Məhkəmə qərarları › İş №3(005)-3141/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3141/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3141/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri X3 və X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* nömrəli, 17 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 38145.00 ABŞ dolları məbləğində vəsaiti 01 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 14425.00 ABŞ dolları vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Nəticədə Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Xəta 02 oktyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 çıxış edərək tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs MMC ilə Çin Xalq Respublikasında fəaliyyət göstərən “X6 X8., LTD” şirkəti (bundan sonra Satıcı şirkət) arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq Şəxs MMC sifariş etdiyi tibbi avadanlıqların Satıcı şirkət tərəfindən göndərilməsi üçün həmin şirkətin hesabına xx.xx.2021-cü il tarixdə 38145.00 ABŞ dolları həcmində vəsait köçürmüşdür. Sifariş verilmiş avadanlıqların, dəyəri 23720.00 ABŞ dolları olmaqla, bir qismi Satıcı tərəfindən göndərilmiş, idxal olunan mallar tərəfimizdən qanunvericiliyə müvafiq olaraq bəyan edilmişdir. Geri qalan 14.425 ABŞ dolları dəyərində mal isə sonra göndərəcklərinə dair vəd vermişdilər. Lakin malların qalıq hissəsinin göndərilməsi gecikdirildiyi üçün Satıcı şirkətlə bir neçə dəfə telefon əlaqəsi yaradaraq malların hansı səbəbdən gecikdirildiyini öyrənməyə çalışsaq da nəticə əldə edə bilməmişik. Məsələnin həll edilməsi üçün işgüzar kommunikasiya vasitələrindən istifadə etməyi sınasaq da müsbət geri dönüş əldə olunmamışdır. Satıcı şirkətlə əlaqə yaratmağın mümkün olmaması bizdə şübhə yaratdığı üçün Çində fəaliyyət göstərən əlaqələndirici şəxslərə məlumat üçün müraciət etdikdə məlum olmuşdur ki, sözügedən şirkət bir sıra yerli və xarici şirkətlərə qarşı dələduzluq törətmişdir. Hazırda isə həmin şirkətin ofisi və bank hesabları işləmir. Məhz qeyd olunan səbəbdən Satıcı şirkətə ödənilmiş 14425.00 ABŞ dollarının geri qaytarılması və ya həmin vəsait hesabına avadanlıq əldə edilməsi mümkün olmamışdır. Göründüyü kimi müvafiq vəsaitin geri qaytarılması iradəmizdən kənar səbəbdən baş tutmamışdır. Bu hal isə öz növbəsində inzibati xəta tərkibinin yaranmasının qarşısını almışdır. Məlum olduğu kimi, bu və ya digər əməlin inzibati xəta hesab edilməsi üçün həmin əməldə inzibati xəta tərkibi mövcud olmalıdır. İnzibati xəta tərkibi isə dörd elementdən ibarətdir: obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət. AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin mətnindən aydın olur ki, həmin maddə ilə nəzərdə tutulmuş əməlin subyektiv cəhəti qəsd formasındadır. Odur ki, qeyd olunan əməl qəsdən törədildiyi halda inzibati xəta tərkibi yaratmış olur. Şəxs MMC sahibkar olaraq gəlir əldə etmək məqsədilə Satıcı şirkətlə alqısatqı müqaviləsi imzalamış, həmin məqsədə xidmət edən avadanlıqları əldə etmək üçün Satıcı şirkətə ödəniş etmişdir. Şirkətimizin gəlir əldə etmək əvəzinə, geri qaytarılması nəzərdə tutulmayan vəsaiti bilərəkdən xarici mənbəyə köçürməsi maliyyə vəziyyətimizi pisləşdirməkdən başqa bir funksiyaya xidmət etməyəcəkdir. Bu halda Şəxs MMC- nin əvvəlcədən işin mənfi nəticələrini gördüyü halda kifayət qədər yüksək məbləğdə ödəniş etməsi nəinki işin hallarına, həm də məntiq qaydalarına uyğun gəlmir. Digər tərəfdən uzun illər ərzində ticarət zamanı şahidi olduğumuz işgüzar etikaya inandığımız və Satıcı şirkətlə bağladığımız yazılı müqaviləyə əsaslanaraq ödəniş etdiyimiz üçün qarşı tərəfin dələduzluğa yol verəcəyini təxmin etməmiş, bu nəticənin baş verməsinə şüurlu surətdə yol verəcəyimiz heç bir addım atmamışıq. Əksinə dəfələrlə vatsap yazışmaları və zəngləri, həmçinin 2022-ci il ərzində iki dəfə yazılı qaydada ingilis dilində rəsmi vebsaytlarındakı elektron poçt ünvanları vasitəsi ilə müvafiq məzmunlu məktublar göndərilsə də Çindəki şirkətdən heç bir cavab gəlməmişdir. Həmin müraciətlərə dair şirkətimizin korporativ elektron poçtundan olan yazışmalar ingilis dilində tərcümə edilərək elektron məhkəmə kabinetimiz vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Bununla da hesab edirik ki, protokolu tərtib edən Mərkəzi Bank tərəfindən protokola əməlin tərəfimizdən qəsdən törədilməsinə dair heç bir sübut əlavə edilməmişdir. Beləliklə hesab edirik ki, yuxarıda qeyd olunan əməldə qəsd subyektiv cəhətdən tam öz əksini tapmadığı üçün əməl inzibati xəta deyil. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən təqdim edilmiş köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMCnin hesabından 01 oktyabr 2021-ci il tarixdə 38145.00 ABŞ dolları ödəniş edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə bağlı qeyd edir ki, təqdim edilmiş sənədlərlə MMC tərəfindən qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Şəxs MMC-nin 38145.00 ABŞ dolları xarici valyutanı 01 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 14425.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini təsdiq edən sənədləri banka təqdim etməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olmuş 14425.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında – 2885 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar