Məhkəmə qərarları › İş №3(005)-3039/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3039/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3039/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X8 Thabıtin, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 X1 iştirakları ilə, X8 Thabıtin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 Thabit şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi X9 Thabit şikayətini onunla əsaslandırmışdır ki, 18 iyul 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin işçisi zəng edərək onun 11 avqust 2020-ci il tarixdən, yəni 3 il əvvəldən yaşamaq icazəsi olmadan yaşadığına görə cərimə olunduğunu bildirmişdir. O, 2017-ci ildə Azərbaycana gəldikdən sonra ölkəni tərk etməsə də, müvəqqəti yaşamaqla bağlı qanunu pozmamışdır. Çünki onun əri həmin zaman Qətər Səfirliyində işləyirdi və X11 İşlər Nazirliyi vasitəsilə buna cavabdeh idi. Buna əsasən bütün əməkdaş və ailələrin 2024-cü ilin iyul ayına qədər yaşamaq üçün icazəsi var idi. Cəriməni 1 gün sonra yəni 19 iyul 2023-cü ildə müvəqqəti yaşayış icazəsi almaq ümidi ilə ödəmişdir. Bundan sonra da o, şikayət üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. X9 Thabit 15 avqust 2023-cü ildə qeyri-qanuni protokolun sənədlərini Dövlət Miqrasiya Xidmətinə təhvil vermiş, lakin onlar X8 X5 Xidmətinin müdirinə göndərilən məktuba cavab vermək üçün 2 həftə gözləməyini istəmişlər və X9 Thabit da bütün sənədləri Dövlət Miqrasiya Xidmətinin elektron poçtuna göndərmişdir. 21 avqust 2023-cü il tarixində Dövlət Miqrasiya Xidmətinin əməkdaşı zəng vurub onun yaxınlaşmağını xahiş etmiş və cərimənin ləğvi ilə bağlı yaxşı nəticələrin olacağını vəd etmiş, lakin yekunda qərar qüvvədə qalmışdır. Ona görə də o da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək başlanmış inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X9 Thabit şikayətin dəlillərinə uyğun izahat verərək xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə ona təyin edilmiş 400 manat məbləğində inzibati cəriməni ödəmişdir. Onun Azərbaycan Respublikasında yaşaması Xarici İşlər Nazirliyi Dövlət-Protokolu İdarəsinin qeydiyyat vəsiqəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibarlı olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarını müdafiə etmiş, onlarda olan məlumata əsasən X9 Thabit xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmadan qanunsuz olaraq Azərbaycan Respublikasında yaşamışdır. X9 Thabit tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən baxılması Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılmalıdır. “Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X9 Thabit xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmadan yaşadığından İXM-in 575.1.1-ci maddəsinin tələbləri pozmuşdur. Nəticədə X9 Thabit İXM-in 575.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, X9 Thabit Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında ona tətbiq edilmiş 400 manat məbləğində cəriməni ödəmişdir. İş materiallarında olan X8 Thabıta məxsus Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Dövlət-Protokolu İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən göünür ki, həmin sənəd xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibarlıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X9 Thabit tərəfindən nəzərdə tutulan inzibati xəta ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikasının 69.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. İXM-in: 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən X9 Thabit Azərbaycan Respublikasında yaşaması natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Ebrahım X6 İXM-in 575.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə Ebrahım X6 qərarda göstərilən xx.xx.2020-ci il tarixdənxx.xx.2022-ci tarixədək Azərbaycan Respublikasında qanuni yaşaması müəyyən olunmuşdur. Bu hallar yenidən araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan Ebrahım X6 İXM-in 575.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə nəticəyə gələrkən yalnız Ebrahım X6 izahatına istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X9 Thabit tərəfindən prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, ilə bağlı hər hansı hüquqlarının pozulması qənaətinə gəldiyi halda, bu mövqeyini sübutlarla əsaslandırmalı idi. Lakin qeyd edilən orqan yalnız ehtimallara əsaslanaraq X8 Thabıtı inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 3.0.13-cü maddəsinə əsasən iş icazəsi Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir; 51-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən verilir; 95.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına gəlməyin və Azərbaycan Respublikasından getməyin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olmasının, müvəqqəti və ya daimi yaşamasının və əmək fəaliyyəti ilə məşğul olmasının, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsinin bu Məcəllə ilə müəyyən edilmiş qaydalarını pozmuş fiziki və hüquqi şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X9 Thabit barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X8 Thabıtı inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X9 Thabit barəsində işə yenidən baxılması Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar