etmişdir. Şikayətinin üzərindən uzun müddət keçdikdən sonra ona hər hansı cavab verilmədiyini gördükdə xx.xx.2023-cü il tarixdə şikayətini eyni mətnlə yenidən ünvanlamışdır. Müəyyən vaxtdan sonra xx.xx.2023-cü ildə poçtdan ünvanına məktub daxil olmuşdur. Onun protokol tərtib olunan tarixdə həmin ərazidə olmamağına baxmayaraq AR DİN Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il məktubunda hər hansı kamera görüntüsünə baxış keçirilmədən protokolun düzgün tərtib olunduğu və YPX əməkdaşının heç bir hüquqazidd əmələ yol vermədiyi qeyd edilmişdir. Eyni zamanda protokolun əsasında verilən qərar isə ona göndərilməmişdir. Buna görə də xx.xx.2023-cü ildə DYP şöbəsinə yaxınlaşaraq qərarın surətini almaq və həmin xəta ilə əlaqəli kamera görüntülərinə baxmaq istədiyini bildirdikdə DYP əməkdaşı İXP ******* saylı protokol barəsində verilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ona təqdim etmiş lakin, hər hansı kamera görüntüsünün olmadığını bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qərar əsassızdır və qeyd olunan inzibati xəta hadisəsi olmamışdır. Odur ki, həmin qərarın qanuni əsası olmadığından ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Bu səbəblə də qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda qeyd edilən tarixdə həmin ərazidə olmamışdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X2 çıxış edərək inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətaya dair onlarda hər hansı videogörüntü və ya sübut olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.1.2-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 338.1.2-ci maddəsinə əsasən piyada tərəfindən yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X5 tərəfindən yol hərəkəti qaydalarını pozmasına görə İXM-nin 338.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2023-cü il tarixdə İXM-in 338.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. Həmçinin məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X3 10 may 2023-cü il tarixdə yol hərəkəti qaydasını pozmasına dair hər-hansı sübutun olmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 23 may 2023-cü il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.1.2-ci maddəsi ilə təqsirli bilinib 80 (iyirmi) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar