Məhkəmə qərarları › İş №3(005)-3081/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3081/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3081/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1982-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonunun Xıdırlı kəndində qeydiyyatda olan Abdullayev Xalid Cahid oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Məmmədov Orxan Kamal oğlunun 08 oktyabr 2020-ci il tarixli qərarından və 07 noyabr 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abdullayev Xalid Cahid oğlu xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində etibarnamə olmadan idarə etdiyi 2007-ci il buraxılışlı “Toyota Prius” markalı **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü İ.Həsənoğlu küçəsi istiqamətində sağ zolaqda təxminən 50 km sürətlə hərəkətdə olarkən irəlidə sol zolaqda hərəkətdə olan markasını və nömrəsini xatırlamadığı avtomobilin sürücüsü bir qədər sürətini azaldaraq qarşısından yolu soldan sağa keçən piyadaya yol vermiş, o, hərəkət zolağına daxil olan həmin piyadanı vurmuş, nəticədə piyada yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Abdullayev Xalid Cahid oğlu tərəfindən İXM-in 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdullayev Xalid Cahid oğlu məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə zərərçəkmiş şəxs Abiyev Allahverdi Yunus oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixdə saat 18:50-də ƏŞPA-nın 1-ci PB-nin əməkdaşı Nərimanov RPİ-nə məlumat verərək, 1960-cı il təvəllüdlü Abiyev Allahverdi Yunus oğlunun F.X.Xoyski küçəsində piyada qismində yolu keçərkən Toyota markalı 99 TV 682 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq xəsarət aldığını bildirmişdir. Daxil olmuş məlumat xarakterli raport xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin “Cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabında HK-1/604 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılmasından ötrü təhqiqatçı Orxan Məmmədovun icraatına daxil olmuşdur; 2/7249 nömrəli,10 sentyabr 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktı”ndan görünür ki, Abdullayev Xalid Cahid oğlu həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 3 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş AC 556885 nömrəli, 07 noyabr 2018-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Abdullayev Xalid Cahid oğlu BC kateqoriyalı sürücüdür; 03 iyul 2019-cu il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Şükürov Tural Qərib oğlu mülkiyyətində olan “Toyota Prius” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücülük hüququ olduqda idarə etmək və sair səlahiyyətlərini 03 iyul 2020-ci il tarixədək Abdullayev Xalid Cahid oğluna etibar etmişdir; Təhqiqat araşdırması zamanı Abiyev Allahverdi Yunus oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən avtomobil yolunu 5 saylı ŞKX-nin inzibati binasının qarşısından əks istiqamətə tərəf (üzü Talassemiya xəstəxanası istiqamətində) keçərkən, yolun əsas hissəsini keçib artıq yolu tamamlamaq üzrə olduğu zaman qeyd olunan küçə ilə üzü Həsənoğlu küçəsi istiqamətində hərəkətdə olan Toyota Prius markalı 99 TV 682 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi tərəfindən vurulmuşdur. Hadisədən dərhal sonra sürücü avtomobili saxlayıb yerə enmiş və ona yaxınlaşaraq hər hansı bir xəsarət alıb-almadığını soruşmuşdur. O, ciddi bir xəsarət almadığını bildirsə də, həmin zaman yaxınlıqda xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşaraq hadisə yerində dayanıb təhqiqatçının gəlməsini gözləmələrini xahiş etmişlər. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş təhqiqatçı Orxan Məmmədov ilkin sənədləşdirmə apararaq araşdırmaya başlamışdır. Əlavə suallara cavab olaraq MTE-dən keçmək istədiyini, lakin sürücü barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 26 sentyabr 2020-ci il tarixli, 663 saylı rəyindən görünür ki, Abiyev Allahverdi Yunus oğlunda aşkar edilmiş xəsarətlər - sağ saidin nahiyyələrinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaraları, alın və sağ təpə nahiyyəsinin yumşaq toxumalarının şişkinli halında əzilməsi-sıyrıqları, sol və sağ saidin sıyrıqları, sağ ayağın yumşaq toxumasının şişkinlik halında əzilməsi-qançırı - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsinə qeyd olunan xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Abdullayev Xalid Cahid oğlunun barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Abdullayev Xalid Cahid oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-878 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, zərərçəkmiş şəxsin şikayətinin olmamasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdullayev Xalid Cahid oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Abdullayev Xalid Cahid oğlu İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abdullayev Xalid Cahid oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar