Məhkəmə qərarları › İş №3(005)-3027/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3027/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3027/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, tələbkarlar X4 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9 borclu Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 24 sentyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:00-da ünvan 1 ünvanında Şəxs MMC-dən icra sənədinin icrasının təmin edilməsi təklif olunmuş, lakin tələb təmin olunmamış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə borclu Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 2 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi Şəxs MMC-yə və digər şəxslərə qadağan edilməlidir. İcra sənədləri xx.xx.2024-cü il tarixlərdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu Şəxs MMC-nin rəhbəri A.Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərarın və bildirişin sürəti rəsmi təqdim olunmuş, həmçinin icra məmuru tərəfindən icra sənədinin icrasını təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib olunmuşdur. X1 xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Şəxs MMC tərəfindən söküntü işlərinin davam etdirilməsini qeyd etmişdir. Bununla da borclu Şəxs MMC məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 2 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi ŞəxsMMC-yə və digər şəxslərə qadağan edilmişdir. Qeyd edilən ərazidə heç bir söküntü və ya tikinti işləri aparılmamışdır. 138 və 140-cı binalarda yalnız köçürmə işləri aparılır. Hazırda tələbkarlar Şəxs MMC-yə qarşı qərəzli mövqe tuturlar. Belə ki, tələbkarlar Şəxs MMC ilə müqavilə bağlayaraq həmin ərazidən köçürülmələrini tələb etsələr də, onların tələbkarlar ilə müqavilə bağlamaq fikri yoxdur. Bundan başqa, inzibati xəta haqqında protokolda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 10:00-da ünvan 1 ünvanında Şəxs MMC-dən icra sənədinin icrasının təmin edilməsi təklif olunmuş, lakin tələb təmin olunmamış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Halbu ki, xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilən zaman onların iştirakı təmin edilməmiş, icra sənədinin icrasının təmin edilməsinə dair hər-hansı bir təklif irəli sürülməmiş, həmin tarixdə icra məmuru tərəfindən icra sənədinin icrası tələb olunmamışdır. Bu isə özlüyündə onu sübut edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 çıxış edərək bildirmişdir ki, icra sənədinə əsasən ünvan 2 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi Şəxs MMC-yə və digər şəxslərə qadağan edilsə də, hazırda qeyd edilən binanı qəzalı vəziyyətə sala biləcək işlər davam etdirilir. Onların işıq, qaz və suları mütəmadi olaraq kəsilir, kanalizasiya qapaqları tez-tez açılır, yollar yarasız vəziyyətə salınır. Bütün bunlar onların ərazidə yaşamalarını dözülməz həddə çatdırmışdır. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 çıxış edərək bildirmişdir ki, onların binası ilə söküntü işləri aparılan yataqxana arasında məsafə az olsa da, həmin yataqxanada olan sakinlər köçürüldüyü halda onlar ərazidən köçürülmür. Binanın ətrafında aparılan söküntü işləri onların gündəlik həyat şəraitlərinə mənfi təsir göstərərək, ərazidə yaşamağı dözülməz həddə çatdırmışdır. Yollar yarasız vəziyyətə salınmış, binanın ətrafında olan ağaclar yandırılan zaman tüstü onların evinin içərisinə qədər daxil olmuşdur. Hətta iki uşaq tüstüdən zəhərlənmişdir. Söküntü işləri zamanı toz-torpaqdan evdə oturmaq mümkün deyil. 05 iyun 2024-cü il tarixdən tikinti və söküntü işləri dayandırılsa da, lakin 04 iyul 2024cü il tarixdə mübahisəli ərazidə yenidən iş aparılmışdır. İşlər rəsmi qaydada dayandırılsa da, ərazidə hələ də işlər davam etdirilir. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 138-ci bina ilə 58-ci binanın aidiyyəti yoxdur. Belə ki, həmin binalar tamamilə ayrı kordinatlarda yerləşirlər. 58-ci binanın ətrafında binanı qəzalı vəziyyətə salacaq hər hansı tikinti və ya söküntü işləri aparılmır. Hazırda onun yaşadığı bina çox acınacaqlı vəziyyətdədir və həmin binada yaşayan sakinlər köçürülməli olsa da, 58-ci binanın sakinlərinin şikayətlərinə görə onlarında binasında işlər dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 digər şahid X8 izhatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs digər tələbkarlar məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(005)- 84/2024 saylı icra vərəqəsindən görünür ki, ərizənin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 2 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi Şəxs MMC-yə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(005)-84/2024 saylı icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov tərəfindən A.Nemətulla küçəsi, ev 58, mənzil 12 ünvanına yaşayan vətəndaş X5 və başqalarına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki narazılığa səbəb olmuş hallar Rahatlığın Məkanı “Gold” tikinti şirkəti rəhbərliyinin nəzərinə çatdırılmış və mövcud çatışmamazlıqların aradan qaldırılması onlardan tələb edilmişdir. Hal-hazırda həmin ərazidə söküntü və tikinti işləri aparılmır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs MMC tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs MMC-nin hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar