Məhkəmə qərarları › İş №3(005)-3129/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3129/2020

14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3129/2020 14.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 oğlunun, X1nun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sevinc Qurbanova Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası ilə bağlı borclu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası təmin edilməmişdir. Nəticədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola ******* nömrəli əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/10 saylı, xx.xx.2010-ci il tarixli icra sənədinə əsasən borclu Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin vəzifəli şəxsinin X1na ünvanlanmış xx.xx.2010-cu il tarixli, 04/28067 saylı cavab məktubu qanunsuz hesab edilmişdir. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 1/12 saylı qərarına əsasən Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin 54 saylı bağ-tikinti kooperativi tərəfindən X10 adına verilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(005)-4049/09 saylı qətnaməsi ilə iddiaçı X2 adına keçirilmiş hesab edilmiş orderə Bakı şəhəri Vişnyovka-2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, dövlət kadastırında qeydə alınması, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi borclu Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə həvalə edilməlidir. İcra sənədi xx.xx.2011-ci il tarixdə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkar və müvafiq Məhkəməyə göndərilmişdir. İcra sənədinə əsasən Bakı şəhəri Vişnyovka-2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, dövlət kadastırında qeydə alınması, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi borcluya həvalə edilmişdir. Lakin icra işi üzrə borclu DƏDRX-nin 1 aylı Bakı Ərazi idarəsi məhkəmə tərəfindən ona həvalə edilmiş tələblərdən heç birinin icrasını təmin etməmiş və icra tələblərindən yayınmışdır, icra vərəqəsinin icrası borclu təşkilatın vəzifəli şəxsləri tərəfindən təmin edilmədiyinə görə onlar məhkəmə qərarlarına əsasən dəfələrlə inzibati məsuliyyətə cəlb edilmişlər. Borclu vəzifəli şəxslər barədə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilsə də, təqdimatlar geri qaytarılmışdır. İcra sənədinin icraata daxil olduğu vaxtdan keçən müddət ərzində borcluya təqdim edilmiş çoxsaylı xəbərdarlıqlardan sonra borclu təşkilat tərəfindən plan-ölçü tərtib olunaraq icra sənədinin icra olunduğu bildirilmişdir. Dəfələrlə icra sənədi üzrə başlanmış icraata xitam verilsə və ya icrası mümkün olmayan iş kimi qaytarılsa da, tələbkarın ərizəsinə əsasən təqdimat təmin edilməyərək dəfələrlə məcburi icraya yönəldilmişdir. Sonuncu dəfə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2010 saylı, xx.xx.2010-ci il tarixli icra sənədi icra tədbirlərinin davam etdirilməsi məqsədi ilə, xx.xx.2019-cu il tarixdə yenidən icraya yönəldilmiş və tərəflərindən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclu təşkilata, məlumat üçün isə tələbkara və müvafiq Məhkəməyə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə tərəflərindən müxtəlif tarixlərdə borclu təşkilata xəbərdarlıq məktubları göndərilmişdir. Bundan sonra tərəflərindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2010 saylı, xx.xx.2010-ci il tarixli icra sənədi borcu təşkilat tərəfindən icra edilmədiyindən onun rəhbəri X20 barəsində xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə Z.Abduilov Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmiş və sözü gedən qərardan borclu təşkilat apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materiallarının yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 11 02.2020-ci il tarixli, 3(005)- 414/2020 saylı qərarı ilə X22 barəsində icra məmuru Elgiz Qəmbərov tərəfindən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibatı xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan tələbkar X7 apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)-414/2020 saylı qərarının tam ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəli şəxsi X14 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinərək onun inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-622/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)-414/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İcra sənədinin icrasının təmini məqsədilə tərəflərindən tələbkar borclu təşkilatın rəhbərliyinin və işçilərinin iştirakları ilə mübahisəli əraziyə - Bakı şəhəri, Vişnyovka-2 bağ massivinə gedilmiş və əraziyə baxış keçirilimişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3309/2010 saylı, xx.xx.2010-ci il tarixli icra sənədinin icrası borclu təşkilat tərəfindən icra edilməmişdir. İş üzrə tələbkar dəfələrlə şöbəyə ərizə ilə müraciət edərək, icra sənədinin artıq 9 ildir icrasız olaraq qaldığını və borclu təşkilatın vəzifəli şəxsi barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülməsini xahiş etmişdir. Bundan sonra tərəflərindən borclu Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Zəfər Abdulova icra sənədinin icra edilməməsi səbəbindən inzibati məsliyyətə cəlb olunacağı barədə bildiriş ünvanlanaraq, xx.xx.2020-ci il tarixdə şöbəyə dəvət olunsa da şöbəyə gəlməmişdir. Bu barədə şöbədə akt tərtib olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2010 saylı, xx.xx.2010-ci ıl tarixli icra sənədi borcu təşkilat tərəfindən icra edilmədiyindən onun rəhbəri X20 barəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı dəfələrlə təxirə salınmışdır. Tərəflərindən aparılmış şifahi araşdırmalar nəticəsində Reyestr Xidməti Bakı şəhər Ərazi idarəsinin rəhbər heyətinin dəyişdirildiyi məlum olmuşdur. Uzun müddət keçməsinə baxmayaraq icra sənədi icra olunmamışdır. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə cavabdeh təşkilatın yeni rəisi Şəxs yazılı müraciət edilmiş, icra sənədinin hazırkı vaxta kimi vəziyyəti barədə məlumat verilmiş, “İcra haqqında” Qanunun 10-cu, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddələrinin dizpozisiyaları açıqlanmış, həmçinin ölkə başçısının məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi ilə bağlı xx xxxx 2010-cu il tarixli Fərmanına əsasən dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər altı aydan bir Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinə məlumat verildiyi və bu günə kimi icra edilməmiş məhkəmə qərarının həmin siyahiya əlavə olunduğu, habelə məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin x xxxxx 2019-cu il tarixli, 604 nömrəli Fərmanında məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi nəzərinə çatdırılaraq məhkəmə qərarının icrası tələb edilmişdir. Tərəflərindən cavabdeh təşkilatın rəisi Şəxs xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə sifarişli məktubla bildiriş göndərilərək icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş, şöbəyə dəvət olunmuş və Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materialllarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, etiraz vermək bu və ya digər hüquqların olduğu bildirilmişdir. Həmçinin Şəxs tərəfindən icra sənədinin icrası ilə bağlı bu günə kimi edilmiş və ya ediləcək hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu barədə inzibati protokolda müvafiq qeydlər aparılaraq baxılması üçün müvafiq məhkəməyə təqdim olunacağı da onun nəzərinə çatdırılmışdır. Edilmiş bildirişlərə münasibətdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin şöbəyə ünvanladığı xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli cavab məktublarına əsasən müəyyən olunmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/10 saylı, xx.xx.2010-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Vişnyovka-2 bağ massivində yerləşən torpaq sahəsinin plan və ölçüsü, X2 adına tərtib edilmiş və sənədin əslini istənilən vaxt Əmlak Xidmətləri Məkanından əldə edilə bilər. Eyni zamanda qeyd olunmuşdur ki, plan-ölçü tərtib edilməmişdən əvvəl X13in iştirakı ilə, İdarənin hüquq şöbəsinin müdir müavini Hüseyn Əzimovun və idarənin mühəndisi Əli İslamovun iştirakı ilə əraziyə texniki baxış keçirilərək döngə nöqtələrinin koordinatları bir daha dəqiqləşdirilmiş və tələbkarın istifadəsinə verilmişdir. Habelə zərurət yaranarsa, tələbkarın və icra məmurunun iştirakı ilə bir daha torpaq sahəsinə yerində baxış keçirməklə tələbkarın istifadəsinə verilməsinin aktlaşdırılması mümkündür. Əlavə olaraq Bakı şəhəri İcra hakimiyyətinin nəzdındə olan olan bağ təsərrüfatı idarələri ləğv edildikdən sonra 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təhvil verilmiş Vişnyovka-2 massivində yerləşən 54 nömrəli X9 üzvlərinin siyahısında 21 nəfər üzvün adı göstərilmiş, X11 adı siyahıda sıra nömrəsi ilə üçüncü olaraq qeyd olunmuşdur. X12 adı siyahıda və siyahıda adı sıra nömrəsi ilə dördüncü və beşinci olan iki şəxsdən başqa digər üzvlərin qarşısında sıra nömrələrinin ardıcıllığına uyğun olmayan bağ nömrələri göstərilmişdir. X9 üzvlərinin siyahısında sıra nömrələri ilə bağ nömrələri eynilik təşkil etmir. Reyestr Xidmətinin cavab məktubu ilə tələbkar şöbəyə dəvət edilərək X1nun nəzərinə çatdırılmışdır. İcra sənədi üzrə Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən torpaq sahəsinin plan və ölçüsünün surəti ona təqdim edilmişdir. Tələbkar ona təqdim edilmiş plan-ölçü ilə razılaşmayaraq, onda sual doğurmuş məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Belə ki, X2 adına tərtib edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsinin planı və ölçüsü Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsi və habelə həmin icra vərəqəsinin izah verilməsi haqqında həmin məhkəmənin 2(005)-3309/2010 saylı, xx.xx.2013-cü il tarixli qərardadına əsasən 1. Bakı şəhəri X19 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti Kooperativinə aid olub-olmaması; 2. DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən tərtib edilmiş 1200 kv.metr olan torpaq sahəsinin planı 54 saylı Bağ-tikinti Kooperativi üzvlərinin 21 nəfərdən ibarət siyahıya və həmin Kooperativin sxematik kartasına uyğun yerləşib-yerləşməməsi; 3. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 1200 kv.metr olan torpaq sahəsinin planı Bakı şəhəri X19 icraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti Kooperativinə aid olmaması, habelə həmin kooperativ 21 nəfərdən ibarət siyahıya və həmin Kooperativin sxematik kartasına uyğun yerləşməməsi halları mövcuddursa, tələbkara təqdim edilmiş plan-ölçü icra sənədinin icrasına alternativ icra üsulu kimi nəzərdə tutulmuşdursa, səbəbləri- 21 nəfər mülkiyyətçilər və onlara məxsus bağ sahələri barədə məlumatın verilməsi; suallara ətraflı cavab verilməsi bildirilmişdir. Reyestr Xidmətinə sorğu məktubu ünvanlandığı vaxtdan keçən müddət ərzində X13 hər gün ərizə ilə şöbəyə müraciət edərək icra sənədinin icra olunmadığını, cavabdeh təşkilat tərəfindən işə aidiyyəti olmayan cavab məktublarının verilməsi ilə süni maneələr yaratdığını borclu vəzifəli şəxsin inzibat məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bundan sonra borclu təşkilatın rəisi Şəxs xx.xx.2020-ci il tarixli məktubla yenidən bildiriş göndərilərək xx.xx.2020-ci il tarixdə barəsində inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş və şöbəyə dəvət edilmişdir. Lakin təşkilatın rəhbəri Şəxs şöbəyə gəlməmiş və şöbəyə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq icra sənədinin icra olunduğunu bildirərək və icra sənədinin icrası ilə bağlı borclu təşkilata ünvanlanmış sualları cavablandırmaqla kifayətlənmişdir. Verilmiş suallara Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, 1) İdarə tərəfindən tərtib edilmiş plan-ölçünün Vişnyovka-2 bağ massivində yerləşən 54 saylı bağ tikinti kooperatvinin ərazisinin hüdudları daxilindədir. Belə ki, qeyd olunan torpaq sahəsi 54 saylı bağ tikinti kooperatinin üzvlərinə ayrılmış bağ sahələrinin qonşuluğunda yerləşir; 2) Müvafiq bağ sahəsinin tərtib olunmuş plan və ölçüsü Vişnyovka-2 bağ massivində yerləşən 54 saylı bağ tikinti kooperativinin hüquqları daxilindədir;. 3) Vişnyovka-2 bağ massivində yerləşən 54 saylı bağ tikinti kooperativinin 18 üzvünə ayrılmış bağ sahalərinin nömrələri: (342a, 342, 371, 261, 66a, 66b, 165b,155b, 602, 598, 574a, 1250, 834a, 879, 1159a, 834, 899, 1250) X16 və digər iki üzvün adı 54 saylı bağ tikinti kooperativinin siyahısında mövcud olsa da, onlara bağ sahələri ayrılmadığı üçün müvafiq siyahıda onların adları qarşısında bağ nömrələri qeyd edilməmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2 adına tərtib edilmiş plan-ölçüdə göstərilən 1200 kv.metr torpaq sahəsi 54 saylı bağ tikinti kooperativinin üzvlərinə ayrılmış bağ sahələrinin qonşu ərazisində yerləşir. X1 müvafiq bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı idarəyə müraciət edəcəyi təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq çıxarışın hazırlanması və ona təqdim edilməsi təmin ediləcəkdir. Beləliklə də, icra sənədinin icra olunduğu bildirilərək icraata xitam verilməsi xahiş edilmişdir. Sözügedən cavab məktubu ilə tələbkar təkrar şöbəyə dəvət edilərək məlumatlandırılmışdır. Lakin tələbkar təkrar icra sənədinin icra olunmadığını bildirərək Reyestr Xidmətinin rəisi Şəxs inzibati məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Göründüyü kimi tələbkarın ərizələrinə və icra şöbəsinin müvafiq qərarlarının ləğvi ilə icra sənədinin dəfələrlə məcburi icraya yönəldilməsi onu deməyə əsas verir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası borclu təşkilat tərəfindən icra edilməmiş və cavabdeh təşkilatın rəisi Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Sevinc Qurbanova protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X15 izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından yayınmır. Belə ki, plan və ölçü tərtib edilməmişdən əvvəl tələbkar Cahangir Mehdiyevin və 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının iştirakı ilə əraziyə texniki baxış keçirilərək döngə nöqtələrinin koordinatları bir daha dəqiqləşdirilmiş və tələbkarın istifadəsinə verilmişdir. Müvafiq bağ sahəsinin tərtib olunmuş plan və ölçüsü Vişnyovka-2 bağ massivində yerləşən 54 saylı bağ tikinti kooperativinin hüdudları daxilindədir. Bir sözlə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2 adına tərtib edilmiş plan-ölçüdə göstərilən torpaq sahəsi 54 saylı bağ tikinti kooperativinin üzvlərinə ayrılmış bağ sahələrinin qonşu ərazisində yerləşir. X1 müvafiq bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı idarəyə müraciət edəcəyi təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq çıxarışın hazırlanması və ona təqdim edilməsi təmin ediləcəkdir. Hesab edirlər ki, icra vərəqəsi icra edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında çıxış edən X1 bildirdi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli icra vərəqəsi uzun illərdir ki, borclu tərəfindən qərəzli olaraq icra edilmir. Bunu nəzərə alaraq 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(005)- 3309/2010 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin vəzifəli şəxsinin iddiaçı X5 ünvanlanmış xx xxxx 2010-cu il tarixli, 04/28067 nömrəli cavab məktubu qanunsuz hesab edilmiş, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli, 1/12 nömrəli qərarına əsasən Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi X3 və İstismarı Birliyinin 54 nömrəli bağ-tikinti kooperativi tərəfindən X12 adına verilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(005)-4049/2009 nömrəli qətnaməsi ilə iddiaçı X2 adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri, Vişnyovka-2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, dövlət kadastrında qeydə alınması, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Müvafiq icra vərəqəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)-3309/2010 nömrəli məktubu ilə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə icra edilməsi üçün göndərilmişdir; -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinin Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanladığı xx xxx 2014-cü il tarixli məktubundan görünür ki, müvafiq şöbənin xx xxxxx 2014-cü il tarixli xx/xx-5530 nömrəli məktubuna Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsində baxılaraq bildirilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(005)-3309/2010 nömrəli qətnaməsinin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mühəndisləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 3 nömrəli mübahisəli bağ sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı aparılmış ölçü işləri nəticəsində təqdim olunan plan-sxem Komitənin Bakı Şəhər Şöbəsində araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxx 2014-cü il tarixli “Torpaq sahəsinin planı”nda göstərilən bağ sahəsinin konfiqurasiyası keçmiş X3 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş 54 nömrəli BTK-ya aid sxematik planda və Vişnyovka-2 bağ massivinin bölgü sxemində qeyd edilmiş 3 nömrəli bağ sahəsinin konfiqurasiyasına uyğun gəlmir. Bundan əlavə, “Torpaq sahəsinin planı”nda bağ sahəsinin qonşuluqları göstərilməmiş, təqdim olunan vəziyyətdə Vişnyovka 2 bağ massivi üzrə bağ sahələrinin yerləşmə sxemində göstərilən 263b nömrəli bağ sahəsinə aid ərazi məhdudlaşdırılmışdır. Həmçinin, sxematik planda göstərilən 263b nömrəli bağ sahəsinin hər hansı fiziki şəxsə ayrılıb-ayrılmaması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən arxiv arayışı və arxiv sxemi təqdim olunmamışdır. Odur ki, tərtib olunan plan-sxemdə qonşu bağ nömrələri qeyd olunduqdan və Vişnyovka-2 bağ massivi üzrə sxematik planda göstərilən 263b nömrəli bağ sahəsinin hər-hansı fiziki şəxsə (qanuni ölçü göstərilməklə) ayrılıb və ya ayrılmaması barədə arxiv arayışı təqdim olunduqdan sonra bu barədə dəqiqləşdirilmiş mütəxəssis rəyi verilə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar