Məhkəmə qərarları › İş №3(005)-3038/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3038/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3038/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 388-1.1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 388-1.1.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar daxil olmuşdur. MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli, 25 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokollarda qeyd edilir ki, Şəxs X3 və X1 ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 hər iki protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xanımı tanımır və həmin şəxsə qarşı hər hansı nalayiq ifadədən istifadə etməmişdir. Sonda Şəxs başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə Nərimanov rayonunun ərazisində yerləşən geyim mağazasında reklam çəkilişi apararkən əvvəllər “Tik-Tok” sosial şəbəkəsində tanıdığı Əflatun adlı şəxs ona yaxınlaşaraq, ilk öncə uzun müddət qəribə baxışlarla ona baxmış, daha sonra isə ona qarşı nalayiq ifadələrdən istifadə etmişdir. O, Şəxs ilə barışmamış, sonuncudan şikayətçidir və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: “İnzibati qaydada tutma haqqında” 24 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 24 sentyabr 2024-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyevə ünvanlanmış 25 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin PPBX-nin polis nəfərləri Elnar Nağıyev və Elmir Ələsgərov xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Nərimanov rayonu, Təbriz küçəsində zaman bir nəfər şəxsin səs-küy yaratıdığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq ordan uzaqlaşmasını dedikdə, digər bir nəfər şəxs onlara yaxınlaşaraq həmin şəxsdən şikayətçi olduğunu və onu narahat etdiyini bildirmişdir. Həmin şəxsi avtopatrula əyləşdirərək 18-ci Polis Şöbəsinə təhvil vermişlər və məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmçinin məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirməsi faktı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında barəsində icraat aparılan şəxs tərəfindən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirməsinin nədə ifadə olunmasını müəyyən etməyə imkan verən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, Şəxs tərəfindən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən hər hansı informasiyanın yerləşdirməsini müəyyən etmək mümkün olmamışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Lakin, protokolda xətanın mahiyyəti düzgün açıqlanmamış, Azərbaycan Respublikası İXMnin 388-1.1.1-ci maddəsi ilə törədilməsi ehtimal olunan inzibati xətanın nədən ibarət olması qeyd olunmamış, sadəcə olaraq Şəxs X3 və X1 ünvanına nalayiq ifadələr işlətməsi göstərilmişdir ki, bu hal Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin dispoziyasını əhatə edir. Məhkəmə iclasında da protokol tərtib etmiş şəxs Şəxs informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirməsinin onun konkret olaraq hansı hərəkətlərində ifadə olunmasını əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi obyektiv cəhətdən informasiya-telekommunikasiya şəbəkəsində qanunsuz informasiya yerləşdirilməsi ilə ifadə olunmalı olduğu halda, hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs əməlində informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində qanunla yayılması qadağan edilən hər hansı informasiyanın yerləşdirməsi ilə müşahidə olunan hərəkətlər mövcud olmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxsin inzibati xətanı törətməsini sübut etmə yükü inzibati orqanın üzərinə düşdüyünü nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəməyə Şəxs əməlində İXM-in 388-1.1.1-ci maddəsinin tərkibinin olmasını təsdiq edə biləcək hər hansı bir sübut (şahid izahatı, hadisə yerinin video görüntüləri və s.) təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-in 8.1-ci maddəsi). Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs hərəkətləri İXM-in 388-1.1.1-ci maddəsinin tərkibini yaradan informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi kimi qiymətləndirilə bilməz. Yəni, tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs İXM-in 388- 1.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi, həbsetmənin əvvəlinin 24 sentyabr 2024-cü il tarixdən saat 20:00-dan hesablanması məqsədəmüvafiqdir. Eyni zamanda Şəxs əməlində İXM-in 388-1.1.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 61, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 7 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 24 sentyabr 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 388-1.1.1-ci maddəsinin tərkibi olmadığına görə həmin maddə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar