Məhkəmə qərarları › İş №3(005)-3149/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3149/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3149/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqiliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 29 avqust 2023-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, hüquqi şəxs Şəxs MMC 26.04.20t9-cu tarixli **********5558 sorğu nömrəli bəyannamə üzrə 598 ABŞ dolları (1016,6 manat) məbləğində qalıq vəsaiti müvəkkil bankdakı hesabına köçürməmişdir. Araşdırma zamanı alınmış məlumata əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2021-ci tarixli **********6888 sorğu nömrəli bəyannamə üzrə 598 ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati protokol tərtib olunan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, barəsində protokol tərtib olunan şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Hava Nəqiliyyatına Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarfnın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin,xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Qeyd edim ki, “AQRO TEKNOSER" MMC tərəfindən bəyan olunan **********5558 sorğu nömrəli gömrük bəyannaməsi ümumilikdə 598.00 (beş yüz doxsan səkkiz dollar) ABŞ dolları dəyərindədir. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə əsaəsn hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.4-cü bəndinə əsasən müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər. Həmin Qaydaların 12.5-ci bəndinə əsasən Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. Həmin Qaydaların 14.9-cu bəndinə əsasən Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, X1, Dövlət Statistika Komitəsinə və Mərkəzi Banka müəyyən edilmiş formada məlumat xarici ticarətin gömrük statistikasının məlumatlarını verir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 598.00 ABŞ dolları məbləğində malları ixrac edilmiş, həmin məbləğdə vəsait qanunvericiliklə müəyyən edilmiş müddət ərzində bank hesabına daxil olmamışdır. Beləliklə də iş materiallından görünür ki, Şəxs MMC tərəfindən 598.00 ABŞ dolları məbləğdə gəlirin ölkəyə daxil olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə inzibati xəta hadisəsi törədildilmiş hesab edilir. Bununla yanaşı malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli idilər. Lakin, malların bəyan olunduğu vaxtdan (xx.xx.2019-ci il tarixdən) 180 (yüz səksən) gün keçməsinə baxmayaraq köçürülmə aparılmamışdır və xx.xx.2019-cu il tarixdə inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Buna görə də Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 38.2-ci maddəsinə əsasən Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni xx.xx.2019-ci il tarixdən dörd ildən artıq müddət keçdiyindən, Şəxs MMC barəsində inzibati tənbeh verilə bilməz. İXM-nin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, Şəxs MMC barəsində tərtib olunmuş 29 avqust 2023-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 38.1-ci maddəsinin tələbləri nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 29 avqust 2023-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar