Məhkəmə qərarları › İş №3(005)-3060/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3060/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3060/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səfərov Rafael Sahib oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlbəndov Rəşad Şəmşir oğlunun iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 128, mənzil 30 ünvanında qeydiyyatda olan Əlbəndov Rəşad Şəmşir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Əlbəndov Rəşad Şəmşir oğlu barəsində İXM-in 529.1-ci maddəsi ilə 12 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əlbəndov Rəşad Şəmşir oğlundan xx.xx.2020-ci il tarixdə saat 09:45 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozduğuna görə barəsində 100 manat məbləğində cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarın icra edilməsi tələb olunmuş, lakin o, inzibati cəriməni ödəməmişdir. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən verilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Əlbəndov Rəşad Şəmşir oğlundan cəmi 100 manat məbləğində inzibati cərimə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Əlbəndov Rəşad Şəmşir oğlunun ünvanına bildiriş göndərilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar bildirişlə birlikdə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada borclu tərəfindən qəbul edilmişdir. İcra sənədini könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına hər-hansı əmlak və ya gəlirlər aşkar edilməmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə borclunun qeydiyyat ünvanında olan zaman tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcludan xx.xx.2020-ci il tarixdə izahat alınmış, borcludan inzibati cərimənin ödənilməsi tələb olunmuş, borclu izahatında işləmədiyini, cəriməni maddi imkansızlığından ödəyə bilmədiyini, işlə təmin olunduqdan sonra inzibati cəriməni ödəyəcəyini izahatında qeyd etmişdir. Bununla da borclu Əlbəndov Rəşad Şəmşir oğlu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Səfərov Rafael Sahib oğlu tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirdi ki, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra vərəqəsində göstərilən məbləğdən ödəniş etməmişdir. Bu səbəbdən Əlbəndov Rəşad Şəmşir oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Əlbəndov Rəşad Şəmşir oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlbəndov Rəşad Şəmşir oğlu bildirdi ki, maddi imkanı çox aşağıdır. Halhazırda heç bir yerdə işləmir. Qərəzli olaraq ödənişdən yayınmır, iş tapıb işləyən kimi cəriməni ödəyəcəkdir. Son olaraq sadalananları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə rəisi Süleymanov Faiq Çoban oğlu tərəfindən tərtib edilmiş 29 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əlbəndov Rəşad Şəmşir oğlu 29 iyun 2020-ci il tarixdə saat 09:45-də F.X.Xoyski 148 ünvanında müvafiq icazə olmadan yaşayış yerini tərk etməklə karantin rejimini pozmuşdur; İnzibati tənbeh vermə haqqında 29 iyun 2020-ci il tarixli qərardan görünür ki, Əlbəndov Rəşad Şəmşir oğlu İXM-in 211-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir; İcraata başlamaq haqqında 22 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin 29 iyun 2020-ci il tarixli, MN ******* nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icra olunması barədə bildiriş borclu Əlbəndov Rəşad Şəmşir oğluna göndərilmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində borclu icra sənədini icra etmədiyindən borclu İcra və Probasiya şöbəsinə dəvət edilərək ondan izahat alınmış, icra sənədinin icra edilməsi tələb olunmuşdur. İXM-in 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Əlbəndov Rəşad Şəmşir oğlu səlahiyyətli orqanın 29 iyun 2020-ci il tarixli icra sənədinin icrasını 3 aydan artıq müddət ərzində təmin etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, toplanmış sübutlarla Əlbəndov Rəşad Şəmşir oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İXM-in 529.1-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əlbəndov Rəşad Şəmşir oğlu İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əlbəndov Rəşad Şəmşir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar