Məhkəmə qərarları › İş №3(005)-312/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-312/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-312/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 22 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 36000.00 ABŞ dolları məbləğində vəsaiti 07 yanvar 2022-ci il tarixdə xaricə köçürmüş və ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də 36000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 08 yanvar 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixində Şəxs MMC tərəfindən 36000.00 ABŞ dolları məbləğində vəsait xaricə köçürülmüşdür. 06 yanvar 2022-ci ildə Şəxs MMC ilə "xxxx" Şirkəti arasında üçüncü növ taxılın göndərilməsi ilə bağlı 0106/2022 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən ilkin olaraq 36000.00 ABŞ dolları məbləğində vəsait hesabına taxıl məhsulunun gəmiyə daşınması nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə 96110 nömrəli invoysa əsasən qeyd olunan vəsait OOO “Brilko”nun hesabına köçürülmüşdür. Daha sonra taxıl məhsullarına olan qiymətlərin artırılması ilə əlaqədar tərəflər arasında olan müqaviləyə xitam verilmiş və Şəxs MMC qeyd olunan 36000.00 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması ilə bağlı OOO “Brilko”ya müraciət etmişdir. Bugünki günədək OOO “Brilko” tərəfindən 5784,03 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-yə qaytarılmışdır. Yerdə qalan 30215,97 ABŞ dolları məbləğində vəsaitin Şəxs MMC-yə qaytarılması xahiş olunmuş, lakin həmin məbləğ onlara qaytarılmamışdır. Bununla əlaqədar Rusiya Federasiyası Moskva Şəhəri Savelovski Rayon X10 şikayət ərizəsi ilə müraciət olunmuş, hal-hazırda həmin şöbədə faktla bağlı cinayət işi başlanmış və araşdırma aparılır. Bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, həqiqətən də qeyd olunan məsələ ilə bağlı Rusiya Federasiyası Moskva Şəhəri Savelovski Rayon X7 başlanılmış cinayət işi üzrə araşdırma aparılır. Yəni qeyd olunan vəsaitin ölkəyə qaytarılmaması Şəxs MMC-nin təqsiri ucbatından deyil. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 10 yanvar 2024-cü il tarixli, 4-29/74-24 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC 36000.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş Şəxs MMC tərəfindən OOO “Brilko”ya ünvanlanmış 05 mart 2022-ci il tarixli məktubdan görünür ki, 06 yanvar 2022-ci ildə Şəxs MMC ilə "xxxx" Şirkəti arasında üçüncü növ taxılın göndərilməsilə bağlı 0106/2022 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən ilkin olaraq 36000 ABŞ dolları məbləğində vəsait hesabına taxıl məhsulunun gəmiyə daşınması nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə 96110 nömrəli invoysa əsasən qeyd olunan vəsait OOO “Brilko”nun hesabına köçürülmüşdür. Daha sonra taxıl məhsullarına olan qiymətlərin artırılması ilə əlaqədar tərəflər arasında olan müqaviləyə xitam verildiyindən Şəxs MMC qeyd olunan 36000 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması ilə bağlı OOO “Brilko”ya müraciət etmişdir. Bugünki günədək OOO “Brilko” tərəfindən 5784,03 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-yə qaytarılmışdır. Yerdə qalan 30215,97 ABŞ dolları məbləğində vəsaitin qeyd olunan hesaba qaytarılması xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyası Moskva Şəhəri Savelovski Rayon X8 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin Şöbədə istintaqı aparılan **********9000219 nömrəli cinayət işi üzrə icraat xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası Cinayət-Prosesual Məcəlləsinin 208-ci maddəsinin 1-ci bəndinin 1-ci hissəsinə əsasən dayandırılmışdır. Həmin şöbənin İstintaq orqanının rəhbəri E.A.Pujaylonun xx.xx.2023-cü il tarixli qərarına əsasən “Cinayət işi üzrə icraatın təzələnməsi barədə” qərar qəbul edilmişdir. Onları maraqlandıran bütün suallar ilə bağlı müstəntiq X5 müraciət edilə bilinməsi qeyd olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” 02 may 2006-cı il tarixli Rusiya Federasiyasının Federal Qanununa əsasən onların həmin qərardan Rusiya Federasiyasının Qanunlarına əsasən şikayətlə inzibati və ya məhkəmə qaydasında müraciət edə bilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd olunur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən 36000.00 ABŞ dolları məbləğində vəsaitin xx.xx.2022-ci il tarixdə xaricə köçürüldüyü və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal edilmədiyi, valyuta vəsaitinin geri qaytarılmadığı müəyyən olunmuşdur. Lakin bu hal tamamilə üzrlü səbəbdən baş vermişdir. Belə ki, taxıl məhsullarına olan qiymətlərin artırılması ilə əlaqədar Şəxs MMC və "xxxx" Şirkəti arasında olan müqaviləyə xitam verildiyindən Şəxs MMC qeyd olunan 36000 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması ilə bağlı OOO “Brilko”ya müraciət etmişdir. OOO “Brilko” tərəfindən 5784,03 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-yə qaytarılmışdır. Yerdə qalan 30215,97 ABŞ dolları məbləğində vəsaitin qeyd olunan qaytarılması xahiş olunmuşdur. Lakin həmin məbləğ Şəxs MMC-yə qaytarılmamışdır. Bununla əlaqədar Şəxs MMC tərəfindən Rusiya Federasiyası Moskva Şəhəri Savelovski Rayon X10 şikayət ərizəsi ilə müraciət olunmuş, hal-hazırda həmin şöbədə faktla bağlı cinayət işi başlanmış və araşdırma aparılır. Yəni, qanunvericiliyin tələbi pozulmuş olsa belə bu pozuntu subyektiv xarakter daşımır və şəxsin iradəsindən asılı olmayan səbəbdən baş vermişdir. Şəxs isə qanun pozuntusunun baş verməsinə səbəb olan halların aradan qaldırılması üçün zəruri addımlar atmışdır. Bu hal Rusiya Federasiyası Moskva Şəhəri Savelovski Rayon X8 xx.xx.2023-cü il tarixli məktubu ilə sübut olunur. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun geri qaytarılması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMCbarəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib edilmiş EP seriyalı ******* nömrəli, 22 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar