Məhkəmə qərarları › İş №3(005)-3159/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3159/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3159/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ X2 xx.xx.2025-ci il tarixli EQ 27699507 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27699507 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və xeyrinə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində Nərimanov Rayon Ərazisində **-LU-*** nömrəli minik avtomobili ilə hərəkət edərkən tıxac səbəbindən məcburi dayanma hadisəsi baş vermişdir. Həmin günün səhəri xx.xx.2025-ci il tarixində SMS vasitəsi ilə ona 346.4-cü maddəsi ilə protokol tərtib olunması qərarı göndərilmişdir. Xətanın tıxac səbəbindən baş verməsi şəkillərdə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin məzmununa uyğuna çıxış edərək bildirmişdir ki, şikayəti əsaslıdır. Həmin vaxt tıxac səbəbindən dayanmış və barəsində xüsusi texniki vasitə ilə inzibati qayda pozuntusuna görə qərar qəbul edilmişdir. Şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2025-ci il tarixli qərar ləğv olunaraq iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş, lakin idarənin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirli bilinməklə 80 manat cərimə edilmişdir. Şikayəti xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi ilə bağlıdır. Məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarından şikayət verilən səlahiyyətli orqan müvafiq qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında iş üzrə 16/1-138020 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat “Mercedes” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, A.Verdiyev tərəfindən inzibati xətanın törədilmədiyi bildirilsə də, şəxs bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən: 29) nəqliyyat vasitəsinin dayanması – adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir; 31) nəqliyyat vasitəsinin durması – əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; 52-ci maddəsinə əsasən: İ. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Lakin, o, inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində və çıxışında qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X3 istifadəsində olan “Mercedes” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamış və avtomobilin ön sağ qapısı açıq vəziyyətdədir, həmin vaxt yolda tıxac müşahidə edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 xx.xx.2025-ci il tarixli EQ 27699507 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizə məhkəməyə müraciət etsə də, dəqiqləşdirmə aparılmaqla məhz eyni inzibati xətaya görə sonuncu qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-138020 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Məhkəmə şərh olunan qanunun normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-138020 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-138020 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar