Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3107/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs – X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixdə saat 15:37-də idarə etdiyi **-HR-*** dövlət nişanlı Peugeot 308 avtomobilimə aid qayda pozuntusu ilə bağlı asanpay sms vasitəsi ilə telefonuma xəbərdarlıq almışdır. Protokolla tanış olmaq üçün asan kabinetinə daxil olmuş və görmüşdür ki, protokol kobud şəkildə və prosessual qaydaların pozulması ilə tərtib olunub. Belə ki, qayda pozuntusunun videogörüntüləri qeydə alınmayıb və şəkillərdə avtomobilin nömrəsi aydın görsənmir. Qanunla müəyyən olunmuş vaxt ərzində BDYP idarəsinə müraciət etsə də, onlardan cavab almamışdır və xx.xx.2024 tarixdə dəbbə pulun hesablanması ilə bağlı sms almışdır. Məsələni araşdırmaq üçün BDYP idarəsinə baş çəkmiş, orada bildirmişlər ki, müraciəti BŞDYP-dədir, orada isə bildirdilər ki müraciəti Nərimanov DYP-yə göndərilib. xx.xx.2024 tarixdə Nərimanov DYP-in inzibati işlər üzrə inspektor qayda pozuntusunun videogörüntülərin olmamasını bildirib, gətirdiyi dəlilləri qəbul etməyib və nəticədə onlardan xx.xx.2024 tarixdə çap olunmuş qərarı əldə edərək məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şikayət vermiş X2 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki iş materiallarına əlavə edilmiş fotoşəklə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, X2 25 iyul 2024-cü il tarixdə saat 15:33-də idarə etdiyi “Peugeot 308” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospekti, Excelsior hotelin qarşısında hərəkətdə olarkən yol nişanının tələblərinə riayət etməmiş və nişanlama xəttinin üzərindən keçərək yolun hərəkət istiqamətində digər zolağına daxil olmuşdur. Beləliklə də o, yol nişanlarının tələblərinə riayət etməmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3107/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3107/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver