Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3002/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakları ilə, X4 Nərimanov rayonu Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov rayonu Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nərimanov rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru tərəfindən xx.xx.2024-cü il tarixli, 126536 nömrəli protokola müvafiq, İnzibati Xətalar Məcəlləsinin 165.2-ci maddəsinə əsasən barəsində içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə 300 (üş yüz) manat cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, ******* saylı “İnzibati Xəta haqqında” qərar tərtib edilmişdir. Qərar rəsmi olaraq 19 avqust 2024-cı il tarixində ona təqdim edilmişdir. Aşağıda göstərilən səbəblərə görə hesab edir ki, göstərilən “İnzibati tənbeh vermə haqqında Qərar” qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, barəsində tərtib olunmuş “İnzibati tənbeh vermə haqqında” qərarda göstərilir ki, ünvan 1 ünvanlarında içməli suyun müayinəsi aparılan zaman suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməmişdir. Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları içməli suyun nümunələrini onların əməkdaşlarının iştirakı olmadan daxili su şəbəkəsindən götürmüşlər. Bildirmək istəyir ki, daxili su şəbəkəsindəki suyun keyfiyyətinə görə “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” publik hüquqi şəxs məsuliyyət daşımır. Göründüyü kimi Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməsini yoxlayan zaman suyun haradan götürülüb yoxlanılması haqqında biliklərə sahib olmayıblar. Digər tərəfdən belə bir sual yaranır ki, içməli suyun keyfiyyətinə görə Nərimanov rayon Sukanal İdarəsinin baş mühəndisi hansı əsaslarla məsuliyyət daşıyır? O, idarənin baş mühəndisi olaraq vəzifə səlahiyyətləri mövcuddur və öz qulluq vəzifəsinin yerinə yetirilməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xəta törətməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 verdiyi şikayəti müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 çıxış edərək məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov rayonu Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 265.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 265.2-ci maddəsinə əsasən içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X6 tərəfindən içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə İXM-nin 265.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Nərimanov rayonu Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X4 İXM-in 265.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin səlahiyyətli orqan Ramiz Əliyevin səlahiyyətlərini yoxlamadan, yəni onun içməli suyun keyfiyyətinə görə məsuliyyət daşıyıb daşımaması araşdırılmadan barəsində inzibati məsuliyyətə cəlb edilməsi barədə qərara qəbul etmişdir. Məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş 16 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 265.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X4 inzibati tənbeh olunmasına dair Nərimanov rayonu Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Nərimanov rayonu Gigiyena və Epidemilogiya Mərkəzinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Nərimanov rayonu Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Nərimanov rayonu Gigiyena və Epidemilogiya Mərkəzinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3002/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3002/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver