Məhkəmə qərarları › İş №3(005)-3150/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3150/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3150/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X6, müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X10 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs müxtəlif vətəndaşlarla İnstaqram sosial şəbəkəsində səhifə satmaq və telefon satmaq adı ilə aldadaraq pullarını ələ keçirtmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, pula ehtiyacı olduğu üçün son 4-5 ildir ki, insanları aldatmaqla pullarını ələ keçirməklə məşğuldur. Belə ki, “İnstagram” sosial şəbəkə tətbiqində 218 min izləyicisi olan bir səhifəni 80 manata satışa çıxarması barədə elan yerləşdirmiş, insanlar səhifəni almaq üçün həmin pulu ona göndərmiş, pulu aldıqdan sonra nömrələri “bloka” atmışdır ki, ona yaza bilməsinlər. O, bundan başqa “Lalafo.az” və “Tap.az” saytlarında mobil telefon satışı ilə bağlı elan yerləşdirmiş, telefon almaq istəyən şəxslər elanda göstərilmiş ***-***-**-** və ***-***-**-** saylı nömrəyə zəng etmişlər. İlkin ödəniş kimi 50-200 manat arası pul vəsaitinin ödənilməli olduğunun tələb edildiyini bildirdiyindən aldanmış insanlar onun xxxxxxxxxxxxa məxsus **********006204 saylı hesab nömrəsinə, tanışı X5 məxsus karta və anası X1 adına olan **********801881saylı hesab nömrəsinə pul vəsaitləri göndərmişlər. Onun sözünə görə 1.000 nəfərdən artıq şəxsi aldatmışdır. Özünə məxsus xxxxxxxxxxxx hesabına adlatdığı şəxslər ümumilikdə 23.063 manat pul köçürmüşlər. X8 məxsus kart da onda olmuş, o, həmçinin Günaya məxsus ***-***-**-** və ***-***-**-** saylı nömrələri də elanlara yerləşdirmişdir. Həmin nömrələrə yazan şəxslərlə isə özü danışmışdır. Sonda Şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X10 izahatında göstərdi ki, Şəxs müxtəlif vətəndaşları İnstaqram sosial şəbəkəsində səhifə satmaq və telefon satmaq adı ilə aldadaraq pullarını ələ keçirtmişdir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla X3 və X4 Bölməsinin baş təhqiqatçısı Yusif Yusifov tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin BMCMİ-nin aidiyyəti idarəsinə həvalə edilməsi qərara alınmışdır. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə icraatına vətəndaş Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi və onun İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Baş İdarənin İstintaq və X4 bölməsinin baş təhqiqatçısı Yusif Yusifovun raportu daxil olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 11:40 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində, avtobus dayanacağının yaxınlığında saxlanılaraq barəsində qanuni tədbir görülməsi üçün Baş İdarəyə dəvət edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xırda talama inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Ramin Əşrəfov və həmin idarənin əməliyyat müvəkkili Elnur Mikayılov tərəfindən Baş İdarənin rəisi Əbülfət Rzayevə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə icraatına vətəndaş Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi və onun İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Baş Mütəşəkil Cinayətkarlıqla X3 və X4 bölməsinin baş təhqiqatçısı Yusif Yusifovun raportu daxil olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 11:40 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində, avtobus dayanacağının yaxınlığında saxlanılaraq barəsində qanuni tədbir görülməsi üçün Baş İdarəyə dəvət edilmişdir. Yuxarıda göstərilənlərə əsasən vətəndaş Şəxs barəsində qanuni tədbir görülməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin BMCMİ-nin aidiyyəti idarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-in Nərimanov rayon filialındakı (Filialın kodu 200093,VÖEN: **********, hesablaşma hesabı: AZ39AİİB********************,) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar