Məhkəmə qərarları › İş №3(005)-3105/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3105/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3105/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Quliyev Ramiz Mübariz oğlunun, Tələbkar Heydərova Çinarə Rəhim qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Heydərov İdrak Vaqif oğlunun və onun müdafiəçisi Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili İbrahimov Nail Nadir oğlunun iştirakları ilə, xx.xx.1982-ci Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş qeydiyyatda olan Heydərov İdrak Vaqif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Quliyev Ramiz Mübariz oğlu tərəfindən Heydərov İdrak Vaqif oğlu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Heydərov İdrak Vaqif oğlu Zəngilan Rayon Məhkəməsinin 2(034)-422/2017 saylı, 08 avqust 2017-ci il tarixli icra sənədini icra etməmişdir. Bununla da, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı 0391293 nömrəli, 17 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-422/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq 16 sentyabr 2009-cu il təvəllüdlü Heydərov Elman İdrak oğlunun və 24 iyun 2011-ci il təvəllüdlü Heydərova Nərmin İdrak qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay borclu Heydərov İdrak Vaqif oğlundan cəmi 200 (iki yüz) manat miqdarında aliment tutularaq tələbkar Heydərova Çinarə Rəhim qızına ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraata başlanılmış və tələbin könüllü icrası barədə qərar və bildiriş borcluya göndərilmiş, lakin tələbkara olan borcun ödənilməsi təmin edilməmişdir. Borcluya ayrı-ayrı vaxtlarda dəfələrlə xəbərdarlıq edilsə də, müxtəlif vaxtlarda izahatı alınsa da, tələbkara aliment olan borcunu ödənilməsini təmin etməmişdir. Bundan başqa elektron icra sisteminin məlumatından da müəyyən edilir ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak mövcud deyildir. Tələbkar şöbəyə müraciət edərək borclunun ona 1670 manat ödənilməmiş aliment borcunun olduğunu bildirərək Şəxs barəsində inzibati protokol tərtib edilməsini və baxılması üçün məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Quliyev Ramiz Mübariz oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun olaraq izahat verərək Heydərov İdrak Vaqif oğlunun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Heydərova Çinarə Rəhim qızı Heydərov İdrak Vaqif oğlundan şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydərov İdrak Vaqif oğlu özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hazırki pandemiya şəraiti və karantin rejimi ilə əlaqədar borcunu ödəyə bilmir. Sonuncu dəfə bu ilin noyabr ayında 100 (yüz) manat məbləğində ödəniş etmişdir. Yekunda 1 ay müddətində borcunu ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili İbrahimov Nail Nadir oğlu Heydərov İdrak Vaqif oğlunun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Zəngilan Rayon Məhkəməsinin 2(034)-422/2017 saylı, 08 avqust 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, 26 sentyabr 2009-cu il tarixdə doğulan Heydərov Elman İdrak oğlunun və 24 iyun 2011-ci il tarixdə doğulan Heydərova Nərmin İdrak qızının saxlanması üçün 15 mart 2017-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay cavabdeh Heydərov İdrak Vaqif oğlundan 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat miqdarında aliment tutularaq iddiaçı Heydərova Çinarə Rəhim qızma ödənilməlidir; “İcraata başlamaq haqqında” 25 aprel 2018-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında xx/xx-239729-6 nömrəli bildirişin surətindən görünür ki, borclu Heydərov İdrak Vaqif oğluna icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Zəngilan Rayon Məhkəməsinin 2(034)-422/2017 saylı, 08 avqust 2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Heydərov İdrak Vaqif oğlu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq Zəngilan Rayon Məhkəməsinin 2(034)-422/2017 saylı, 08 avqust 2017-ci il tarixli icra sənədini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Heydərov İdrak Vaqif oğlunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Heydərov İdrak Vaqif oğlu icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Heydərov İdrak Vaqif oğlunun törətdiyi xətanı etiraf etməsini əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Heydərov İdrak Vaqif oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydərov İdrak Vaqif oğlunun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların müəyyən edilməməsini, icra olunması tələb olunan öhdəliyin yetkinlik yaşına çatmayan uşaqlar üçün ödənilməsi ilə aliment tələbi ilə bağlı olduğunu, tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Heydərov İdrak Vaqif oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Heydərov İdrak Vaqif oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Heydərov İdrak Vaqif oğlunun məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili İbrahimov Nail Nadir oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil İbrahimov Nail Nadir oğlu tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Heydərov İdrak Vaqif oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili İbrahimov Nail Nadir oğluna məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Heydərov İdrak Vaqif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 17 noyabr 2020-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. İbrahimov Nail Nadir oğlu tərəfindən Heydərov İdrak Vaqif oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar