Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3164/2025 04.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar ilə bağlı X3 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, barəsində qəbul edilmiş qərardan ümumiyyətlə məlumatı olmamışdır. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən ona xx.xx.2025-ci il tarixdə zəng edilərək barəsində icra işinin olması bildirildikdən sonar dərhal bu barədə həmin icra qurumuna müraciət edərək sənədlərin ona rəsmi qaydada təqdim edilməsini tələb etmişdir. Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə həmin sənədlər ona təqdim edilmişdir. Göründüyü kimi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirak hüququ təmin edilməmiş, izahatı alınmamış, mövqeyini bildirməyinə şərait yaradılmamışdır. Mahiyyəti üzrə isə bildirir ki, qərarda göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, tərtib edilmiş qərara əsasən guya o, Salyan rayon, Qaraçala qəsəbəsində fəaliyyət göstərən heyvandarlıq fermasında formalaşan tullantıları “Belarus” markalı traktor vasitəsi ilə ətraf mühitə daşıyaraq qalaqlanmasını edib “Tullantılar haqqında” Qanunun 12-ci maddəsinin tələblərini pozmuşdur. Bu, tamamilə əsassız və həqiqətə uyğun olmayan iddiadır. Belə ki, onun mülkiyyətində və icarəsində Salyan rayonu Qaraçala kəndində 7 hektar, Həsənli kəndində 29 hektar və Yenikənd kəndində 102 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur. Həmin torpaq sahələrinin çıxarışlarını ərizəmə əlavə edir. Qaraçala kəndində yerləşən torpaq sahəsində heyvandarlıq fəaliyyəti ilə, Həsənli və Yenikənd kəndində isə əkinçilik fəaliyyəti ilə məşğul olur. Heyvanların yemlənməsi üçün arpa, yonca və digər bitkilər də bu torpaqlarda əkilir. Qaraçala kəndində heyvandarlıq fəaliyyəti üzrə yaranmış iri və kiçik buynuzlu mal qarının təzəklərini həmin kənddə özünə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qurudularaq daha sonra isə həmin təzəklər Yenikənd və Həsənli kəndlərində mənə məxsus əkin sahələrinə daşınaraq üzvi gübrə kimi istifadə edilir. Mənim heç vaxt digər torpaq sahələrinə tullantı atma hərəkəti olmayıb. Əksinə, bu fəaliyyət kənd təsərrüfatı praktikasında faydalı və qanuni qəbul edilən bir prosesdir. Lakin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən bu göstərdikləri nəzərə alınmadan, hər hansı araşdırma aparılmadan, öz torpaq sahəmdə mal-qaranın təzəklərini gübrə kimi istifadə etmək üçün qurudulması tullantıların qalaqlanması hesab edirlərək qanunsuz və əsassız aərar aəbul edilmişdir. Eyni zamanda qeyd edir ki, qərarda göstərildiyi kimi tərəfindən “Tullantılar haqqında” Qanunun müddəaları da pozulmayıb. Belə ki, Azərbaycan Respublikasının “Tullantılar haqqında” Qanununda tullantı anlayışları açıq şəkildə göstərilmişdir: Həmin qanuna əsasən məişət tullantıları (bərk məişət tullantıları) - əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. İstehsalat tullantıları istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. Heyvan təzəyi məişət tullantısı hesab edilə bilməz. Bu, kənd təsərrüfatında ənənəvi olaraq üzvi gübrə kimi istifadə olunan faydalı maddədir. Hətta nəzəri olaraq istehsalat tullantısı sayılsa belə, mən onu tullantı kimi atmamışam. Əksinə, qurudaraq öz sahəmdə saxlamış və əkin sahələrinə daşıyaraq torpağın münbitliyinin artırılmasında istifadə etmişdir. Eyni zamanda barəsində tərtib edilmiş qərarda “Tullantılar haqqında” qanunun 12-ci maddəsinin tələblərini pozmağım göstərilmişdir. Qanunun 12-ci maddəsində isə şəhərlərdə və yaşayış məntəqələrində məişət tullantılarının idarə olunması qaydaları təsbit olunmuşdur. Onun fəaliyyəti isə yaşayış məntəqəsində tullantı qalaqlanması ilə bağlı deyil, özünə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində heyvandarlıqla bağlı yaranmış heyvan təzəklərinin qurudularaq elə özümə məxsus digər əkin sahələrində gübrə kimi istifadə etməkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxsə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 2000.00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1118249, 1118250, 1118300, 1118245, 1118303, 1118302, 1118248, 1118305, 1118252, 1118250, 1118252, 1118251, 1118304, 1118308, 1118246, 1118295, 1118301, 1118307, 1118247, **********, ********** nömrəli çıxarışlardan görünür ki, Salyan rayonunun Yenikənd kəndi, Salyan rayonun Həsənli kəndində və Salyan rayonunun Qaraçala qəsəbəsində X3 xüsusi mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaqlar vardır. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddələri pozulmaqla sənədləşdirildiyindən, eləcə də inzibati xəta pozuntusunu əks etdirən görüntülər və foto şəkillər qərara əlavə edilmədiyindən onun əməli sübuta yetirilmir. Bununla yanaşı məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, qərar qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X4 tərəfindən inzibati xətanı törətməsini əks etdirən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş torpaq sahələrinə dair çıxarışlardan aydın olur ki, X2 təsərrüfatı və heyvandarlıqla məşğuldur. Həmin torpaq sahələri də yaxın əraziləri əhatə edir. Tullantı kimi adlandırılan yığıntıların fəaliyyət göstərdiyi sahə ilə bağlı olması və kənd təsərrüfatında istifadə üçün nəzərədə tutulması məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtəfli araşdırılmadan tərtib edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilmiş çıxarışlardan da aydın olur ki, şikayət vermiş şəxs xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlarında heyvandarlıq fəaliyyəti ilə məşğul olmuş və torpaq üçün faydalı olan tullantılardan gübrə kimi istifadə etmişdir. Qeyd olunan hala əsasən X4 İXM-nin 271-ci maddəsinin tələblərini pozmaqla təqsirləndirilə bilməz. Məhkəmə hesab edir ki, X4 barəsində inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3164/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3164/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver