Məhkəmə qərarları › İş №3(005)-3167/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3167/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3167/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 «Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 00100-02379/23 nömrəli, 19 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, AZ1052. ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına LL126LU/AA544V nömrəli nəqliyyat vasitəsində Çin Xalq Respublikasından ZJ20220608 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilmiş və **********6090 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, gömrük orqanına bəyan edilən yüklərdən əlavə, gömrük orqanına düzgün bəyan olunmayan 80 ədəd Tianneng markalı A6 GM model akkumlyator yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 80 ədəd Tiannenq markalı A6 GM model akkumlvator yüklərinin qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-008886/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 9/7107/2023 saylı, xx.xx.2023-cü il tarixli ekspert arayışında inzibati xətanın bilavasitə obyekti olan limonun 1 ədədi 90 manat olmaqla 80 ədəd Tianneng markalı A6 GM model akkumlyatorun xx.xx.2023-cü il tarixə orta bazar qiymətinin 7200 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan “İpək Yolu” gömrük postundan daxil olmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından LL126LU/AA544V dövlət qeydiyyat nişanlı yük avtomaşınının üzərinə qoyulmuş UETU5438100 nömrəli konteynerdə 20220010 saylı xx.xx.2023-cü il tarixli invoys əsasında daxil olmuş və **********6090 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı, bəyannamənin 1-ci mal mövqeyində “Tianneng” markalı A6 GM model “akkumlyator” yükü 20 ədəd bəyan edildiyi halda, faktiki 100 ədəd, yəni 80 ədəd artıq olduğu aşkar edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi olan X2 izahatında bildirmişdir ki, Çin Xalq Respublikasından qeydiyyatda olan “X1 Trade Co” şirkətindən 20 set şəklində hər setdə 5 ədəd olmaqla ümumilikdə 100 ədəd “Tianneng” markalı A6 GM akkumlyator və 20 ədəd adaptır yükü sifariş vermişlər və verilmiş sifarişlərə uyğun olaraq 2821.23 ABŞ dolları dəyərində pul vəsaitini qarşı şirkətin hesabına köşürmüşlər. Hesab edirlər ki, akkumlyatorun ədəd say ilə bağlı heç bir uyğunsuzluq yoxdur. Belə ki, ixracatcı şirkət göndərilən sənədlərdə akkumlyatoru set formasında 20 ədəd qeyd etmiş və qeyd olunan setə uyğun olaraq gömrük bəyannaməsində set formasındada bəyan etmişlər. Gömrük bəyannaməsində set əvəzinə ədəd göstərilsə də buna baxmayaraq malın gömrük dəyəri gömrük bəyannaməsində düzgün göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli, 9/7107 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 80 ədəd üzərində A6 12V45.2 Ah yazıları olan akkumlyatorun xx.xx.2023cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7200 manat (80 ədəd x 90,00 manat) müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İXM-in 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC-nin ünvanına LL126LU/AA544V nömrəli nəqliyyat vasitəsində Çin Xalq Respublikasından ZJ20220608 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilmiş və **********6090 saylı gömrük bəyyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, gömrük orqanına bəyan edilən yüklərdən əlavə, 80 ədəd “Tianneng” markalı A6 GM model akkumlyator yükü gömrük orqanına düzgün bəyan olunmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 482.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də, həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinin tələblərinə əsasən Şəxs MMC-dən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 7200 manat məbləğinin 30 (otuz) faizi miqdarında, yəni 2.160 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar