Məhkəmə qərarları › İş №3(005)-3128/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3128/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3128/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şirinov Vüsal Rəfail oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qasımov Ramid Fuad oğlunun iştirakları ilə, 05 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 56 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Qasımov Ramid Fuad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Qasımov Ramid Fuad oğlu barəsində İXM-in 529.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qasımov Ramid Fuad oğlu xx.xx.2020-ci il tarixdə saat 22:30 radələrində icazəsiz evdən çıxmış, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozmuş və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı icra etməmişdir. Bununla da borclu icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şirinov Vüsal Rəfail oğlu tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirdi ki, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra vərəqəsində göstərilən məbləğdən ödəniş etməmişdir. Bu səbəbdən Qasımov Ramid Fuad oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Qasımov Ramid Fuad oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qasımov Ramid Fuad oğlu bildirdi ki, maddi imkanı çox aşağıdır. Hal-hazırda heç bir yerdə işləmir. Qərəzli olaraq ödənişdən yayınmır, pulu olan zaman ödəyəcəkdir. Son olaraq sadalananları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Qasımov Ramid Fuad oğlu İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 200 manat cərimə edilmişdir; İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icra olunması barədə bildiriş borclu Qasımov Ramid Fuad oğluna göndərilmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində borclu icra sənədini icra etmədiyindən borclu İcra və Probasiya şöbəsinə dəvət edilərək ondan izahat alınmış, icra sənədinin icra edilməsi tələb olunmuşdur. İXM-in 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Qasımov Ramid Fuad oğlu səlahiyyətli orqanın xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını 3 aydan artıq müddət ərzində təmin etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, toplanmış sübutlarla Qasımov Ramid Fuad oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İXM-in 529.1-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Qasımov Ramid Fuad oğlu İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qasımov Ramid Fuad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar