Məhkəmə qərarları › İş №3(005)-3206/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3206/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3206/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, «Azərbaycan Respublikasının Atçılıq Federasiyası» İctimai Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş 00700-00220/23 nömrəli, 11 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sumqayıt Gömrük idarəsi Rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-004047/2023 nömrəli raportun icrası zamanı müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası" İctimai Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli, **********0166 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində İB-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 3360 (üç min üç yüz altmış dollar) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Sumqayıt Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. xx.xx.2023-cü il tarixli 3-33-1800/2-001558/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-33-1800/2-001698/2023 nömrəli xəbərdarlıq və bildiriş məktubları göndərilmiş və ixrac edilmiş malların müqabilində müvəkkil bank hesablarına köçürülməmiş xarici valyutada pul vəsaitlərinin köçürülməsi tələb edilmişdir. Lakin bugünədək “Azərbaycan Respublikasının Atçılıq Federasiyası" İB tərəfindən vəsait müvəkkil bank hesabına köçürülməmişdir. Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirməklə gömrük bəyannaməsinin 20-ci qrafasında malların “002” - alqı-satqı yolu ilə mal ixracı zamanı malın dəvəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə" keçirilmə xüsusiyyətində bəyan edilərək “Azərbaycan Respublikası Atçılıq Federasiyası” İB ilə Rusiya Federativ Respublikasında fəaliyyət göstərən “X3” arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 2 nömrəli alqı-satqı müqaviləsi əsasında 3360 ABŞ dolları dəyərində “diri at” yükü ixrac edilmişdir, lakin 3360 (üç min üç yüz altmış dollar) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri müvəkkil bank hesablarına qaytarılmamışdır. Bununla da “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi nin barəsində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixdə xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarsı rəsmi məzənnələri bülletenində göstərilmiş 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarsı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin 1,70 manat olmasını nəzərə alaraq, qeyd olunan tarixə 3360 (üç min üç yüz altmış dollar) ABŞ dollarının milli valyutaya nisbətdə 5712 (beş min yeddi yüz on iki manat) AZN təşkil etdiyi müəyyən edilmişdir. Faktla bağlı araşdırma zamanı, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası" İB-nin baş katibi Azərbaycan Respublikasının vətəndaşı X1 və təhqiqat şöbəsinə gəlmiş, lakin nümayəndəliyini təsdiq edən müvafiq etibarnamə yaxud digər sənəd təqdim etməmişdir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi **********0166 sorğu nömrəli Sumqayıt Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində İB-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 3360 (üç min üç yüz altmış dollar) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Göründüyü kimi, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi ixrac etdiyi məhsulun dəyəri olan 3360 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin İXM-nin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40,43,48-51,114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 3.360 ABŞ dolları məbləğinin 30 faizi miqdarında, yəni 1008 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar