Məhkəmə qərarları › İş №3(005)-3233/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3233/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3233/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs və onun vəkili Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 27 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini icra etməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcraata başlamaq haqqında qərarlar borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Borclu Şəxs izahatı alınmış, borclu icra sənədinin icrasını təmin etdiyini, yalnız oğlunun atası ilə görüşmək istəmədiyini izahatında qeyd etmişdir. Bununla da borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər borclu tərəfindən uşaqlar icra şöbəsinə atası ilə görüşmələri üçün gətirilmişdir. Uşaq ata ilə görüşmək istəməmişdir. Lakin son bir neçə dəfə təkrarən ana uşaqları ümumiyyətlə icra şöbəsinə ata ilə görüş üçün gətirməmişdir. Ana birgə nikahdan olan Melisa Adıgözəlovanı görüş üçün hər zaman gətirir. X10 cəmi 4-5 dəfə gətirmişdir. Uşaqlar üçün görüş yeri müəyyən edilməmişdir. Belə ki, ana uşaqları icra şöbəsinə gətirdikdən sonra uşaqlar ata ilə gedirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, bacardığı qədər uşaqları ataları ilə görüşdürməyə çalışır. Melisa atası ilə gedir. Lakin Arda atası ilə getmək istəmir. O, hər dəfə Ardaya atası ilə getməsi üçün təkid etmişdir. Arda isə atasını istəməmişdir. Uşağın atası ilə görüşmək istəməmə səbəbini bilmir. Onun oğlu xəstədir. Həmin xəstəlik yüngül xəstəlik deyil. O, oğlunu nə isə etməyə məcbur edə bilməz. Hətta dəfələrlə olmuşdur ki, o, oğlunu həftələrlə əlini yuduzdura bilməmişdir. Belə ki, uşağın müəllimi də buna şahiddir. Oğlu etmək istədiyi bir hərəkəti beyninə qoyur və yalnız o hərəkəti tətbiq edir. Ümumiyyətlə o, dəfələrlə uşağı icra şöbəsinə atası ilə görüşmək üçün aparmışdır. Uşaq görüşməmişdir. Atası uşağa pis davranır. Həmçinin ata alimenti ödəmir. Sonuncu dəfə uşaqları sevgilisi ilə birgə hovuza aparmışdır. Uşaq orada nə görübsə artıq görüşmək istəmir. Odur ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Lakin ekspertiza zamanı Nərimanov rayon İcra Hakimiyyəti uşağın xəstəliyi ilə bağlı heç nəyə toxunmamış və münasibət bildirməmişdir. Bundan əlavə onlar tələbin könüllü icrası haqqında bildirişi almamışlar. Belə ki, icraata başlamaq haqqında qərar və bildiriş onlara təqdim edilməmişdir. Həmçinin birgə nikahdan olan Arda Adıgözəlov həkim müayinəsindən keçirilmişdir. Həmin müayinədə Arda Adıgözəlovda yüngül autizim spektr pozğunluğu müəyyən edilmişdir. Daha sonra ana uşağa atası ilə görüşməyə təkid etsə də uşaq israrla atası ilə görüşmək istəmir. Məhkəməyə müvafiq CD diski və sənədləri təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, sadəcə uşaqları ilə görüşmək və onlarla vaxt keçirmək istəyir. Uşaq hazırda ananın təsiri altındadır. Bir il ərzində uşağı ilə cəmi iki dəfə görüşmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəkili Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X4 çıxış edərək bildirmişdir ki, inzibati xəta haqqında protokol “İcra haqqında” Qanuna tam uyğun olaraq tərtib edilmişdir. Uşağın xəstəliyi ilə bağlı məhkəmə qətnaməsi qəbul edilməmiş hakim tərəfindən araşdırma aparılmış, ekspertiza təyin edilmiş və müvafiq rəyin əsasında da uşaqlarla görüş təyin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin məhkəmə qətnaməsindən cavabdeh tərəfindən də apellyasiya şikayəti verilməmişdir. Uşaqların ataları ilə münasibətləri normaldır. Məhkəməyə müvafiq fotoşəkillər təqdim edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1578/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 19:00-dək ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)-1578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, özünün izahatı və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 19:00-dək ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilmişdir. Lakin buna baxmayaraq Şəxs tərəfindən uşaqların ata ilə görüşmələrinə süni şəkildə maneələr yaradılmış və təzyiq göstərilmişdir. Məhkəmə iclasında Şəxs oğlu Arda Adıgözəlovanın xəstə olması səbəbindən atası ilə görüşmək istəmədiyini bildirsə də, buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarında olan müvafiq ekspert rəyindən də görünür ki, Zərərçəkmiş şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 19:00-dək ünsiyyətdə olması uyğun hesab edilmişdir. Həmçinin məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən də görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 ataları ilə kifayət qədər vaxt keçirmişlər və onların ataları ilə aralarında olan bağlılığı müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisinin məhkəmə iclasında irəli sürdüyü dəlillərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Şəxs və müdafiəçisi tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada almadıqlarını bildirsələr də iş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, icra işindən tam xəbərdardır. Həmçinin məhkəmə qətnaməsi icra edildikdən sonra icra sənədinə əsasən Şəxs uşaqları ilə atasının görüşmələri üçün iki ay davamlı olaraq müəyyən edilmiş günlərdə icra şöbəsinə gətirmiş, daha sonra isə icra sənədini icra etməkdən yayınmağa başlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən oğlu Arda Adıgözəlova atası ilə görüşə getməsi təklif olunsa da, lakin uşaq israrla atası ilə görüşmək istəməməsini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, göründüyü kimi təqdim edilmiş CD diskdə olan görüntülər 2023-cü ilin yanvar ayında çəkilmişdir. Həmin tarixdən uzun müddət keçmiş, həmçinin qeydə alınmış görüntülərdən sonra yay aylarında dəfələrlə ata ilə uşaqlar görüşmüşlər və müxtəlif istirahət və uşaqlar üçün nəzərdə tutulmuş əyləncə mərkəzlərində, şəhər gəzintisində, kafe və restoranlarda birgə vaxt keçirmişlər. Bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş 06 nömrəli, 06 mart 2023-cü il tarixli Arda Adıgözəlova aid həkim diaqnozuna dair sənədə dair qeyd edir ki, təqdim edilmiş sənəddə Arda Adıgözəlovda yüngül autizm spektr pozğunluğunun aşkar edildiyi qeyd edilsə də onun atası ilə görüşünün və ya atası ilə ünsiyyətdə olmasının Arda Adıgözəlovun xəstəliyini inkişaf elətdirəcəyinə və ya səhhətinə daha da pis təsir edəcəyinə dair məlumatlar qeyd edilməmiş, həmçinin buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. X3 atası ilə görüşməsinin ona pis təsir edəcəyinə dair hər hansı hal məhkəmə iclasında araşdırma zamanı aşkar edilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-14/2-1362/2023 nömrəli məktubundan görünür ki, məsləhətçi-psixoloqun iştirakı ilə keçirilən iclasda vətəndaş Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan X6 ilə ünsiyyətdə olduğu vaxt azyaşlıya anası tərəfindən psixoloji təsirin olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, borclunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, məhkəmə qərarının icrasına laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (əsas: portaldan çıxarış) onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində inzibati xətaya görə onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı, yəni himayəsində azyaşlı uşaqlarının olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar