Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3120/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs “Azərbaycan Milli Antidopinq Agentliyi” X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, “Azərbaycan Milli Antidopinq Agentliyi” X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Azərbaycan Milli Antidopinq Agentliyi” X4 10459.39 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10459.39 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs “Azərbaycan Milli Antidopinq Agentliyi” X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz edərək bildirmişdir ki, Agentlik barəsində protokol tərtib olunarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə riayət olunmamaqla qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokola nəzər yetirdikdə həmin hissənin boş olduğunu görmək olur. Yəni Agentliyin nümayəndəsinə hüquq və vəzifələri izah edilməmişdir. İXM-nın 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Tərtib olunmuş protokolun surəti Agentliyə təqdim olunmamışdır. İXM-nın 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun "imza” hissəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin imzası yoxdur, eləcə də maddəyə uyğun olaraq imzalamaqdan imtina etməsi barədə qeyd yoxdur. İXM-nın 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xətanın törədilməsi faktının aşkar edilməsi vaxtı "Unibank” ASC tərəfindən sənədlərin təqdim olunduğu vaxtdır. Adiçəkilən bank tərəfindən Mərkəzi Banka xx.xx.2024-cü il tarixində sənədlər göndərilmişdir. Həmin tarixin üzərindən 1 aydan çox vaxt keçdikdən sonra xx.xx.2024-cü il tarixində protokol tərtib olunmuşdur. İXM-ya əsasən inzibati araşdırma aparılmadığı təqdirdə ən geci 2 gün müddətində inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Zərurət olduqda inzibati araşdırma aparılan işlərin dairəsi İXM-nın 102-ci maddəsində qeyd olunmuşdur. Bu işlərə sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1 -ci, 371 -1 -ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlər aiddir. Agentlik barəsində tərtib olunmuş protokolda nəzərdə tutulmuş İXM-nın 430.4-cü maddəsində nəzərdə tutulan xəta iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalardan biri olduğuna və inzibati araşdırılmanın aparılmasına ehtiyac olan yuxarıda sadalanan xətalara aid olmadığından, eyni zamanda inzibati araşdırmanın aparılması barədə qərardad qəbul edilməməsi protokolun xətanı aşkar etdikdən dərhal sonra tərtibini şərtləndirsə də, protokol qanunvericilikdə nəzərdə tutulmuş müddətdə tərtib olunmamışdır. İXM-nın 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli və hüquqi şəxslərin məsuliyyətini nəzərdə tutur. Protokolda da qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixində Agentliyin "Unibank” ASC-dəki hesabından SBS X3-un bank hesabına 10.459,39 (on min dörd yüz əlli doqquz dollar otuz doqquz sent) dollar pul vəsaiti avans şəklində qabaqcadan köçürülmüşdür. Qeyd olunması zəruridir ki, həmin vəsait Agentliyin sabiq direktorunun göstərişi ilə həmin universitetdə təhsilini davam etdirməsinə dair adıçəkilən təhsil müəssisəsinin bank hesabına avans şəklində köçürülmüşdür. Agentliyin direktoru və maliyyə şöbəsinin müdiri dəyişdiyindən məsələ barədə bankın məlumatına əsasən 2 illik müddətin sonlarında xəbərdar olmuşlar. Dərhal sonra təhsil müəssisəsinə müraciətlər olunmuş, oradan bildirilmişdir ki, İsveçrə qanunvericiliyinə əsasən sözügedən məlumatlar fərdi məlumatlar olduğundan onların həmin şəxsin razılığı olmadan üçüncü şəxslərə təqdim olunması mümkün deyildir. Daha sonra Şahid elektron poçt vasitəsilə məhkəmə prosesinin vaxtı barədə məlumat verərək təxirəsalınmadan təsdiqedici sənədləri təqdim etməsi xahiş olunmuş, o, xx.xx.2024-cü il tarixli iclasa qədər hərəkətsizlik nümayiş etdirsə də, daha sonra adıçəkilən təhsil müəssisəsində təsil aldığını və bitirdiyini təsdiq edən sənədləri təqdim etmişdir. Təqdim olunan sənədlər xarici bank hesabına avans olaraq köçürülmüş pul vəsaitinin xidmət müqabilində ödənildiyini təsdiq etdiyindən Agentliyin əməli inzibati xəta kimi qiymətləndirilməməlidir. Qeyd olunanlardan göründüyü kimi həm Agentlik barəsində protokol tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmçinin Agentliyin əməlində inzibati xəta tərkibi yoxdur. Bütün bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Milli Antidopinq Agentliyi” X2 nümayəndəsi Nümayəndə "Azərbaycan Milli Antidopinq Agentliyi” PHŞ barəsində başlanmış inzibati xətaya dair məhkəmə icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında protokol tərtib edənin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, “Azərbaycan Milli Antidopinq Agentliyi” X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi mövcud olsa da, xx.xx.2022-ci il tarixində Agentliyin "Unibank” ASC-dəki hesabından SBS X3-un bank hesabına 10.459,39 (on min dörd yüz əlli doqquz dollar otuz doqquz sent) dollar pul vəsaiti avans şəklində qabaqcadan köçürülmüşdür. Qeyd olunması zəruridir ki, həmin vəsait Agentliyin sabiq direktorunun göstərişi ilə həmin universitetdə təhsilini davam etdirməsinə dair adıçəkilən təhsil müəssisəsinin bank hesabına avans şəklində köçürülmüşdür. X3-a müraciət olunmuş, oradan bildirilmişdir ki, İsveçrə qanunvericiliyinə əsasən sözügedən məlumatlar fərdi məlumatlar olduğundan onların həmin şəxsin razılığı olmadan üçüncü şəxslərə təqdim olunması mümkün deyildir. Şahid X3 təhsil müəssisəsində təhsil aldığını və bitirdiyini təsdiq edən sənədləri təqdim etmişdir. Təqdim olunan sənədlərdən görünür ki, xarici bank hesabına avans olaraq köçürülmüş pul vəsaitinin xidmət müqabilində ödənildiyi təsdiq olunur. Qeyd olunanlar isə inzibati xəta tərkibini istisna edir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Milli Antidopinq Agentliyi” X4 ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. xx.xx.2022-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, “Azərbaycan Milli Antidopinq Agentliyi” X4 tərəfindən "xxxx" ASC-də olan hesabdan 10459.39 ABŞ dolları məbləğində pul vəsaiti X3-un müvafiq bankdakı hesabına köçürülmüşdür; İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMACA) sabiq direktoru Şahid “SBS X3" təhsil müəssisəsində biznes araşdırması ixtisası üzrə magistratura təhsil pilləsi almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” nın 4.3.2-1 yarımbəndinə görə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Belə köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarından görünür ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikası İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, “Azərbaycan Milli Antidopinq Agentliyi” X2 hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən “Azərbaycan Milli Antidopinq Agentliyi” X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azərbaycan Milli Antidopinq Agentliyi” X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3120/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3120/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver