Məhkəmə qərarları › İş №3(005)-3077/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3077/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3077/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs –X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-dən daxil olmuş 17 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində ünvan 2 ünvanında X4 döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis sahə inspektoru X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs X4 döyməsi faktı üzrə araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozduğundan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material və onun əsasında qəbul edilmiş 17 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, borcları olduğu üçün sıxıntıları var. Qəşəm avtomobilini hərəkətə gətirib getmək istəmiş və o, avtomobilin sol tərəfinə yəni sürücü tərəfinə yaxınlaşıb avtomobilin açarını çıxartmaq və avtomobili dayandırmaq istəmişdir. Bu zaman sağ əlini geri qaytaran zaman Qəşəmə toxunmuşdur. Bundan sonra Qəşəm yenidən avtomobilini hərəkətə gətirib oradan uzaqlaşmışıdr. Əməlindən peşmandır. Sonda məhkəmədən barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X6 çıxış edərək bildirmişdir ki, Şamillə o birgə işləmişlər. Daha sonra Şamil bütün müəssisələrini satmışdır və bu zaman onun vergi borcları ortaya çıxmışdır. Həmin gün Şamil ondan borc pul istəmişdir. O, öz növbəsində borc verməkdən imtina etmiş və avtomobilinə əyləşmək üçün avtomobilə doğru getmişdir. Bu zaman Şamil ona avtomobildə söhbət etməyi təklif etmişdir. O, avtomobilinə əyləşmiş və avtomobilinin qapıları avtomatik kilidlənmişdir. Avtomobilində pəncərə açıq olmuşdur. Şamil pəncərədən onu vuraraq qaçmışdır. Hazırda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 19:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 oktyabr 2023-cü il tarixdən saat 19:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən, saat 19:10-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar