Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3245/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 20 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 10500.00 ABŞ dolları məbləğində vəsaiti 09 avqust 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 10 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Azər-Türk Bank” ASC-nin 12 avqust 2025-ci il tarixli, 6-3/01/01-226/2025 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3 bəndinə müvafiq olaraq 09 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malla (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC-də göstərilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir.Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının: 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək üçün ilk növbədə iş üzrə təqdim edilmiş sübutlar məcmusunu qiymətləndirməyi zəruri hesab edir. Bu sübutlar, hüquqi şəxsin üzərinə qanunvericiliklə qoyulmuş imperativ bir öhdəliyin yerinə yetirilməməsi faktını təkzibedilməz şəkildə təsdiq edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 12 avqust 2025-ci il tarixli məktubu və ona əlavə edilmiş 09 avqust 2023-cü il tarixli 1124 nömrəli köçürmə ərizəsi birmənalı şəkildə təsdiq edir ki, Şəxs MMC tərəfindən xarici tərəfdaşın hesabına 10,500.00 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 20 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol isə sübut edir ki, qanunvericiliklə müəyyən edilmiş 2 illik müddətin tamamlanmasına baxmayaraq, həmin öhdəlik icra edilməmişdir. Məhkəmə, Şəxs MMC tərəfindən təqdim edilmiş etiraz ərizəsindəki dəlilləri araşdıraraq, onların işin faktiki halları ilə ziddiyyət təşkil etdiyi və hüquqi cəhətdən əsassız olduğu qənaətinə gəlir. “Texniki Səhv” iddiasının təkzib edilməsi: Hüquqi şəxs iddia edir ki, mübahisələndirilən köçürmə əslində avans deyil, artıq idxal olunmuş malın qalıq dəyərinin ödənişi olmuş, ödənişin "prepayment" (öncədən ödəniş) kimi qeyd edilməsi isə "texniki səhv" nəticəsində baş vermişdir. Lakin bu arqument hüquqi şəxsin özü tərəfindən imzalanaraq banka təqdim edilmiş rəsmi sənədlərlə tamamilə təkzib olunur. Banka təqdim edilən köçürmə ərizəsində əməliyyatın məhz avans olduğu birmənalı şəkildə göstərilmişdir. Bank, müştərinin iradəsini ifadə edən bu sənədə əsasən əməliyyatı icra etməyə borcludur. Hüquqi şəxsin öz iradəsi ilə yaratdığı və rəsmiləşdirdiyi hüquqi vəziyyətin nəticələrinə görə məsuliyyəti sonradan "texniki səhv" bəhanəsi ilə üçüncü şəxsin üzərinə atmaq cəhdi yolverilməzdir. Hüquqi şəxs öz təsdiq etdiyi sənədin hüquqi mahiyyətini sonradan inkar edə bilməz. Məhkəmə, həmçinin, hüquqi şəxsin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi sənədlərdəki ziddiyyətləri də diqqətdən kənarda qoya bilməz. Belə ki, Şəxs MMC tərəfindən mübahisələndirilən 10,500 ABŞ dolları məbləğindəki vəsaitin idxal edilmiş malların qalıq dəyəri olduğunu sübut etmək məqsədilə istinad edilən 25 iyul 2023-cü il tarixli gömrük bəyannaməsinin təhlili göstərir ki, həmin sənədin özü də hüquqi qüsurludur. Bəyannamənin 44-cü bəndindəki (Təqdim olunmuş sənədlər") qeydlərdə, konkret olaraq 4011-ci xanada AE**********D, 8001-ci xanada isə AE**********A nömrəli müqavilənin göstərilməsi faktı, bir gömrük bəyannaməsi çərçivəsində iki fərqli müqaviləyə istinad edildiyini ortaya qoyur. Bu hal, təqdim edilmiş sənədin sübutetmə qüvvəsini ciddi şəkildə şübhə altına alır və idxal edilmiş malların məhz hansı müqavilə çərçivəsində tədarük edildiyini birmənalı müəyyən etməyə imkan vermir. Hüquqi şəxsin bir tərəfdən bank sənədindəki "avans" qeydini "texniki səhv" adlandırması, digər tərəfdən isə özünün tərtib etdiyi və ya təsdiqlədiyi gömrük bəyannaməsində bu cür fundamental ziddiyyətə yol verməsi, onun "texniki səhv" iddiasının tək bir hadisə olmadığını, əksinə, bütün sənədləşmə prosesinə hüquqi laqeydliyin təzahürü olduğunu göstərir. Bu isə, öz növbəsində, şirkətin prosessual passivliyi ilə birlikdə onun təqsirinin mövcudluğunu daha da gücləndirən bir hal kimi qiymətləndirilməlidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, barəsində icraat aparılan hüquqi şəxsin prosessual davranışı onun mövqeyinin səmimiliyinə ciddi şübhələr yaradır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edildikdən və iş məhkəmə icraatına daxil olduqdan sonra, hüquqi şəxs dəfələrlə Gömrük Komitəsinə müraciət etdiyini bildirsə də, bu müraciətlərin nəticəsi barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda, nümayəndənin son üç məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etməməsi, işin hallarının hərtərəfli araşdırılmasına mane olmaqla yanaşı, həm də hüquqi şəxsin öz müdafiə hüququndan sui-istifadə etməsi və prosesi qəsdən uzatmaq cəhdi kimi qiymətləndirilir. Belə ki, inzibati məsuliyyətə cəlb etmə müddətlərinin keçməsi mümkün məqsədlərdən biri ola bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi valyuta tənzimi sahəsində dövlətin iqtisadi siyasətinin mühüm alətlərindən biridir. Bu normanın məqsədi sadəcə formal bir prosedur tələbini müəyyən etmək deyil, daha fundamental məqsədlərə xidmət edir: Normanın əsas təyinatı, idxal əməliyyatı adı altında pərdələnmiş, əslində isə geri qayıtmayan valyuta vəsaitlərinin ölkədən çıxarılmasının qarşısını almaqdır. Ölkədən çıxan və geri qayıtmayan hər bir valyuta vahidi dövlətin tədiyyə balansına mənfi təsir göstərir. Qanunverici bu müddəti müəyyən etməklə, iqtisadi subyektləri valyuta əməliyyatlarına məsuliyyətlə yanaşmağa və ölkənin makroiqtisadi sabitliyini təmin etməyə sövq edir. Valyuta vəsaitlərinin hərəkətinə nəzarət, həm də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi transmilli cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli Qərarı ilə müvafiq Qaydalara edilən dəyişikliklə, avans ödənişləri üzrə öhdəliyin icra müddətinin 270 gündən 2 ilədək uzadılması qanunvericinin sahibkarlıq fəaliyyətinin reallıqlarını və beynəlxalq ticarətdəki mümkün gecikmələri nəzərə aldığını göstərir. Bu, kifayət qədər uzun və ağlabatan bir müddətdir ki, bu müddət ərzində öhdəliyin icra edilməməsi artıq subyektin məsuliyyətsizliyinə və ya qanunun tələblərinə biganəliyinə dəlalət edir. Məhkəmə müəyyən edir ki, 09 avqust 2023-cü il tarixində köçürülmüş vəsait üzrə öhdəliyin icra edilməsi üçün son tarix 09 avqust 2025-ci il olmuşdur. Bu tarixdən sonrakı gün, yəni 10 avqust 2025-ci il tarixində, hüquqi şəxsin hərəkətsizliyi artıq başa çatmış hüquq pozuntusuna çevrilmişdir. Bu andan etibarən inzibati xətanın obyektiv tərkibi mövcuddur və inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı başlamışdır. Bu fakt iş materialları ilə təkzibedilməz şəkildə sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC 09 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 10500.00 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 10500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 10500.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2100.00 ABŞ dolları (qərar icra edilən günə manatın məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-3245/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3245/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver