Məhkəmə qərarları › İş №3(005)-3185/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3185/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3185/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X5, Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun nümayəndəsi X3, Müdafiəçi- “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran şəhəri, 20 Yanvar küçəsi, ev 66 ünvnaında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 25 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin polis sahə inspektoru X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs 24.11.2021-ci il tarixdə saat 16:20 radələrində Z.Bünyadov prospekti, 1965-ci məhəllədə SXA-nin həyətində polisin qanuni tələbinə tabe olmamışdır. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 25 noyabr 2021-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 24 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24.11.2021-ci il tarixdə saat 16:15-də Sosial Xidmətlər Agentliyinin qəbul otağında əmlaka maddi ziyan vurmuş, nalayiq söyüşlər söymüş, ictimai qaydanı pozmuşdur. Barəsində inzibati icraat aparılan Şəxs eyni tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 25 noyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin polis sahə inspektoru X11 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Bakı Şəhəri Nərimanov Rayon Prokuroruluğunun nümayəndəsi X6 şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən yetkinlik yaşına çatmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yalnız Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, 24.11..2021-ci il tarixdə saat təxminən 15:00 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə yerləşən Sosial Xidmətlər Agentliyinə getmişdir. Uşaq evində böyüdüyündən, atası 2018-ci ildə vəfat etdiyindən və anasının harada olmağını bilmədiyindən mənzil təminatı ilə bağlı problemlərini həll etmək məqsədilə həmin quruma müraciət etmiş, lakin müraciət etməsindən 35 gün keçsə də, ona hər hansı bir cavab verməmişlər. Buna görə də yenidən Sosial Xidmətlər Agentliyinə yaxınlaşmış, əməkdaşlar ona yenə gözləməli olmasına bildirdikdə, bu zaman həmin müəssisənin vəzifəli şəxslərini şəxsən görüb problemini onlara bildirmək istədiyinə görə ona belə bir imkan yaradılmasını xahiş etmişdir. Bunun mükün lmadığını bildirdikdə həmin qurumun əməkdaşları ilə arasında mübaisə yaranmış, sonra əməkdaşlardan birinin ona nalayiq ifadə işlətdiyini eşitmişdir. Bundan sonra əsəbləşdiyi üçün səs-küy salmış və əsəbləşərək qapıya təpik vurmuşdur. Bir qədər sonra polis əməkdaşları gəlib onu sakitləşdirmiş və onu bölməyə dəvət etmişlər. Polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmiş, onlarla birgə şöbəyə getməyə razı olmuşdur. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Mühafizə İdarəsinin polis nəfəri X12 oğlu izahatında göstərmişdir ki, 24.11.2021-ci il tarixdə avtomaşında xidmət apararkən saat 16:20 radələrində radiorabitə vasitəsilə məlumatverilmişdir ki, Z.Bünyadov prospekti, 1965-ci məhəllədə yerləşən Sosial Xidmətlər Agentliyində bir nəfər şəxs ictimai qaydanı pozur. Həmin ünvana getdikdə bir nəfər vətəndaşın Sosial Xidmətlər Agentliyinin əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Həmin şəxsi sakitləşdirirərək onunla profilaktik söhbətlər aparmış, ona etdiyi hərəkətin düzgün olmadığını izah etmişdir. Onu idarəyə dəvət etdikdə ilk öncə etiraz etsə də, sonradan razılaşıb onlarla idarəyə gəlmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs X4 barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Mühafizə İdarəsinin polis nəfərləri X12 və X7 tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi Azər Məmmədovun adına yazılmış 24.11.2021-ci il tarixli raportdan görünür ki, 24.11.2021-ci il tarixdə 47-14 çağırışlı avtomaşında xidmət apararkən saat 16:20 radələrində radiorabitə vasitəsilə çağıraraq məlumat verildi. Z.Bünyadov prospekti 1965-ci məhəllədə yerləşən Sosial Xidmətlər Agentliyi mühafizə olunduğu üçün həmin əraziyə yaxınlaşmışlar, bir nəfər şəxsin Sosial Xidmətlər Agentliyinin əməkdaşı ilə sözlə mübahisə edib giriş qapısını təpiklə vurduğunu və həmin qurumun əməkdaşlarını təhqir etdiyini görmüşlər. Həmin şəxsi sakitləşdirməyə cəhd göstərsələr də, o, Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına hədəqorxu gələrək onu bıçaqlayacağını bildirdi. Onların qanuni tələblərinə riayət etmədi. Onu avtomaşına əyləşdirib aidiyyəti üzrə 17-ci PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış 24 noyabr 2021-ci il tarixli, **********9 nömrəli məktubdan görünür ki, mənzil təminatı ilə əlaqədar müraciət etmiş Şəxs 24.11.2021-ci il tarixdə saat 16:15 radələrində Agentliyin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Çinar Park” biznes mərkəzinin 1-ci binasının 2-ci mərtəbəsində yerləşən qəbul otağında əməkdaşlara hədə gəlməklə, Agentliyin maddi əmlakına ziyan vuran hərəkətlər etməklə, nalayiq davranışlar sərgiləyib ictimai qaydanı, qəbul prosesini və ümumi iş ahəngini pozmuşdur. Baş vermiş hadisə ilə bağlı Şəxs barəsində müvafiq tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 24 noyabr 2021-ci il il tarixdə saat 16:50 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 06.11.2021-ci il tarixli, 2/16067 saylı, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolunun surətindən görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu təyin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərə baxış keçirilən zaman Şəxs tərəfindən ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməsi müəyyən olundu. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 24 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadəsi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Hazırki halda Şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilsə də, onun hərəkətlərində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında barəsində icraat aparılan şəxs tərəfindən qəsdən tabe olmamanın nədə ifadə olunmasını müəyyən etməyə imkan verən mötəbər sübutlar təqdim etməmiş, həmçinin təqdim edilmiş videogörüntülərdə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin törədilməsinə dəlalət edə biləcək hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, X10 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Lakin, protokolda xətanın mahiyyəti açıqlanmamış, şəxsin kimin, yəni hansı polis işçisinin qanuni tələblərinə tabe olmaması, onun qanuni tələblərə tabe olmaması kimi hərəkətlərinin nədə ifadə olunması, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi göstərilməmişdir. Məhkəmə iclasında da protokol tərtib etmiş şəxs Şəxs polis işçisinin qanuni tələblərinə tabe olmamasının onun konkret olaraq hansı hərəkətlərində ifadə olunmasını əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi obyektiv cəhətdən aktiv hərəkətlərlə ifadə olunmalı olduğu halda, hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs əməlində tabesizliklə müşahidə olunan aktiv hərəkətlər mövcud olmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını, inzibati xətanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi Vəkil bir məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə təqsirləndirilən şəxs X1 müdafiəsi üçün 3 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından 24.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar