Məhkəmə qərarları › İş №3(005)-3057/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3057/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3057/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X10 oğlunun katibliyi, X4 Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 12.11.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 12.11.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ-nin 12.11.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrinin sanksiyası həddində 400 manat məbləğində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri DYPİ-nin 12.11.2021-ci il tarixli TP ******* saylı qərarı ilə razı deyildir və hesab edir ki, həmin qərar ləğv edilməlidir. Bununla bağlı qeyd edir ki, 06 iyun 2021-ci il tarixində saat 01:00 radələrində özünə məxsus olan “Mersedes Benz E-220 D minik” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sərnişin yerində əyləşməklə, özünə məxsus nəqliyyat vasitəsi X5 tərəfindən, Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə üzü mərkəzə doğru istiqamətdə idarə edilməklə hərəkətdə olduqları zaman, X13 yanından körpünün altından geri dönərək üzü Koroğlu metro stansiyasına getmək istədikdə, YPX-nin əməkdaşı ona məxsus nəqliyyat vasitəsini saxlamış və sürücüyə yaxınlaşdıqda, sürücünün qadın olduğunu gördükdən sonra ondan aşağı enməsini xahiş etmişdir. O da, sərnişin olduğundan və sürücünün yanında öndə əyləşdiyindən, nəqliyyat vasitəsinin sərnişin oturan hissəsindən aşağı enərək, YPX-nin əməkdaşına yaxınlaşmışdır. Bu vaxt YPX-nin əməkdaşı ona bildirdi ki, “nəqliyyat vasitəsini sən idarə etmisən və nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman, sən sərnişin olan xanımla yerini dəyişərək həmin xanımı sükan arxasına keçirmisən, göstərilənlərin hamısı da qeydə alınıb.” Bununla bağlı o, ondan, YPX-nin nəqliyyat vasitəsində olan patrul sistemindən çıxarışı və görüntünü tələb etmişdir. YPX-nin əməkdaşı isə görüntünü təqdim etməkdən imtina etmiş və ona hədə-qorxu gələrək bildirdi ki, əgər o, məsələni daha da dərinləşdirsə, o zaman o post patrul çağıraraq, sürücü xanımı PB-nə aparacaqlar, orada onu saxlamaqla ailə üzvlərinə məlumat verəcəklər. Xanımın PB-nə aparılmasından çəkinərək, xanımı yola salmaq qərarına gəlmiş və xanım özü BOLT xidmətindən istifadə edərək, taksi sifariş etmiş və taksi gəldikdə, xanım sükan arxasından yerə enərək həmin taksiyə minmişdir. Bu zaman taksi sürücüsü də hadisənin, yəni sükan arxasında xanımın olmasının şahidi olmuşdur. Xanım uzaqlaşdıqdan sonra onu müayinədən keçirmişlər və onun avtomaşınını Qələbə meydanı yaxınlığında olan Siqnal idarəsinin cərimə meydançasına yerləşdirmişlər. Nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirildikdən sonra, o YPX-nin əməkdaşından tərtib edilmiş inzibati protokolu tələb etdikdə, ona kobudcasına cavab verməklə, protokolu Bakı şəhəri DYP-nin 9-cu otağından növbəti günü veriləcəyini bildirdilər. Qeyd edir ki, onların danışıqları, YPX-nin əməkdaşının üzərində olan xüsusi cihazla qeydə alınırdı və o da həmin qeydlərin silinməməsini, onların hərəkətindən şikayət verəcəyini bildirmişdir. Həmin günü saat təxminən 11-12 radələrində o,, Bakı şəhəri DYPİ-nə sürücülük vəsiqəsini təhvil verərək, nəqliyyat vasitənin cərimə meydançasından götürülməsinə icazə verilməsi ilə bağlı arayış almışdır. Hadisə baş verdikdən bir ay müddət keçməsinə və həmin vaxt sürücülük vəsiqəm qaytarılmasına baxmayaraq, o, elektron qaydada Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nə şikayət edərək, hadisə yerinin üzərində quraşdırılmış TŞ 6-091 nömrəli kameranın görüntülərinin götürülərək arxivləşdirilməsini, həmçinin nəqliyyat vasitəmi saxlayan YPX- nin əməkdaşının idarə etdiyi xüsusi nəqliyyat vasitəsində quraşdırılmış patrulda olan görüntülərin götürülməsini, həmçinin YPX-nin əməkdaşının üzərində olan cihaza danışıqların qeydə alınmasına dair səs yazmasının götürülərək ona təqdim edilməsi və eyni zamanda onların arxivləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.8-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. Onun müraciətlərinə baxmayaraq, heç bir araşdırma aparılmırdı, sürücülük vəsiqəsi ona qaytarılmırdı və sonda ona bildirilmişdir ki, sürücülük vəsiqəsinin qaytarılması üçün barəsində qərar qəbul ediləcək və o zaman vəsiqəsi ona qaytarıla bilər. Bir neçə ay keçdikdən sonra, onun şəxsi kabinetinə məlumat gəldi ki, məhkəmə tərəfindən barəsində olan inzibati protokol geri qaytarılmış, sonradan protokola düzəlişlər edilərək yenidən baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə təkrar olaraq protokolu geri qaytarmışdır. Onun sürücülük vəsiqəsi qaytarılmırdı və çıxılmaz vəziyyətdə qalaraq, sürücülük vəsiqəsinin qaytarılması üçün Bakı şəhər DYPİ-nə gedib onlara bildirmişdir ki, “Nə qərar qəbul edirsinizsə edin, onsuzda mən sizin qərardan şikayət edəcəm”. 12.11.2021-ci ildə Bakı şəhər DYP-nin inzibati binasında 9-cu otaqda ona qərar təqdim edilmiş və həmin qərarda o, qərarla razı olmadığını və ondan şikayət edəcəyini göstərərək özünə məxsus sürücülük vəsiqəsini geri almışdır. Nəticə etibarı ilə, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməməsinə baxmayaraq, Bakı şəhər DYPİ-nin əməkdaşı əsassız olaraq onu məsuliyyətə cəlb etmişdir. İlk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə. digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, işə baxan vəzifəli şəxs qanunun bu tələblərini, həmçinin onun tələb etdiyi xüsusi texniki vasitələrin göstəricilərini tələb etmədən, işi araşdırmadan barəmdə qanunsuz qərar qəbul etmişdir. Bakı şəhəri DYPİ-nin 12.11.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarında da göstərildiyi kimi, YPX-nin əməkdaşı ona məxsus (Ülviyə Daşdəmirova tərəfindən idarə edilən) ** GA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 06.06.2021-ci il tarixində saxlamış və həmin tarixdə inzibati protokol tərtib edilmişdir. Vəzifəli şəxs 12.11.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinin tələblərini hansı əsasla pozmasını, yəni protokolun tərtib edilməsindən 5 (beş) ay keçdikdən sonra, barəmdə inzibati məsuliyyətə cəlb olunmam haqqında qərar qəbul etməsini özünün qəbul etdiyi qərarında əsaslandırmamışdır. Göründüyü kimi, vəzifəli şəxs barəsində qərar qəbul etdiyi zaman, prosessual qanun pozuntularına yol vermiş, inzibati xətaya dair hadisənin olub-olmamasını araşdırmamış, xüsusi texniki vasitələr-cihazlardan görüntü və səs yazılarını götürmədən, törətmədiyi əmələ görə onu cərimə etmiş və nəticədə, hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Halbuki, işə baxan vəzifəli şəxs etdiyim müraciətlərdə göstərdiyim halları araşdırsaydı, o zaman istinad etdiyim sübutları nəzərə almaqla iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilərdi. Şikayət vermiş şəxs X9 17 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək vermiş olduğu şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilərək dindirilmiş və Ramil Mirzəyev barəsində protokol tərtib etmiş Bakı şəhər DYPİ-nin Yol Patrul xidməti inspektoru polis sıravisi X8 izahatında göstərmişdir ki, xidmətdə olduqları zaman 06.06.2021-ci il tarixdə Mercedes Benz E 220D minik markalı avtomobilin sürücüsünün təhlükəsizlik kəməri istifadə etmədən avtomobili idarə etməsini görüb, avtomobilin sürücüsünə saxla əmri vermişlər. Buna baxmayaraq sürücü polisin saxla əmrinə dərhal tabe olmayıb bir qədər uzaq məsafədə avtomobilini saxlamışdır. Avtomobilə yaxınlaşdıqda görmüşlər ki, avtomobildə sükan arxasında nəqliyyat vasitəsini Ramil Mirzəyev deyil bir xanım əyləşmişdir. Halbuki, nəqliyyat vasitəsinin sürücüsünə saxla əmri verilərkən avtomobili Ramil Mirzəyev idarə etmişdir. Vətəndaşa qanun pozuntusu etdiyi izah edilmişdir. Buna baxmayaraq o, dəfələrlə avtomobili özünün idarə etmədiyini xanımın sükan arxasında əyləşdiyini bildirmişdir. Daha sonra həmin vətəndaşın sərxoş vəziyyətdə olduğunu hiss etmişlər və avtomobili duracağa yerləşdirmişlər və Ramil Mirzəyevin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün onu tibb məntəqəsinə aparmışlar. Müəyyən olunmuşdur ki, onda alkoqol sərxoşluq vəziyyətindədir. Daha sonra onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYP-ə bilavasitə tabe olan olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru polis baş leytenantı X3 şahid qismində dindirilmiş X8 ilə eyni məzmunlu izahat vermişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 06 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 06.06.2021-ci il tarixdə saat 01:00-da “MERCEDES BENZ E220D” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ramil Mirzəyev təhlükəsizlik kəmərini bağlamadığına görə saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, o avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 06.06.2021-ci il tarixli aktdan görünür ki, X6 alkoqol qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 12.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X9 06.06.2021-ci il tarixdə “MERCEDES BENZ E220D” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ramil Mirzəyev təhlükəsizlik kəmərini bağlamadığına görə saxlanılmış, daha sonra müəyyən edilmişdir ki, o, nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 06.06.2021-ci il tarixli aktdan görünür ki, X6 zəif dərəcədə ağzından alkoqol iyi gəlir, sərxoşluğun qalıq əlaməti var. Alkoqolun miqdarı 0,330 faizdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə iclasında müəyyən edildi ki, X9 06.06.2021-ci il tarixdə saat 01:00-da “MERCEDES BENZ E220D” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadığına görə saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, o avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, polis əməkdaşı 06.06.2021-ci il tarixdə öz xidməti vəzifələrini icra edərkən “MERCEDES BENZ E220D” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün təhlükəsizlik kəmərini bağlamadan istifadə etməsini görüb pozuntuya yol vermiş sürücüyə (Ramil Mirzəyevə) saxla əmri vermişdir. Qeyd olunmalıdır ki, polis əməkdaşı ilə həmin nəqliyyat vasitəsində olmuş vətəndaşlarla heç bir tanışlığı və ya qohumluq əlaqəsi olmamışdır. Həmin nəqliyyat vasitəsi polisin saxla əmri verilməsi ilə dərhal deyil, Heydər Əliyev prospekti ilə bir qədər irəliyə gedərək saxlamış və polis əməkdaşı avtomobilə yaxınlaşarkən sürücü ilə sərnişinin yer dəyişdiyini, R.Mirzəyevin sərnişin oturacağında əyləşdiyini görmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 12.11.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar