Məhkəmə qərarları › İş №3(005)-3012/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3012/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3012/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3, Zərər çəkmiş şəxslər- X4 və X5 nümayəndəsi- Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs vəkili- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-nin rəhbəri, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində MN seriyalı ******* nömrəli, 17.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-942/2019 nömrəli, 13.03.2019-cu il tarixli icra sənədinə əsasən söküntü işlərinin dayandırılmamış və icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Bununla da "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədini qərəzli olaraq icra etməmişdir. "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 17.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-942/2019-006 nömrəli,13.03.2019-cu il tarixli icra sənədinə əsasən borclu Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 55 ünvanında yerləşən və tələbkarlar X4 və X5 mülkiyyətində olan 3 mərtəbəli qeyri-yaşayış binasına hər hansı söküntü işlərinin aparılması üçüncü şəxs "xxxx" MMC və digər şəxslərə qadağan edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-942/2019-006 nömrəli, 13.03.2019-cu il tarixli icra sənədi şöbənin icraatına 19.03.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Belə ki, tələbkarın vəkili Z.Abbasov 10.11.2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək "xxxx" MMC tərəfindən əvvəl dayandırılmış söküntü işlərinin davam etdiyini bildirmiş və aparılan söküntü işlərinin dayandırılmasını xahiş etmişdir. Borclu "xxxx" MMC-nin rəhbərliyinə söküntü işlərinin dayandırılması barədə 10.11.2021-ci il tarixdə xəbərdarlıq edilmişdir. Lakin yerində baxış keçirilməsinə, xəbərdarlıq təqdim edilməsinə baxmayaraq borclu tərəf "xxxx" MMC tərəfindən söküntü işlərinin aparılması davam etdirilmiş, tələbkara məxsus bəzi tikinti sahəsinə və tələbkara məxsus bina özülünə ziyan verilmişdir. Bununla da borclu "xxxx" MMC-nin rəhbərliyi məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Son olaraq məhkəməyə fotoşəkilləri təqdim edərək qanunümuvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs vəkili X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Nərimanov rayonu, Xətai prospekti 55 ünvanda obyektdə tikinti aparılan yer MMC-nin ərazisidr. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 24.10.2016-cı il tarixli , 350 saylı sərəncamı ilə Nərimanov rayonu, Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1,706 hektar torpaq sahəsinin “Yaşayış binasının tikintisinin layihələndirilməsi üçün“ Poleks MMC-yə istifadəyə verilmiş və bu sərəncama əsasən 26.10.2016-cı il tarixli 013 saylı ayrıc aktı verilmişdir. Həmin akta əsasən tikinti-söküntü işləri aparılır və iş üzrə tələbkarların mülkiyyətində olan əraziyə heç bir qanunsuz müdaxilə edilmir. Fotoşəkillərdən də görünür ki, onlar tələbkarların ərazisinə müdaxilə etmirlər. Tələbkarlara məxsus olan obyektə arxa qapı belə açılması onların tikinti işlərinə maneə olmaq üçündür və özlərini haqlı çıxartmaq istəyirlər. Onlar qanuna uyğun öz ərazilərində tikinti-söküntü işləri aparırlar. Odur ki, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxslərin nümayəndəsi X13 bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli 329.05 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə X1 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1320 nömrəli vərəqində qeydiyyata alınmışdır və 27.02.2008-ci il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar verilib. Onlara heç bir məlumat verilmədən 3-cü şəxs "xxxx" MMC-nin əməkdaşları tərəfindən mülkiyyətlərində olan ərazini qanunsuz olaraq zəbt ediblər və hal-hazırda hasar tikərək iddiaçıların ərazilərini dairəyə alıblar. Bundan əlavə olaraq iddiaçıların binasına xidmət edən kommunikasiya xətlərini dağıdıblar. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 55 olaraq qeyd edilmiş, eyni zamanda yaşayış binasının yerləşdiyi sahəsi 0,01088 ha təşkil edən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tələbkarlarına adınadır. Foto şəkillərə baxdıqda həmin obyektin arxa qapısının açıldığı təqdirdə binanın ətrafının qazıldığını müşahidə etmək olur. Kanalizasiya xətləri zərər görüb. Məhkəmənin qərardadı olduğu halda MMC öz hərəkətlərindən əl çəkmir. Şəxs barəsində qanunümuvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-942/2019-006 nömrəli, 13.03.2019-cu il tarixli icra sənədinə əsasən borclu Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 55 ünvanında yerləşən və tələbkarlar X4 və X5 mülkiyyətində olan 3 mərtəbəli qeyri-yaşayış binasına hər hansı söküntü işlərinin aparılması üçüncü şəxs "xxxx" MMC və digər şəxslərə qadağan edilməlidir. İcra sənədi şöbənin icraatına 19.03.2021-ci il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. “Elektron İcra” İnformasiya Sisteminin vergi məlumatlarından əldə edilmiş məlumata əsasən borclu "xxxx" MMC -nin rəhbərinin Şəxs olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə qərardadı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqəsinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar