Məhkəmə qərarları › İş №3(005)-321/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-321/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-321/2025 10.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin yol nəqliyyat hadisələri üzrə şöbəsinin baç inspektoru X1, Şikayət vermiş şəxs – X2 iştirakı ilə, Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azad Hünbətov küçəsindən Ziya Bünyadov küçəsinin köməkçi yolunda avtobus zolağıyla hərəkət edən Ford tranzit markalı avtomobil yüksək surətlə gəlmiş və qabağına maneə çıxdığı üçün sağa çəkərək onun avtomobilini vurmuşdur. 102 xidmətinə məlumat verilmişdir. Polis əməkdaşı hadisə yerinə gəlmiş, sənədləri alıb Bakı şəhər X7 İdarəsinə gəlməyi bildirmişdir. İdarədə ona hadisədə onun günahı olduğu bildirilmişdir. Bildirir ki, Azad Hünbətov küçəsində hərəkət edən zaman sağa dönərkən heç bir əmredici və ya qadağanedici nişan yol ayrıcında olmadığı üçün sağ tərəfdə hərəkət edən avtomobil hərəkət üstünlüyünə malikdir. Həmin küçədə heç bir nişan olmayıb və o, Ford markalı avtomobilin sağ tərəfində olmuşdur. Qeyd olunanlara əsasən inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin yol nəqliyyat hadisələri üzrə şöbəsinin baç inspektoru X3 çıxış edərək bildirmişdir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuşdur və barəsində müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə görüntüləri barədə “CD” diski məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Bakı şəhər X7 İdarəsi tərəfindən təqdim edilmiş “CD” diskə baxış zamanı müəyyən olunur ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 12:34-də Bakı şəhəri, Ziya Bünyadov prospekti ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki iş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilmiş və X4 xx.xx.2025-ci il tarixdə saat 12:34-də idarə etdiyi “Changan Qiyuan A05 PLUG-İN Hibrid 308” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Ziya Bünyadov prospektində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyi müəyyən edilmişdir. Beləliklə də o, yol nişanlarının tələblərinə riayət etməmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar