Məhkəmə qərarları › İş №3(005)-3030/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3030/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3030/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə MN ******* nömrəli, 06 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:50-də ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus klinikada keçirilən planlı yoxlama zamanı “Şüa Diaqnostikası” ixtisası üzrə “rentgenoloji” iş üzrə fəaliyyət aşkarlanmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X3 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2nin əməkdaşları icazə alınmaqla planlı yoxlama həyata keçirmişlər. Yoxlama zamanı lisenziyadan kənar rentgenoloji fəaliyyət aşkar edilmişdir. MMC-nin nümayəndəsi araşdırma zamanı yazılı izahat verərək inzibati xətanı etiraf etmişdir. Bundan başqa digər zəruri sənədlər tərəflərindən iş materiallarına əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X2” publik hüquqi şəxsi tərəfindən Müəssisə barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda Müəssisədə keçirilmiş planlı yoxlama zamanı “Şüa diaqnostikası” ixtisası üzrə “rentgenoloji” iş və fəaliyyət aşkarlandığı və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilmişdir. Əvvəla nəzərə alınmalıdır ki, vizioqrafdan istifadə, ümumiyyətlə, rentgenoloji fəaliyyət hesab edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi” Qaydalarının 1.3-cü bəndinə əsasən ərizəçilər yalnız bu Qaydalara əsasən xüsusi icazə aldıqdan sonra həmin xüsusi icazədə göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada məşğul ola bilərlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli, ******* №-li xüsusi icazəyə əsasən Müəssisəyə ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarını həyata keçirməyə icazə verilmişdir və icazə 3 il müddətinə qüvvədədir. Beləliklə, Müəssisənin vizioqrafdan istifadə etmək hüququ olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, xüsusi icazə inzibati aktdır. “İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 03 mart 2022-ci il tarixli, ******* №-li xüsusi icazədə vizioqrafdan istifadə edilməsinə icazə verilməsinə dair Müəssisənin etimadı qorunmalıdır. Beləliklə, inzibati xəta hadisəsi olmamışdır. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 1120 nömrəli qərarla Şəxs MMC-də planlı (növbəti) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 Özəl Tibbi Müəssisəsinin 714 nömrəli, 06 oktyabr 2023-cü il tarixli planlı (növbəti) yoxlamanın aktına əsasən, müəssisədə görülən işlər üzrə tibbi qeydiyyat sənədləri ARSN-nin təsdiq edilmiş formaları və qaydaları isə tam düzgün şəkildə icra edilmişdir. Cərrahi işə dair tibbi qeydiyyatlar yoxlamaya təqdim edilməmişdir. Tibbi statistik hesabatlar barədə təsdiqedici sənədlər təqdim edilməmişdir. Sterilizasiya sahəsində avtoklav cihazlarının və prinsipinə müvafiq təlimatları tərtib edilməmişdir. Müəssisədə paketlənmiş steril alətlərin bir qisminin üzərində müvafiq qeydlər edilmir. Əsaslı təmizlik işlərinin icrasına dair təsdiqedici sənəd yoxdur. Havalandırma sisteminə texniki qulluq barədə təsdiqedici sənəd yoxlamaya təqdim edilməmişdir. Yoxlamaya təqdim olunan "xxxx" sənədinin etibarlılıq müddəti keçmişdir. Müəssisədə rentgenoloji işlər üzrə sahə yaradılmışdır. Rentgenoloji işə aid qeydiyyat sənədləri təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdən etibarən rentgenoloji işə aid sənədlər yoxlamaya təqdim edilmişdir. Təqdim olunan işçilərin siyahısına əsasən nöqsan aşkar edilməmişdir. Müəssisədə lisenziyadan kənar “Şüa Diaqnostikası” ixtisası üzrə rentgenoloji iş və fəaliyyət aşkar edilmişdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ionlaşdırıcı şüalanma mənbələri olan qurğularla işlər respublikada mövcud olan qanunvericiliyin tələblərinə uyğun aparılır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli xüsusi icazənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarını ünvan 2 ünvanında həyata keçirməyə icazə verilmişdir. Xüsusi icazə 3 il müddətinə qüvvədədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı halda hüquqi şəxs Şəxs barəsində tərtib olunmuş yuxarıda göstərilən məlum inzibati xəta haqqında protokolda həmin MMC-də lisenziyadan kənar “Şüa Diaqnostikası” ixtisası üzrə rentgenoloji iş və fəaliyyət göstərdiyi aşkar edildiyi qeyd edilmişdir. Lakin məhkəmə iclasında təqdim edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarını ünvan 2 ünvanında 03 il müddətinə həyata keçirilməsinə icazə verilmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən əlavə öyrənilməli və yoxlanılma tələb edən hallar araşdırılmadan, həmçinin işin obyektiv, hərtərəfli baxılmasını təmin etmədən, Şəxs barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar