Məhkəmə qərarları › İş №3(005)-3071/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3071/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3071/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi üzrə tərtib olunmuş 04 oktyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, hüquqi şəxs Şəxs tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 3931,03 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edirlər. İlk 3 gömrük bəyannaməsi üzrə (xx.xx.2023-cü il tarixli **********9129 nömrəli, xx.xx.2023-cü il tarixli **********9144 nömrəli, xx.xx.2023-cü il tarixli **********9204 nömrəli gömrük bəyannamələri) həyata keçirilən ixrac əməliyyatları Şəxs MMC ilə ООО «Ритейл Импорт» (Rusiya Federasiyası) arasında bağlanmış Rim15358/22 nömrəli 27 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həyata keçirilmişdir. Həmin müqaviləyə müvafiq olaraq, “MET-AK" MMC satıcı, ООО «Ритейл Импорт» isə alıcı qismində çıxış edir. Sözügedən müqavilənin 8-ci fəsli tərəflər arasında yaranan alqı-satqı münasibətləri çərçivəsində pretenziyaların göndərilməsi qaydalarını və şərtlərini tənzimləyir. Belə ki, müqavilənin 8.1-ci bəndinə müvafiq olaraq, Alıcının malın keyfiyyətinə və kəmiyyətinə dair Satıcıya qarşı pretenziya irəli sürmək hüququ göstərilmişdir, 8.4-cü bəndində isə Satıcının pretenziyanı qəbul etdiyi tarixdən 5 (beş) iş günü müddətində baxaraq imtina olunnması və ya qəbul edilməsi və müqaviləyə əlavə olunmuş formada nəzərdə tutulan “Kredit-nota”nı təsdiqləyərək Alıcıya göndərilməsi öhdəliyi nəzərdə tutulmuşdur. “Kredit-nota”da Alıcının keyfiyyətsiz, natamam çatdırılmış malların alqısına, daşınmasına, gömrük rəsmiləşdirilməsinə çəkilmiş xərclər, həmin malların alınması ilə bağlı təsdiq olunmuş digər xərclər, həmçinin müqavilənin 8.7-ci bəndində nəzərdə tutulmuş cərimə tədbirləri öz əksini tapır. Həmin müqavilənin 8.6-cı bəndinə müvafiq olaraq, Alıcının seçimi əsasında pretenziyalarda və ya Kredit-notalarda nəzərdə tutulmuş tələblərin məbləği: 1) Alıcının müqavilə əsasında müvafiq sifarişlər üzrə çatdırılmış malların müqabilində Satıcıya ödəməli olduğu məbləğlərdən çıxılmaqla, və ya 2) pul vəsaitlərinin Alıcının bank hesabına köçürmə yolu ilə ödənilir. Bundan əlavə, müqavilənin 8.7-ci bəndinə əsasən, malların çatdırılmaması, sifarişdə nəzərdə tutulan miqdardan az miqdarda çatdırılması, keyfiyyətsiz malların çatdırılması və ya sifarişdə nəzərdə tutulan şərtlərə uyğun olmayan (o cümlədən, lakin bununla məhdudlaşdırılmadan, malların çeşidi və səciyyəvi xüsusiyyətlərinə münasibətdə) malların çatdırılması hallarında, Satıcı bununla bağlı Alıcıya vurulmuş zərərin, o cümlədən artıq ödənilmiş gömrük xərcləri, sığortaya görə əlavə, faktiki olaraq çatdırılmamış malların daşınmasına çəkilmiş xərclərin əvəzini ödəyir. Satıcı vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı Alıcıya natamam çatdırılmış (keyfiyyətsiz, sifarişin şərtlərinə uyğun olmayan) malların dəyərinin, əgər sifarişlərdə daha artıq nəzərdə tutulmamışdırsa, 5% (beş faizi) məbləğində cərimə ödəyir. Cərimələrin və zərərin əvəzinin məbləği Alıcının pretenziyalarının məbləğinin hesablanması zamanı nəzərə alınır. Müqavilənin tərkib hissəsi sayılan “Əlavə №3” sözügedən Kredit-notanın formasını nəzərdə tutur. Alıcı ООО «Ритейл Импорт» tərəfindən 03 saylı invoys əsasında qəbul edilmiş “Alma” məhsulları üzrə zay və natamam çatdırılma hallarının aşkar olunması ilə bağlı 26.01,2023-cü il tarixli Rİ4-23-000882 nömrəli pretenziya göndərilmiş, həmin pretenziyaya müvafiq olaraq 571,58 USD (beş yüz yetmiş bir dollar, 58 sent) məbləğində Kredit-nota hazırlanmış, "MET-AK” MMC tərəfindən təsdiq edilmişdir; 01 saylı invoys əsasında qəbul edilmiş "Alma” məhsulları üzrə zay və natamam çatdırılma halları aşkar olunması ilə bağlı xx.xx.2023-cü il tarixli Rİ4-23-001629 nömrəli pretenziya göndərilmiş, həmin pretenziyaya müvafiq olaraq 541,58 USD (beş yüz qırx bir dollar, 58 sent) məbləğində Kredit-nota hazırlanmış, "MET-AK” MMC tərəfindən təsdiq edilmişdir və 02 saylı invoys əsasında qəbul edilmiş "Alma” məhsulları üzrə zay malların çatdırılması hallarının aşkar olunması ilə bağlı xx.xx.2023-cü il tarixli Rİ4-23- 001633 nömrəli pretenziya göndərilmiş, həmin pretenziyaya müvafiq olaraq 976,01 USD (doqquz yüz yetmiş altı dollar, 01 sent) məbləğində Kredit-nota hazırlanmış, Şəxs MMC tərəfindən təsdiq edilmişdir. Belə ki, 26.01,2023-cü il tarixli Rİ4-23-000882 nömrəli pretenziya və onun əsasında tərtib olunmuş Kredit-nota üzrə tutulmuş 571,58 USD (beş yüz yetmiş bir dollar, 58 sent) məbləğində pul vəsaiti müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********9129 nömrəli gömrük bəyannaməsi əsasında köçürülməli olan məbləğdən, xx.xx.2023-cü il tarixli Rİ4-23-001629 nömrəli pretenziya və onun əsasında tərtib olunmuş Kredit-nota üzrə tutulmuş 541,58 USD (beş yüz qırx bir dollar, 58 sent) məbləğində pul vəsaiti müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********9144 nömrəli gömrük bəyannaməsi əsasında köçürülməli olan məbləğdən və xx.xx.2023-cü il tarixli Rİ4-23- 001633 nömrəli pretenziya və onun əsasında tərtib olunmuş Kredit-nota üzrə tutulmuş 976,01 USD (doqquz yüz yetmiş altı dollar, 01 sent) məbləğində pul vəsaiti müvafiq olaraq xx.xx.2023cü il tarixli **********9204 nömrəli gömrük bəyannaməsi əsasında köçürülməli olan məbləğdən tutulmuşdur. Bundan əlavə, tərəflər arasında bağlanmış Rim15358/22 nömrəli 27 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinin tərkib hissəsi sayılan «Приложение №5» (Əlavə №5) müvafiq olaraq, Satıcı Alıcının müəyyən olunmuş dövr ərzində nail olduğu alqı-satqı dövriyyəsinə görə Alıcıya mükafat (premiya) ödəməyi öhdəsinə götürür. Mükafatın hesablanması və ödənilməsi qaydası və şərtləri həmin Əlavə ilə tənzimlənir. Belə ki, sözügedən şərtlərə müvafiq olaraq, tərəflər arasında xx.xx.2023-cü İİ tarixli **********3 nömrəli «Акт выплаты премии» ("Mükafat ödənilməsi aktı”) razılaşdırılmış ki, həmin Akta əsasən 01,02.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində Alıcının nail olduğu alqı-satqı dövriyyəsinə görə Satıcı Alıcıya 1.740,59 USD (min yeddi yüz qırx dollar, 59 sent) məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğ Alıcı tərəfindən müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********9129 nömrəli gömrük bəyannaməsi əsasında köçürülməli olan məbləğdən tutulmuşdur. Beləliklə, yuxarıda göstərilən 3 pretenziya məktubu və onların əsasında tərtib olunmuş Kreditnotalara müvafiq olaraq 2.089,17 ABŞ dolları (iki min səksən doqquz dollar, 17 sent), «Акт выплаты премии» (“Mükafat ödənilməsi aktı”) əsasən isə 1.740,59 USD (min yeddi yüz qırx dollar, 59 sent), ümumilikdə 3.829,76 (üç min səkkiz yüz iyirmi doqquz dollar, 76 sent) məbləğində pul vəsaiti Alıcı tərəfindən göstərilən gömrük bəyannamələri üzrə satıcı Şəxs MMC-yə ödənilməli olan məbləğlərdən tutulmuşdur. Bundan əlavə, “MET-AK" MMC tərəfindən Rim15358/22’nömrəli 27 aprel 2022-ci il tarixli və GT/000040/23 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri əsasında malların ixracı müqabilində ödənilmiş pul vəsaitlərindən, həmin müqavilələrin şərtlərinə müvafiq olaraq bankkorrespondent tərəfindən 3 dəfə, müvafiq olaraq iki dəfə 47 ABŞ dolları (qırx yeddi) və bir dəfə 7 ABŞ dolları (yeddi) məbləğində pul vəsaitləri bank komissiyası olaraq Şəxs MMCyə ödənilməli olan pul vəsaitlərindən tutulmuşdur. Beləliklə, sözügedən məbləğin "MET- AK” MMC-nin AR-da olan müvəkkil bank hesabına köçürülməməsi müqavilə münasibətləri çərçivəsində, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində və təsdiqlənmiş sənədlər əsasında, eləcə də müvafiq köçürmə əməliyyatlarını icra edən korrespondent bankın komissiyası olaraq tutulduqdan həyata keçirilməmişdir. Belə olan halda, Şəxs MMC tərəfindən gömrük qaydaları əleyhinə hər hansı hüquqpozmaya yol verilməmiş, sözügedən inzibati xətanın tərkibi yaranmamışdır. Göstərilənlərə əsasən, müvafiq sənədləri məhkəməyə təqdim edib MMC-nin barəsində aparılan inzibati iş icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş 04 oktyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 3931,03 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilən məbləğin "MET-AK” MMC-nin AR-da olan müvəkkil bank hesabına köçürülməməsi müqavilə münasibətləri çərçivəsində, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində və təsdiqlənmiş sənədlər əsasında, eləcə də müvafiq köçürmə əməliyyatlarını icra edən korrespondent bankın komissiyası olaraq tutulduqdan həyata keçirilməmişdir. Məhkəmə bu halın tərəflər arasında bağlanılmış müqavilələrdən asılı olaraq baş verməsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-55, 105, 114-118,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar