Məhkəmə qərarları › İş №3(005)-3008/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3008/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3008/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, bir müddət öncə Nəsimi rayon icra şöbəsinə dəvət olunaraq, Nərimanov RPİ-nin 17-ci polis bölməsinin ******* nömrəli qərarı ilə 2021-ci ilin noyabr ayının 10-da 4000 (dörd min) manat cərimə edildiyi bildirilmiş və qərarın surəti ona verilmişdir. Həmin qərarın qəbul edilməsi barədə 17-ci polis bölməsi tərəfindən ona bu günədək məlumat verilməmişdir. Qeyd edir ki, pandemiya dövründə o, fiziki şəxs qismində Nərimanov rayonu ərazisində fiziki şəxs kimi icarəyə kafe işlətmişdir, vəzifəli şəxs olmamışdır. İşlədiyi dövrdə də heç bir pozuntuya da yol verməmişdir. Polis əməkdaşları işlətdiyi kafedə xx.xx.2021-ci il tarixdə olmuşlar, amma ona protokol yazmaları barədə heç məlumat verilməmişdir. Həmçinin 4000 manat cərimə edilməyi barədə ona heç bir qərar da təqdim edilməyib. Cərimə edilməyi barədə ona bir neçə gün öncə Nəsimi rayon icra şöbəsindən məlumat verilib. O, vəzifəli şəxs olmadığı təqdirdə necə ola bilər ki, vəzifəli şəxs kimi 4000 manat cərimə edilir? Hətta verilmiş qərarda imza da onun deyil. Göründüyü kimi, Nərimanov RPİ-nin 17-ci polis bölməsinin vəzifəli şəxsi ******* nömrəli 11 noyabr 2021-ci il tarixli qərarı qəbul edilərkən İXM-nin 100.1.3-cü, 100.1.4-cü, 100.1.7-ci, 100.2-ci və 101.1-ci maddələrinin tələblərini kobud surətdə pozub. Bu səbəbdən də barəsində qəbul edilmiş Nərimanov RPİ-nin 17-ci polis bölməsinin ******* nömrəli qərarının ləğvi barədə icra şöbəsindən aldığı qərardan 10 gün keçmədən Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Həmçinin, hazırki vaxtadək sözügedən inzibati qərar 17-ci PB-dən ona verilmir. İcra şöbəsindən sadəcə surətini götürmüşdür. Hətda xx.xx.2023-cü il tarixdə 17-ci polis bölməsinə ərizə ilə müraciət edib, ******* nömrəli inzibati qərarın ona təqdim edilməsini də xahiş etsə də, həmin qərar ona verilməmişdir. Qeyd olunanların nəzərə alınaraq Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİnin 17-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, xüsusi karantin rejiminin pozulması faktına görə X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, xüsusi karantin rejiminin pozulması faktına görə X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında protokolda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında protokolda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən araşdırılmalı, əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırki şəraitdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozmaqla aparılmışdır və onlara iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsində istinad oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış və X3 barəsində xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməli və Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüsal Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar