Məhkəmə qərarları › İş №3(005)-3003/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3003/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3003/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X3 və X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 Saylı REİSİ-nin rəisi Vaqif Cavadov onun barəsində qeyd edilən qərarı qəbul edərək, onu 2000 manat cərimə etmişdir. V.Cavadovun qəbul etdiyi qərarı tamamilə əsassız və qanunsuz hesab edir. Qərarda göstərilir ki, qərarın surəti iki gün müddətində ona təqdim edilməlidir. Lakin ona qərar təqdim edilməmişdir. Qeyd edilən qərar nəinki ona təqdim edilməmiş və ümumiyyətlə belə bir qərarın qəbul edilməsindən onun məlumatı olmamışdır. Qərarda göstərilir ki, ünvan 1 ünvanında diametrləri 10 sm olan bir ədəd nar kolu, bir ədəd liqustr kolu, bir ədəd dəfnə ağacı məhv edilmişdir və bu barədə xx.xx.2022-ci il tarixində MN1201369 saylı protokolun tərtib edildiyi göstərilir. Qərarda göstərilir ki, təbiətə vurulan zərər 850 manat təşkil etmişdir. Onun tərəfindən qərarda göstərilən kolların məhv edilməsi və yaşıllığın məhv edilməsinin göstərilməsi əsassızdır. Onun tərəfindən yaşıllığın məhv edilməsi kimi hər-hansı bir hərəkət olmamışdır. Qeyd edilən ünvan hər tərəfdən hasara alınmış halda olan onun yaşadığı ünvandır. Yəni onun öz həyətidir. Qapalı olan öz həyətində yaşıllıq və ya kolların salınması, onlara qulluq edilməsi, həyətinin istifadəsindən asılı olaraq onların dəyişdirilməsi, həyətin təmizlənərək yenidən hər-hansı formada başqa kol və ya yaşıllıqların salınması ona aiddir və onun tərəfindən həyata keçirilir. Qeyd edilən kol bitkiləri ümumiyyətlə qurumuş vəziyyətdə idi və heç nəyə yaramırdı. Bundan əlavə onun qapalı həyətində hasarının içərisində qeyd edilən işlərin görülməsinin təbiətə ziyan vurulması kimi qiymətləndirilməsi düzgün deyildir. Onun qapalı həyəti ümumi istifadə üçün deyildir. Öz qapalı həyətində qeyd edilən işlərin görülməsi üçün isə kimdənsə icazə almağına zərurət yoxdur. Göründüyü kimi, V.Cavadov öz vəzifə səlahiyyətini aşaraq onun qapalı həyətində onun özü üçün gördüyü işlər barəsində tamamilə əsassız qərar qəbul etməklə qanunsuz əməl törətmişdir. Qeyd edilənlərdən göründüyü kimi, V.Cavadovun qəbul etdiyi qərar tamamilə qanunsuz və əsassız olduğuna görə ləğv edilərək onun qanuni hüquq və mənafeyi bərpa edilməlidir. Şikayət vermiş X4 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin mülkiyyət hüququnu təsdiq edən sənəd olsa da, lakin evinin qarşısında olan ərazinin mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Həmin ağaclar ona maneə olduğu üçün kəsmişdir. Qonşusu şikayət etdikdən sonra Ekologiya Nazirliyinin əməkdaşları gəlmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X6 və X5 məhkəmə iclasında çıxış edərək bildirmişlər ki, vətəndaşlar tərəfindən qanunsuz olaraq ağacların kəsilməsinə dair müraciətə baxılarkən ünvan 2 ünvanında yerləşən bir ədəd dəfnə ağacının, bir ədəd lüqüstr kollarının və bir ədəd nar ağacının qanunsuz olaraq kəsilməsi aşkar edilmişdir. Bu barədə 66306 nömrəli akt tərtib edilmişdir. Eyni zamanda X4 həmin ərazinin onun fərdi yaşayış evinə aid olması barədə sənəd təqdim edə bilməmişdir və izahatında isə ağacların ona maneə yaratması səbəbindən kəsdiyini bildirmişdir. Odur ki, verilmiş şikayət ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 AR İXM-nin 253.2-ci maddəsi ilə 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 66306 nömrəli aktdan görünür ki, 7 saylı fərdi yaşayış evinin həyətində kök üstdə, yaş halda mövcud olan bir ədəd nar, bir ədəd lüqüstr kollarının və bir ədəd dəfnə ağacının, cəmi üç ədəd, evin sahibi X4 tərəfindən kəsilməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 66306 saylı akt əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanması üçün cədvəldən görünür ki, 2 ədəd kol və 1 ədəd ağacın qanunsuz götürülməsi nəticəsində yaşıllıqlara dəymiş ziyanın ümumi məbləği 840 manat təşkil edir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci məddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki iş materialların olan sənədlərin qarşılıqlı tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X4 7 saylı fərdi yaşayış evinin həyətində kök üstdə, yaş halda mövcud olan bir ədəd nar, bir ədəd lüqüstr kollarının və bir ədəd dəfnə ağacını qanunsuz olaraq kəsmiş və daha sonra idarədə verdiyi izahatda həmin kolların və ağacın ona mane olmasını bildirmişdir. Eyni zamanda məhkəməyə həmin ərazinin ona aid olması barədə mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edə bilməmişdir. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar