Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3144/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X5 Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1436/2014 nömrəli, 11 dekabr 2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1436/2014 nömrəli, 11 dekabr 2014-cü il tarixli icra sənədi üzrə yaranmış tələbi borclu Şəxs icra etməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1436/2014 nömrəli, 11.12.2014-cü il tarixli icra sənədinə əsasən 03.04.2014-cü il tarixdən hesablanmaqla 21.02.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Şəxs qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment 50% X6 adına bank hesabı açılmaqla həmin hesaba ödənilməli, 50% Rüstəmova (Paşazadə) Nübar Kamandar qızına, həmçinin uşaq üç yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat aliment tutularaq Rüstəmova (Paşazadə) Nübar Kamandar qızının xeyrinə ödənilməlidir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1436/2014 nömrəli, 11.12.2014-cü il tarixli icra sənədi üzrə 27.05.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1436/2014 nömrəli, 11.12.2014-cü il tarixli icra sənədi ilkin olaraq 27.05.2015-ci il tarixdə Nəsimi rayon icra şöbəsindən daxil olmuş, daha sonra tələbkarın müraciətinə əsasən Bakı şəhər Nizami rayon icra şöbəsinə göndərilmişdir. Yenidən 27.10.2020-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs müraciətinə əsasən məlum icra sənədi borclunun daimi yaşayış ünvanı üzrə icra olunması üçün Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. X12 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1436/2014 nömrəli, 11.12.2014-cü il tarixli icra sənədi barədə məlumatlı olmasına baxmayaraq yüksək əmək haqqı barədə məlumatı müxtəlif bəhanələrlə şöbəyə təqdim etməmiş və icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Daha sonrakı mərhələdə borclu şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrlə şöbəyə gəlməmişdir. Bu səbəbdən borclu Şəxs barəsində axtarış elan olunmasına dair 08.12.2020-ci il tarixli qərar qəbul edilərək icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmiş, idarənin 22.12.2020-ci il tarixli 078-30849 saylı məktubu ilə 17.12.2020-ci il tarixdən 60888/20 saylı axtarış işi açıldığı müəyyən edilmişdir. Borclu şəxs 23.11.2021-ci il tarixdə polis vasitəsilə şöbəyə təhvil verilmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, icra sənədi üzrə borclu Şəxs 2015-ci il tarixdən etibarən hər ay 822 manat ödənişlər etsə də, bu ödəniş tələbkarı qane etməmişdir. Belə ki, tələbkar Şəxs gəlirinin daha yüksək olmasını bildirmişdir. Alimentin məbləği borclunun qazancının hissəsi kimi müəyyən edilsə də, 2015-ci ildən Şəxs iş yeri barədə icra şöbəsində rəsmi məlumat yoxdur. Belə olduğu təqdirdə alimentin məbləği orta aylıq əmək haqqı əsas götürülməklə hesablanır. Bu hesablama onun tərəfindən aparılmadığı üçün borclunun aliment borcunun nə qədər olması barədə məlumat verə bilmir. Şəxs tərəfindən bugünədək 65666 (altmış beş min altı yüz altmış altı) manat aliment ödənilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs yüksək maaşlı işdə işləməsi ilə bağlı icra şöbəsinə tələbkar Zərərçəkmiş şəxs tərəfindən şifahi məlumat verilmişdir. Belə ki, Zərərçəkmiş şəxs Şəxs “BP” şirkətində işləməsi barədə icra şöbəsinə şifahi məlumat vermişdir. Bununla bağlı həmin şirkətə müraciət olunmuş və 15.05.2015-ci il tarixli məktubla İcra şöbəsinə Şəxs “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən aldığı qazanc və ya gəlirinin olmaması barədə məlumat göndərilmişdir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan zaman "xxxx" MMC-nin direktoru Asif Allahverdiyev tərəfindən Nərimanov rayon icra Şöbəsinə ünvanlanmış 23.11.2021-ci il tarixli məktub da iş materiallarında mövcud olmuşdur. Belə ki, sözügedən məktuba əsasən müəyyən olunur ki, Şəxs həqiqətən 2021-ci ilin iyun ayından "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Onun aylıq əmək haqqısı vergi tutulmadan 663 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, icra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və uşağını saxlamaqdan imtina etmir. Belə ki, 2015-ci ilin fevral ayından o, işləmir. 2021-ci ilin iyun ayına kimi isə o, tələbkarın depozit hesabına hər ay 822 manat pul köçürtmüşdür. Bu məbləğ də tələbkar Zərərçəkmiş şəxs ilə razılaşdırılmışdır. Bu səbəbdən də tələbkar həmin müddət ərzində heç bir şikayətlə aidiyyəti orqanlara müraciət etməmişdir. Hazırda iş yeri və əmək haqqısı var, belə ki, o, 663 manat əmək haqqı almaqla "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Bu barədə sənədi icra məmuruna təqdim edərək tələbin onun maaşına yönəldilməsini xahiş etmişdir. Hətta, 2021-ci ilin iyun ayından etibarən həmin işdə işlədiyindən onun əmək haqqından tutulma aparılaraq tələbkarın hesabına köçürülmüşdür. Tələbkarın dediyi kimi, həm onun hesabına, həm də uşağın adına açılmış depozit hesabına hər ay 822 manat ödənilməsi absurd məsələdir və onların arasında belə razılıq olmamışdır. Onun iş yeri və qazancı olmadığı halda belə yüksək məbləğin ödənilməsi qeyri-mümkündür. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu hər ay onun depozit hesabına 822 manat ödəsə də, birgə nikahdan olan uşağın adına olan hesaba pul köçürməmişdir. Halbuki, icra sənədinə əsasən alimentin 50 faizi həmin hesaba köçürülməli idi. Yəni, borclu həm də uşağın adına olan hesaba 822 manat pul ödəməli idi. Onda olan şifahi məlumata əsasən Şəxs Türkiyə Respublikasında yüksək maaşlı işlərdə işləmiş və aylıq gəliri təxminən 10.000 dollardan çox olmuşdur. O, borcunu tələb edir. Şəxs həbs olunmasını istəməsə də, onun barəsində digər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, 2021-ci ilin noyabr ayında da onun hesabına aliment ödənişi daxil olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1436/2014 nömrəli, 11 dekabr 2014-cü il tarixli icra vərəqəsindən görünür ki, 03.04.2014-cü il tarixdən hesablanmaqla 21.02.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Şəxs qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində pul (aliment) 50% X6 adına bank hesabı açılmaqla həmin hesaba, 50% isə Rüstəmova (Paşazadə) Nübar Kamandar qızına ödənilməlidir. 08 sentyabr 2014-cü il tarixdən hesablanmaqla 21.02.2014-cü il təvəllüdlü X6 üç yaşına kimi saxlanılması üçün X4 hər ay 50 manat aliment tutularaq Rüstəmova (Paşazadə) Nübar Kamandar qızına verilməlidir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 27.05.2015-cı il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 17/69№8064-14 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1436/2014 nömrəli, 11 dekabr 2014-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “BP” şirkəti tərəfindən Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ünvanlanmış 20.02.2015-ci il tarixli məktubdan görünür ki, “BP Eksploreşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Şəxs hal-hazırda Azərbaycan Respublikasında əmək haqqı ödənilmir və müvafiq olaraq onun “BP Eksploreşn (kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən aldığı qazanc və ya gəlir yoxdur. Məhz bu bu səbəbdən “BP Eksploreşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Səbail rayon məhkəməsinin 2(009)- 1436/2014 saylı icra vərəqəsini icra etmək iqtidarında deyil; “BP” şirkəti tərəfindən Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ünvanlanmış 15.05.2015-ci il tarixli məktubdan görünür ki, “BP Eksploreşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Şəxs əmək funksiyasını icra etməsi məqsədi ilə şirkətin Azərbaycan Respublikası xaricində yerləşən ofisinə göndərilib və şirkət tərəfindən ona hal-hazırda Azərbaycan Respublikasında əmək haqqı ödənilmir. Müvafiq olaraq hal-hazırda Şəxs “BP Eksploreşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən aldığı qazanc və ya gəlir yoxdur. Məhz bu bu səbəbdən “BP Eksploreşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Səbail rayon məhkəməsinin 2(009)-1436/2014 saylı icra vərəqəsini icra etmək iqtidarında deyil; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 23.11.2020-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, Şəxs adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi mövcud deyildir; "xxxx" ASC tərəfindən verilmiş 03.11.2020-ci il tarixli “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Zərərçəkmiş şəxs kart hesabına 01.01.2015-ci il tarixdən 03.11.2020-ci il tarixədək hər ay orta hesabla 822 manat pul mədaxil olunmuşdur; "xxxx" MMC-nin 23.11.2021-ci il tarixli məktubundan görünür ki, Şəxs həqiqətən 2021ci ilin iyun ayından "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Onun aylıq əmək haqqısı vergi tutulmadan 663 manat təşkil edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə müəyyən olunduğu kimi Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1436/2014 nömrəli, 11 dekabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən 03.04.2014-cü il tarixdən hesablanmaqla 21.02.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Şəxs qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində pulun (alimentin) 50%-i X6 adına bank hesabı açılmaqla həmin hesaba, 50%-i isə Rüstəmova (Paşazadə) Nübar Kamandar qızına ödənilməlidir. Həmçinin, 08 sentyabr 2014-cü il tarixdən hesablanmaqla 21.02.2014-cü il təvəllüdlü X6 üç yaşına kimi saxlanılması üçün X4 hər ay 50 manat aliment tutularaq Rüstəmova (Paşazadə) Nübar Kamandar qızına verilməlidir. 2015-ci ildən 2021-ci ilin iyun ayına qədər Şəxs rəsmi iş yerinin olmamasına dair İcra şöbələrində məlumat olmasına baxmayaraq sonuncu tərəfindən həmin müddət ərzində hər ay 822 manat pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs hesabına köçürülmüşdür. İşin mübahisəsiz halı odur ki, borclu Şəxs tərəfindən 2015-2021-ci illər üzrə ümumilikdə 65666 (altmış beş min altı yüz altmış altı) manat vəsait tələbkar Zərərçəkmiş şəxs hesabına köçürülmüşdür. Tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs yüksək gəlirə sahib olmasını bildirsə də, buna dair müvafiq sübutu məhkəməyə təqdim etməmiş, belə məlumatın onda şifahi olduğunu bildirmişdir. İcra məmuru isə izahatında Şəxs iş yerinin olmasına dair onda rəsmi məlumatın olmadığını, inzibati xəta haqqında protokol tərtib edən zaman isə sonuncunun 663 manat əmək haqqı almaqla "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləməsinin ona məlum olmasını bildirmişdir. Həmçinin, icra məmuru borclu şəxsin əmək haqqı olmadığı təqdirdə alimenti orta aylıq əmək haqqına uyğun olaraq hesabladığını bildirsə də, borclu Şəxs bu günə aliment borcunun olub-olmamasına, olduğu təqdirdə hansı məbləğdə olmasına dair aydınlıq gətirə bilməmişdir. Əlavə olaraq hazırda borclu Şəxs iş yeri və əmək haqqı barədə icra qurumunda dəqiq məlumat mövcuddur. Beləliklə, məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədi üzrə borclu tərəfindən müvafiq ödənişlər olunmuşdur. Yəni, borclunun rəsmi iş yeri olmamış, lakin o, 2015-ci ildən başlayaraq 2021-ci ilin iyun ayına kimi hər ay tələbkarın hesabına 822 manat pul köçürtmüşdür. Hazırda borclu rəsmi iş yeri barədə arayışı icra məmuruna təqdim etmiş və aliment məbləği onun qazancının hissəsi kimi müəyyən edildiyindən tələbin onun maaşına yönəldilməsini xahiş etmişdir. Tələbkar izahatında borclunun gəlirinin daha yüksək olmasını bildirsə də, bu hər hansı sənədlə öz təsdiqini tapmır, buna görə də məhkəmə onun birgə nikahdan olan uşağın adına olan hesaba da pul köçürülməsi öhdəliyinin olması barədə dəlillərini əsassız sayır. Belə ki, icra sənədində alimentin məbləği borclunun qazancının hissəsi kimi müəyyən edilmiş, borclu isə 2015-ci ilin fevral ayından rəsmi işləməmiş, lakin hər ay tələbkara 822 manat aliment ödəmişdir. Həmçinin, icra məmuru borclunun aliment borcu olduğunu qeyd etsə də, bu borcun hansı məbləğdə olması barədə dəqiq məlumat verə bilməmişdir. Bütün qeyd olunanlar isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hərəkətlərin edilməsini istisna edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1436/2014 nömrəli, 11 dekabr 2014-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Yəni, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1436/2014 nömrəli, 11 dekabr 2014-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3144/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3144/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver