Məhkəmə qərarları › İş №3(005)-3222/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3222/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3222/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, naməlum şəxs tərəfindən inzibati xətanın aşkar edilməsində istifadə olunan modeli SM-T395NZKABTİJ olan markası Samsung Planşet vasitəsi ilə çəkilmiş fotoşəkillər əsasında onun barəsində xx.xx.2024 tarixli AYN ******* nömrəli protokol tərtib edilmişdir. AYNA-nın İdarə Heyətinin sədr müavini Natiq Dadaşov həmin xüsusi texniki vasitənin məlumatına əsasən xx.xx.2024 tarixli AYN ******* nömrəli elektron qərarla xx.xx.2024-cü il tarixdə saat 20:58:21-da(də) İzzəddin Həsənoğlu - 10264 ünvanında ** RE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi «Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və va SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə» Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh növü tətbiq edilmişdir. Odur ki, həmin protokoldan çıxarılmış qərardan xəbərdar olunması üçün onun qeydiyyat ünvanına məktub göndərilməmiş, elektron hökümət portalına həmin qərar yerləşdirilməmişdir. Beləliklə, xx.xx.2024 tarixli inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında AYN ******* nömrəli qərarı xx.xx.2024-cü il tarixdə saat 12:29-də Nərimanov rayonunda yerləşən AYNA-nın Baş Ofisindən əldə edilmişdir. xx.xx.2024 tarixli AYN ******* nömrəli elektron qərarla razı deyil. Belə ki, İXM-nin 100.1.2-ci maddəsinə zidd olaraq naməlum şəxsin fotoşəkilləri əsasında protokol tərtib edilmiş, habelə İXM-nin 42-ci maddəsinə zidd olaraq vəzifəli şəxsin səlahiyyəti olmadan inzibati tənbeh vermə haqqında elektron qərar qəbul etmişdir. Həmçinin həmin qərar İXM-nin 122.1-ci maddəsinə zidd olaraq elektron imzası ilə təsdiqlənməmişdir. Bunlara əlavə İXM-nin 77, 81 və 122.1 maddələrinə zidd olaraq elektron qərara əlavə edilmiş xüsusi texniki vasitələr ilə çəkilmiş fotoşəkillər montaj edilmişdir. Belə ki, həmin fotoşəkillərə müdaxilə edilərək sonradan «inzibati xəta haqda park yerinin nömrəsi, tarixi və saatı» kölgəli quru fon ilə yazı əlavə edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş AYN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin İV hissəsinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu nişanlama xətləri və ya 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X2 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və qanunvericiliyin müvafiq tələbi s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 346-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. X1 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar