Məhkəmə qərarları › İş №3(005)-3250/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3250/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3250/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Ağsu şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Güzdək qəsəbəsi, Nəbi Xəzri küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 31 oktyabr 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Fərid Rəhimovun 23 sentyabr 2023-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 31 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 sentyabr 2023cü il tarixdə X2 məxsus 300 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X8 protokolu müdafiə edərək qanuna uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, X1 tanıyır. X3 ilə tanışlığının səbəbi onun, oğlu X7 2-ci Qarabağ döyüşlərində şəhid olması olmuşdur. Şəxs şəhidlərlə bağlı mahnılar bəsdələdiyindən Əminə Məmmədova ona oğlu şəhid Vidadi Xəlilovun ildönümü üçün mahnı bəsdələməyi istəmişdir. Şəxs bu müqabildə ondan 300 manat pul verməyini bildirmişdir. Bundan sonra onun gəlini yəni, şəhid Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova ona hissə hissə olmaqla kart hesabına 300 manat pulu göndərərək həyat yoldaşının ildönümünə kimin mahnını bəstələməyini və ildönümündə tədbir olacağını həmin tədbirdə bəstələmiş olacağı mahnıdan istifadə edəcəklərini bildirdi. Onun kart hesabına göndərmiş olduğu 300 manat pulu şəxsi ehtiyaclarına xərləmiş və onlara vermiş olduğu sözü yerinə yetirməyərək şəhid Vidadi Xəlilova mahnı bəstələməmişdir. Bundan sonra Əminə Məmmədova və Nərmin Xəlilova onunla dəfələrlə əlaqə saxlayaraq pullarını geri istəsə də, o, müxtəlif bəhanələr gətirərək onların pullarını geri qaytarmamışdır.Əməlindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : “Cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, xx.xx.2023-cü il tarixdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar