Məhkəmə qərarları › İş №3(005)-3105/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3105/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3105/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 11 saylı RETSİ) 16 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. 11 saylı RETSİ-nin 16 avqust 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz və əsassızdır, aşağıdakı qeyd olunan səbəblərdən ləğv edilməli, əməldə inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Qərar xx.xx.2024-cü il tarixində poçt vasitəsilə X6 təqdim edilmişdir. Səlahiyyətli orqan (vəzifəli şəxsin) mövqeyi: xx.xx.2024cü il tarixində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Xal-Xal’’ restoranının ətraf ərazilərində atmosferə atılan zərərli maddələrin miqdarının yol verilən hədd normasından artıq olmuşdur. xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Xal-xal” restoranında ümumiyyətlə, manqaldan istifadə olunmamışdır ki, ətraf mühitə zərərli maddələr atmış olsun. 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən həmin tarixdə (xx.xx.2024-cü il) nə “Xal-Xal” restoranına, nə də ki restoranda mövcud olan manqala və təmizləyici qurğuya baxış keçirilməyib (həmin tarixdə X8 ümumiyyətlə Bakı şəhərində olmamış və restoran fəaliyyət göstərməmişdir). 11 saylı RETSİ-nin 16 avqust 2024-cü il tarixli ******* nömrəli protokolunda zərərli maddələrin normativlərdən artıq olması hər hansı bir xüsusi texniki vasitə ilə aşkar olunmayıb, bununla bağlı İdarə əməkdaşları “Xal-Xal” kafesində heç bir araşdırma aparmayıb, qeyd olunanları təsdiq edəcək akt (sənəd) onun iştirakı ilə tərtib olunmayıb və onun tərəfindən imzalanmayıb, normativlərin nədən ibarət və normadan artıq olması heç nə ilə müəyyən olunmur. Guya həmin vaxt qaz-toz tutucu qurğuya baxış keçirilmişdir və qurğunun təmizlənməməsi müəyyənləşmiş, bundan əlavə atmosfer havasına atılan zərərli qaz qarışıqların təyin etmək məqsədilə iaşə obyektinin fəaliyyətdə olduğu zaman obyektin ətraf ərazilərində səyyar Bosean cihazı vasitəsilə ölçmə-analiz işləri aparılmış və bu nəticə ətraf mühit üçün yol verilən qatılıq həddindən yüksək olmuşdur”. Həmin vaxt restoranda mövcud olan nə qurğu, nə də ki manqala baxış keçirilməyib və həmin vaxt kafedə manqal fəaliyyətdə olmamışdır (manqal işləməmişdir). 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən imzalanmış aktda da qeyd olunmuşdur ki, obyektin fəaliyyətdə olduğu müddət ərzində obyektin ətraf ərazilərində ölçmə işləri aparılmış və nəticələrə əsasən atmosferə atılan zərərli qazın miqdarı ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. Göründüyü kimi, ETSN-nin əməkdaşlarının özləri də təsdiq edir ki, həmin vaxt restoranın manqalı yox, restoranın özü fəaliyyətdə olmuşdur və ölçmə-monitorinq işləri Xal-xal restoranında deyil, onun ətraf ərazilərində aparılmışdır. Restoranın ətraf ərazilərində (ətraf əraziləri dedikdə nə nəzərdə tutulur məlum deyil) aparılmış monitorinq heç bir halda onların restoranına aid ediilə bilməz, restoranın ətraf ərazilərində havada zərərli maddələrin çox olmasının kafeyə heç bi aidiyyəti yoxdur. Belə ki, həmin vaxt restorana məxsus manqal işləməmiş, eyni zamanda həmin ünvanda (kafenin yan-yörəsində) şoxlu sayda iaşə obyektləri, restoranlar fəaliyyət göstərir. ETSN əməkdaşları havada olan zərərli maddələrin başqa restorana deyil, məhz “Xal-xal” kafesinə aid olduğunu necə müəyyən etmişlər? “Xal-xal” iaşə obyekti kiçik bir kafedir, restoran tipli deyil kafe kimi fəaliyyət göstərir, lakin buna baxmayaraq kafedə ekoloji standartlara və normalara tam cavab verən təmizləyici qurğu quraşdırılmış və mütəmadi olaraq qurğuya texniki xidmət həyata keçirilir, tez-tez filterləri təmizlənir və və ya lazım gəldikdə dəyişdirilərək yenisi ilə əvəz olunur. Qeyd olunanlar onu sübut edir ki, ETSN əməkdaşları heç bir araşdırma aparmamış, tərtib olunmuş bütün sənədlər formal olaraq əsassız tərtib edilmiş və əməkdaşların ümumiyyətlə “monitoriq və ya ölçmə” anlayışından məlumatı yoxdur. 11 saylı RETSİ tərəfindən barəmdə tərtib olunmuş protokol, akt və ya qərarda isə ümumiyyətlə atmosfer havasına zərərli maddələrin hansı mənbədən (manqal, təndir və s) atıldığı belə müəyyən olunmayıb və həmin tullantıların nədən yarandığı bilinmir. ETSN-nin 2 əməkdaşı tərəfindən öz aralarında formal olaraq tərtib edilərək imzalanmış aktda qeyd Həmin vaxt monitorinq işləri restoranın məsul şəxsinin (yəni onun) iştirakı ilə aparılmalı idi, lakin X4 iddia olunan monitorinqdən (ölçmə işlərindən) xəbəri yoxdur və ümumiyyətlə o həmin vaxt Bakı şəhərində olmamış (aktda ETSN əməkdaşları bunu təsdiq etmşlər). Həmin şəxslər özləri aktda qeyd etmişlər ki o həmin vaxt Bakı şəhərində olmamış, iddia edirlər ki, guya həmin vaxt monitorinq onun oğlunun iştirakı aparılmış, lakin tamamilə yalan məlumatdır. Belə ki, onun oğlu həmin vaxt kafedə olmamış, həmin şəxsin kimliyi (adı, soyadı və s) müəyyən deyil, həmin şəxsin monitorinq ölçmə işlərində iştirakı hər hansı bir sübutla (fotoşəkil, videogörüntü və s) təsdiq edilmir. X1 və ya oğlu həmin monitorinq və ya ölçmə işlərində iştirak etməmiş, çünki həmin monitorinq kafedə deyil, kənarda (restoranın ətraf ərazilərində) aparılmışdır. ETSN-nin əməkdaşları həmin vaxt qurğuya hansı formada baxış keçirmiş, qurğunun təmizlənmədiyi necə müəyyyən edilmiş və ya təmizlənməsi neçə həyata keçirilməli idi? Qurğuya baxış keçrilməsi və ya qurğunun təmizlənmədiyi nə ilə sübut edilir? Bu halları təsdiq edəcək hər hansı bir sübut (foto, video və s) ETSN əməkdaşlarında mövcuddurmu? Varsa həmin sübutlar təqdim edilsin. Ümumiyyətlə kafedə monitorinq keçirilməsi, barəmdə protokolun tərtib olunaraq cərimə olunmağından xx.xx.2024cü il tarixdə məktub daxil olduqda xəbər tutmuşdur. Belə ki, 05 avqust 2024-cü il tarixində (protokolun tərtib olunduğu tarixdə) o ümumiyyətlə Bakı şəhərində olmamış, 11 saylı RETSİ-nin hər hansı bir əməkdaşı ilə görüşməmiş, idarə əməkdaşları tərəfindən bu barədə ona hər hansı bir məlumat verilməmiş, iştirakıla protokol tərtib olunmamış, o protokola imza etməmiş, həmin protokolun surəti ona təqdim edilməmiş, hüquq və vəzifələrin ona izah olunmamış, ümumiyyətlə qanunvericilikdə nəzərdə tuttulmuş bütün hüquqlarım pozulmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yol verilmiş digər digər bir qanunsuzluq isə ondan ibarətdir ki, inzibati xəta haqqında iş üzrə icraata başlamaq üçün əsas (səbəb) olmadığı halda, əsassız iddialar əsasında barəsində qanunsuz protokol yazılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Beləki, Nazirlik əməkdaşları (X14 Monitorinq İdarəsinin məktubunda) tərəfindən qeyd olunmuşdur ki, monitorinq (ölçmə işləri) ETSN-nin tapşırığına əsasən aparılmışdır ki, bu da qanunvericiliyin kobud şəkildə pozulmasıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanununun tələblərinə əsasən ölkədə sahibkarlıq sahəsində aparılan bütün növ yoxlamalar dayandırılmışdır və “Nazirliyin” tapşırığı heç bir halda yoxlamanın aparılması üşün əsas ola bilməz. Göründüyü kimi protokol və digər iş materialları tamamilə əsassızdır, qərarın qəbul olunmasına əsas olan həmin protokolun nə vaxt, kim tərəfindən, harada və niyə tərtib olunması ilə bağlı məlumatı yoxdur və bu əsasla da protokol və onun əsasında qəbul olunmuş qərarı tamamilə qanunsuz və əsassızdır. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən protokol tərtib olunarkən İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri kobud formada pozulmuşdur. İnzibati xəta haqqında protokol mənim iştirakımla tərtib olunmamış, bu barədə heç bir məlumat verilməmiş, protokol imzalanması üçün təqdim olunmamış, hüquq və vəzifələri ona bildirilməmiş, izahat vermək və qanunvericilikdə nəzərdə tutulmuş digər hüququlardan istifadə etmək imkanı yaradılmamış, protokolun surəti ona təqdim olunmamışdır. Ümumiyyətlə, həmin protokol İdarə əməkdaşları tərəfindən heç bir araşdırma aparılmadan formal olaraq tərtib olunmuşdur. “Xal-xal” kafesi faəliyyət göstərdiyi müddət ərzində kafedə milli mətbəxə məxsus yeməklərin bişirilməsi və satışı ilə məşğul olunmuşdur və həmin xörəklər də elektrik sobasında bişirilmişdir (heç bir manqal və ya təndirdən istifadə olunmur, kafedə mövcud olan manqal işlək vəziyyətdə olmamasına baxmayaraq qurğu quraşdırılmışdır ). 11 saylı RETSİ tərəfindən barəsində tərtib olunmuş protokol və qərarda isə ümumiyyətlə atmosfer havasına zərərli maddələrin hansı mənbədən (manqal, təndir və s) atıldığı belə müəyyən olunmayıb. Göründüyü kimi ETSN tərəfindən heç bir araşdırma aparılmadan, “Xal-xal” kafesində manqalın həmin vaxt fəaliyyət göstərib-göstərmədiyi araşdırılmadan qərəzli olaraq barəsində protokol tərtib olunaraq, qanunsuz cərimə tətbiq olunmuşdur. Qərarda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixində inzibati xəta aşkar olunmuş və 05 avqust 2024-ci il tarixində (10 gün sonra) protokol tərtib olunmuşdur. Bununla bağlı qeyd edir ki, əgər inzibati xəta həqiqətən də 26 iyul 2024-cü il tarixində aşkar olunmuşdursa, hansı səbəblərdən inzibati xəta haqqında protokol 05 avqust tarixində tərtib olunmuşdur. Qərarın qəbul edilməsi kobud pozuntularla müşayiət olunmuşdur. Həmin qərarda konkret deyil ümumi normalara istinad olunmuşdur və qərarın nə vaxt və hansı şəbədən barəsində qəbul olunması ilə bağlı heç bir məlumatı olmamışdır. Qərar qəbul olunarkən ona məlumat verilməmiş və onun iştirakı ilə baxılmamış və qanunvericilikdə nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X8 barəsində tərtib olunmuş MN ******* saylı 16 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayət vermiş şəxs X8 məhkəmə iclasında şikayəti müdafiə edərək bildirmişdir ki, barəsində tərtib olunmuş MN ******* saylı 16 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. X8 həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında bildirmişdir ki, əməkdaşlar tərəfindən axşam saatlarında əraziyə baxış keçirilmişdir. Onlar “Xal-xal” restoranına daxil olmamışlar. Həmçinin ətrafda fəaliyyət göstərən başqa restoran və kafelər də var idi. Eyni zamanda orada yolu asfaltlayırdılar. Vətəndaş şikayətindən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ərizə yazıldıqdan sonra əməkdaşlar “Xal-xal” restoranına daxil oldular. “Xal-xal” restoranında tüstü borusunda sanitariya şirkəti tərəfindən təmizləmə işləri aparılırmışdır. Hər şey norma daxilində idi və heç bir pozuntu aşkar edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək X8 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X4 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, iş üzrə ictaata xitam verilməli, qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi X9 tərəfindən tərtib olunan 05 avqust 2024-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında fəaliyyət göstərən “Xal-Xal” restoranında atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yolverilən hədd normalarından artıq olması müəyyən edilmişdir. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati protokol əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərara əsasən X8 İXM-in 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və 2500 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3105/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsiilə cərimə olunmasına Bakı şəhəri 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və iş yenidən baxılması üçün həmin orqana göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, X4 Bakı şəhəri 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinin qismən təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 3(005)-3105/2024 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 izahatında “Xal-xal” restoranında tüstü borusunda sanitariya şirkəti tərəfindən təmizləmə işlərinin aparıldığını və əməkdaşlar tərəfindən keçirilmiş yoxlama zamanı hər hansı bir pozuntunun aşkar edilmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında fəaliyyət göstərən “Xal-Xal” restoranında atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yolverilən hədd normalarından artıq olması müəyyən edilməmişdir. Belə ki, atmosferə atılan zərərli maddələrin yaranma mənbəyi “Xalxal” restoranından qaynaqlanması faktı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aşkarlanmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi X4 barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı formal mülahizələrə və ehtimallara əsaslanaraq qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, X4 barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X4 barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar