Məhkəmə qərarları › İş №3(005)-3099/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3099/2020

25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3099/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “MİDL İST PETROLİUM FZE” MMC-nin nümayəndəsi Quliyev Elşad Mail oğlunun iştirakı ilə, “MİDL İST PETROLİUM FZE” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 02 noyabr 2020-ci il tarixli, 13000-1005/20 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Türkmənistan Respublikasından “AGB Energy Limited” (UK) şirkətinin ünvanına göndərilən 1.842.248 kq hidrotəmizlənmiş dizel yanacağı malı (xx.xx.2020-ci il tarixli 020/UT3 saylı:021/UT3 yük manifesti üzrə) ilə yüklü “Monolit Petroleum” tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən “Dübəndi” gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikaşının ərazisində daşıyıcısı olan “Midl İst Petrolium Fze” (VÖEN: **********) şirkəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında şirkətin anbarına yerləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 1.842.248 kq hidrotəmizlənmiş dizel yanacağı “Midl İst Petrolium Fze” şirkəti tərəfindən heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, “Midl ist Petrolium Fze” şirkəti tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 (dörd) ay pozulmuşdur. Nəticədə “MİDL İST PETROLİUM FZE” MMC tərəfindən İXM-in 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Bununla da “MİDL İST PETROLİUM FZE” MMC barəsində İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “MİDL İST PETROLİUM FZE” MMC-nin nümayəndəsi Quliyev Elşad Mail oğlu izahatında göstərdi ki, şirkətin ünvanına xx.xx.2020-ci il tarixdə Türkmənistan Respublikasından hidrotəmizlənmiş dizel yanacağı malı gətirilmişdir. Həmin mal 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Saxlanc müddətinin başa çatmasına baxmayaraq “MİDL İST PETROLİUM FZE” MMC tərəfindən malların rəsmiləşdirilməsi üçün müraciət olunmamışdır. Yekunda barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 oktyabr 2020-ci il tarixli raportdan görünür ki, Türkmənistan Respublikasından xx.xx.2020-ci il tarixdə “AGB Energy Limited “(UK) şirkətinin ünvanına göndərilən 1.842.248 kq. hidrotəmizlənmiş dizel yanacağı malı (xx.xx.2020ci il tarixli 020/UT3,021/UT3 saylı yük manifestləri üzrə) ilə yüklü “Monolit Petroleum” tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən “Dübəndi” gömrük postuna daxil olmuşdur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 1.842.248 kq. hidrotəmizlənmiş dizel yanacağı malı heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, “Midl İst Petrolium FZE” şirkəti tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 (dörd ay) pozulmuşdur. Göstərilənləri nəzərə alaraq müvafiq tədbir görülməsi xahiş olunmuşdur; 18 yanvar 2020-ci il tarixli aktdan görünür ki, Türkmənistandan tranzit gömrük rejimində daxil olmuş Hidrotəmizlənmiş dizel yanacağı malı deklarant M.E.P. tərəfindən bəyannamələşdirilməsi başa çatana qədər 4 ay müddətə Dübəndi terminalının 45 saylı rezervuarında müvəqqəti saxlanca verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “MİDL İST PETROLİUM FZE” MMC tərəfindən ölkə ərazisinə idxal olunmuş mallar 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin həmin müddət başa çatdıqdan sonra mallar heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, “MİDL İST PETROLİUM FZE” MMC İXM-in 496.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır; 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “MİDL İST PETROLİUM FZE” MMC-nin nümayəndəsinin törətdikləri inzibati xətanı etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında “MİDL İST PETROLİUM FZE” MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “MİDL İST PETROLİUM FZE” MMC İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “MİDL İST PETROLİUM FZE” MMC İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar