Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3065/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22976989 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22976989 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə avtomobili ilə Ziya Bünyadov prospektində avtobus zolağına keçmək üçün icazə verilmiş saatda hərəkət etmiş, bu zaman 500 metr qarşıda digər avtobus nişanını görmüş və dərhal sola dönmə işığını yandırmışdır. Lakin, həmin zaman yerdə qırıq xətt olmadığından avtobus zolağını tərk etmək mümkün olmamışdır. Bu zaman polis əməkdaşı onun barəsində 100 manat cərimə yazmışdır. Qeyd etdiklərini nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 22976989 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22976989 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 12:36-da “MERCEDES BENZ 240” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 01 ədəd diskə baxış zamanı müəyyən olunmuşdur ki, törədilməsi ehtimal olunan inzibati xətaya görə qərar qəbul edilmiş mübahisəli ərazidə saat 07:00 – 10:00, 17:00-20:00 aralıqları istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmişdir. Qeyd olunan yolda hərəkətin davamında isə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına giriş qadağandır yol nişanı olsa da, lakin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olmağa icazə verilmiş saatda, yəni saat 12:36-da “MERCEDES BENZ 240” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Z.X2 adlanan hissədə hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə də, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində EQ 22976989 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22976989 saylı, xx.xx.2024cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22976989 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3065/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3065/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver