Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3230/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdieya Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 01 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlara giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumat əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X3 xx.xx.2024-cü il tarixdən, Şahid və X1 xx.xx.2024-cü il tarixdən halhazırkı tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X5 protokola uyğun çıxış edərək protokolun qanuni olduğunu və qanunvericiliyin tələblərinə uyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə protokola etiraz etdiklərini, Şahid ilə və X1 ilə aralarında xidmət müqaviləsi bağladıqlarını və müvafiq xidmətlərin yerinə yetirilməsinə cəlb olunduğunu, lakin X3 ilə aralarında heç bir müqavilə bağlamadıqlarını və müəssisə tərəfindən heç bir işə cəlb edilmədiyini bildirmişdir. Qeyd edilən şəxsi müvafiq işlərin görülməsinə Şahid cəlb etmiş, bu barədə müəssisəyə məlumat vermişdir. Lakin, müəssisə buna görə məsuliyyət daşımamalıdır, ona görə ki, Nəbi Fərzəliyev tərəfindən onun yerinə işləmişdir. Həmçinin işğaldan azad olunmuş ərazilərə keçmələri üçün icazəni şirkətin aldığını bildirmişlər. Qeyd edilənlərin nəzərə alınmasını və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına videokonfransla qoşularaq ifadə verən Şahid bildirmişdir ki, Şəxs MMC-də xidmət müqaviləsi əsasında öz avtomobili ilə sürücü kimi 2023-cü il tarixdən işlədiyini bildirmişdir. “X7” ərazisində işlər görmüşdür. X3 onun qohumudur, işlədiyi müddətdə ailəsində problemlər olduğu üçün evə qayıtmalı olmuş və bu zaman Zülfü Əbilovdan onun işlərini görməsini xahiş etmişdir. Bu barədə MMC-yə məlumat vermişdir. Zülfi Əbilov müəssisənin işçisi olmamışdır. Şahid və Şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № XM- 01/23 saylı müqavilə ilə 01 sentyabr 2024-cü il tarixədək Şahid tərəfindən müvafiq xidmətlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. X1 və Şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № XM- 01/23 saylı müqavilə ilə 01 avqust 2024-cü il tarixədək X1 tərəfindən müvafiq xidmətlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə isə məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, işəgötürən Şəxs MMC tərəfindən Şahid və X1 arasında xidmət müqavilələrinin olmuş və həmin müqavilələr əsasında işlərə cəlb edilmişlər, lakin X3 ilə Şəxs MMC arasında heç bir müqavilə olmadığı və əmək müqaviləsi olmadan işlərə cəlb edildiyi müəyyən edilmişdir. Bu proses iş materiallarında olan möhtəbər sübutlarla, o cümlədən MMC-in nümayəndəsinin izahatı və şahid izahatı ilə öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi olmadan şəxsin müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və sair nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3230/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3230/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver