Məhkəmə qərarları › İş №3(005)-3005/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3005/2021

17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3005/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X3, Müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsindən Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 17 noyabr 2021-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 16 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 noyabr 2021-ci il tarixdə, saat 15:30-da Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 1967 ünvanında yerləşən Sosial Agentliyin həyətində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmənin icraatına həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş 16 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 noyabr 2021-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 1967 ünvanında yerləşən Sosial Agentliyin həyətində xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətalarla bağlı ayrı-ayrı inzibati materiallar 17 noyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin polis sahə inspektoru X7 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək bildirdi ki, 16.11.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi postçuların xidməti fəaliyyətini yoxlamaq məqsədi ilə polis əməkdaşları tərəfindən xidmət apararkən bir nəfər şəxsin ucadan səsküy salaraq ictimai qaydanı pozması müəyyən edilmişdir. Polis əməkdaşı tərəfindən həmin şəxs intizama dəvət edilsə də, vətəndaş ictimai qaydanı pozmağa davam etmişdir. Bu zaman həmin şəxs polis şöbəsinə dəvət edilmiş, lakin vətəndaş şöbəyə gəlməkdən imtina etmişdir. Daha sonra məlum olmuşdur ki, həmin şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin inzibati binasında da səs-küy salaraq Xidmətin iş rejimini pozmuşdur. Polis əməkdaşları vətəndaşı avtomobilə mindirmək istəyən zaman o, avtomobilə zərbələr endirmiş və oradan qaçmağa cəhd etmişdir. Əməkdaşlar tərəfindən həmin şəxs idarəyə gətirilmişdir. Şöbəyə gətirildikdən sonra şəxsiyyəti müəyyən edilən Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Masazır qəsəbəsində mənzillə təmin olunmaq üçün 16.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə yaxınlaşmışdır. Daha öncə də dəfələrlə bu məsələ ilə bağlı həmin Xidmətə müraciət etmiş, lakin hər dəfə onu müxtəlif bəhanələrlə geri qaytararaq başqa tarixdə gəlməsini bildirmişlər. Hazırda Sumqayıt şəhərində dövlət tərəfindən kimsəsiz uşaqlar üçün tikilən evdə yaşayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etməsinin səbəbi həmin mənzili dəyişərək ona Masazırda yeni ev verilməsi olmuşdur. Onun başqa tələbi isə odur ki, onun evi dəyişdirilməyəcəyi təqdirdə o, Sumqayıtda, yəni evinə yaxın yerdə işlə təmin olunsun. 16.11.2021-ci il tarixdə Xidmətə yaxınlaşan zaman orada 20-25 nəfər internatda böyüyən başqa şəxslərin də olduğunu görmüşdür. Daha sonra həmin şəxslər Xidmətin inzibati binasında səs-küy salmışdır. Lakin, o, internatda böyüyən uşaqların səs-küy salmasına etiraz edərək onları sakitləşdirməyə çalışmış və bu yolla onların nəyisə tələb etmələrinin düzgün olmadığını demişdir. Yəni o, Xidmətin inzibati binasında səs-küy salmamışdır. Təqdim edilən görüntülərdən də bu aydın olur. O, Xidmətin inzibati binasında Xidmətin işçilərinə bildirmişdir ki, onların hərəkətlərindən prokurorluğa şikayət edəcəkdir. Düşünür ki, bu şikayətə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra o, polis əməkdaşları tərəfindən ayrıca otağa dəvət edilmiş və burada ona Polis İdarəsinə getməli olması bildirilmişdir. O, əvvəl getmək istəməsə də, ona söz verilmişdir ki, ona qarşı hər hansı təzyiq edilməyəcəkdir. Bundan sonra o, Polis İdarəsinə getməyə razılıq vermişdir. Onu apardıqları maşına hər hansı xəsarət yetirməmişdir, ola bilsin ki, həmin xəsarəti orada olan başqa şəxslər, yəni internatda onunla birlikdə böyüyən şəxslər yetirmişdir. Evlidir. Himayəsində iki uşağı var və arvadı hazırda hamilədir. Bütün bu halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon mühafizə idarəsinin manqa komandiri X10 izahatında göstərdi ki, 16 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin inzibati binasında bir neçə şəxsin ucadan səs-küy saldığını aşkar etmişlər. Həmin şəxsləri intizama dəvət etmişlər. Daha sonra onlardan bir nəfər, adının sonradan Şəxs olduğunu bildiyi şəxs ayrıca otaqda olarkən onu itələmişdir. Daha sonra digər polis əməkdaşları ilə birgə Şəxs şöbəyə dəvət etsələr də, sonuncu gəlmək istəməmişdir. Hətta, Şəxs avtomobilə əyləşməkdən də imtina etmişdir. Vətəndaşı avtomobilə mindirmək istəyən zaman o, qaçmağa cəhd etmiş və avtomobili zədələmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs ayrıca otaqda olan zaman səs-küy salaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin yer kamera nəzarətində olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, uşaq evində böyümüşdür. İkinci Qarabağ müharibəsində iştirak etmiş və qayıtdıqdan sonra Bakı şəhərində mənzillə təmin olunmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmişdir. Demək olar ki, hər gün həmin Xidmətə gedir. 16 noyabr 2021-ci il tarixdə kollektiv şəkildə onlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmiş və həmin gün tərəflər arasında mübahisə yaranmışdır. Mübahisə yaranan zaman Şəxs onu sakitləşdirməyə çalışmışdır. Hətta, Şəxs onu sakitləşdirməyə çalışdığı üçün ona qəzəblənmişdir. Daha sonra Şəxs ayrıca otağa keçmiş və həmin otaqda baş verənlərdən onun xəbəri olmamışdır. Tələbi odur ki, o, mənzillə təmin edilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Yasamal rayon mühafizə idarəsinin manqa komandiri X9 RPİ-nin 17-ci PŞ-nin rəhbərliyinə ünvanladığı 17 noyabr 2021-ci il tarixli raportdan görünür ki, 16.11.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi postçuların xidməti fəaliyyətini yoxlamaq məqsədi ilə polis əməkdaşları tərəfindən xidmət apararkən bir nəfər şəxsin ucadan səs-küy salaraq ictimai qaydanı pozması müəyyən edilmişdir. Polis əməkdaşı tərəfindən həmin şəxs intizama dəvət edilsə də, vətəndaş ictimai qaydanı pozmağa davam etmişdir. Bu zaman həmin şəxs polis şöbəsinə dəvət edilmiş, lakin vətəndaş şöbəyə gəlməkdən imtina etmişdir. Daha sonra mərkəzdə həmin şəxs ucadan səs-küy salmağa başlamışdır. Polis əməkdaşları vətəndaşı “Hyundai” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirmək istəyən zaman o, avtomobilə zərbələr endirmiş və oradan qaçmağa cəhd etmişdir. Əməkdaşlar tərəfindən Şəxs idarəyə gətirilmişdir. Qeyd olunanları nəzərə alaraq faktla bağlı qanuna müvafiq tədbir görülməsinə dair aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” 16 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:10-da inzibati qaydada tutulmuşdur; Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyində baş vermiş hadisənin videogörüntülərini əks etdirən “CD” diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs və təxminən 20 nəfər şəxs Xidmətin giriş qapısında dayanır, digər şəxslər Xidmətin giriş qapısına təpik və yumruq zərbələri vurur. Lakin, həmin görüntülər Şəxs tərəfindən törədilən hərəkətlərin baş verdiyi yeri əhatə etmir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özü etiraf etməsə də, inzibati xəta haqqında protokollar, şahid izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 16 noyabr 2021-ci tarixdə ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, müəssisənin iş fəaliyyətini pozmuş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 16 noyabr 2021-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. Məhkəmə həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatına dair bildirir ki, Allahverdiyev Ramazan Şəxs ayrıca otaqda olarkən hərəkətlərindən məlumatlı olmadığını bildirmişdir. Şəxs isə həmin yerdə xırda xuliqanlıq hərəkətləri edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə vəkil X11 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 16 noyabr 2021-ci il tarixdən, saat 16:10-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. X11 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar