Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3196/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şikayətçi- X1 iştirakı ilə, X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin polis polkovniki X5 tərəfindən X1 barəsində 19 iyul 2024-cü il tarixində idarə etdiyi “HOWO” yük markalı, ** RP *** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edərək inzibati xəta törətdiyini irəli sürmüş və 600 manat məbləğində cərimə tətbiq edilməsinə dair TP ******* nömrəli qərar qəbul etmişdir. Qanunun tələblərinə əsasən, hərəkətdə olan nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılmalıdır. Lakin bu prosedurların heç biri həyata keçirilməmiş, həmçinin nəqliyyat vasitəsinin yoxlanışı başa çatdıqdan sonra yük avtomobilində kütlə parametrlərinin aşma hallarının aşkar olunmasını təsdiq edən göstəricilərə dair hər hansı bir rəsmi sənəd təqdim edilməmiş və ya buna dair qeydlər aparılmamışdır. Daha öncə qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi üçün tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəticədə, məhkəmə 1 avqust 2024-cü il tarixli, 3(005)- 2278/2024 nömrəli qərarı ilə İXM-nin 353.2-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN BDYPİ tərəfindən onun barəsində tərtib edilmiş TP ******* nömrəli, 1 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün DİN BDYPİ-nə tapşırılmasını qət etmişdir. 1 avqust 2024-cü il tarixli, 3(005)-2278/2024 nömrəli qərarının qüvvəyə minməsindən 1 ay ötməsinə və bununla bağlı onun tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, DİN BDYPİ-nin əməkdaşları tərəfindən Nərimanov Rayon Məhkəməsinin qərarı qəsdən icra edilmir. Həmçinin, qərarın icra edilməməsi ilə birgə hər ötən gün müvafiq cərimənin üzərinə dəbbə pulu əlavə edilir. DİN Baş Dövlət Yol Polis İdarəsinin 24 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək bildirdi ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və həmin qərarın ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024cü tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, altı yüz (600) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X4 xx.xx.2024-cü il tarixdə saat 02:21-də Bakı, Rövşən Əliyev (Nərimanov) 8 ünvanında “HOWO” yük markalı **-RP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X3 ünvanlanmış 23 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın Nərimanov Rayon Məhkəməsi tərəfindən ləğv edilməsi və həmin qərarın icra edilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığı müraciət onun iştirakı ilə araşdırılmışdır. X4 qəbul edilərək dinlənilmiş, dövlət yol polisinin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələbləri barədə ətraflı məlumatlar verilərək X1 barəsində inzibati tənbeh tətbiq etmə haqqında yeni qərarın qəbul edildiyi onun nəzərinə çatdırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, X1 İXM-in 353.2-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmışdır. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrinin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 104 №-li Qərarının 4.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qərarın 4.2-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X2 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 353.2-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3196/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3196/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver