Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-310/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, 05.01.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, 05.01.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16 noyabr 2021-ci il tarixində səhər saatlarında ünvan 1 ünvanında yerləşən “ALTUS” oteldə olan zaman polis əməkdaşları həmin otelə gəldilər sonradan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin sahə inspektoru X3 olduğunu öyrəndiyi əməkdaş karantin rejimini pozduğumu bildirərək, barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə 16.11.2021-ci il tarixli EXP № ******* saylı İnzibati xəta haqqında protokol (bundan sonra protokol) tərtib etmişdir. O, heç bir pozuntuya yol vermədiyini bildirərək protokolu imzalamaqdan imtina etmişdir. Daha sonra protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında 05 yanvar 2022-ci il tarixli EPQ № ******* nömrəli qərar (bundan sonra qərar) çıxarılıb və 3.000 (üç min) manat məbləğində cərimələnmişdir. Həm protokolu, həm də protokol əsasında çıxarılmış qərar qanunsuz və əsassız olduğundan həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, 05.01.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş 16.11.2021-ci il tarixli, EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 16.11.2021-ci il tarixdə, Əhməd Rəcəbli küçəsi, 2/16 ünvanında yerləşən Altus Otelində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş 05.01.2022-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X5 oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək sonuncunun hüquqlarını pozmuşdur. Eyni zamanda məhkəmə iclasında araşdırılan sübutlarla X1 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, 05.01.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, 05.01.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-310/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-310/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver