Məhkəmə qərarları › İş №3(005)-3256/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3256/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3256/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-dən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 26 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs 24.11.2021-ci il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanında narkotik vasitə olan “heroin” istifadə edərkən saxlanılmışdır. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, ünvan 3 ünvanda yaşayan X2 ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-yə müraciət edərək oğlu Şəxs uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. X2 ərizəsində göstərmişdir ki, Şəxs bu səbəbdən mübahisə yaradaraq evdə olan əşyaları narkotik vasitə əldə etmək üçün satır. 24.11.2021-ci il tarixdə oğlu Şəxs narkotik vasitə qəbul etməsi səbəbindən yaşadıqları ünvanda olan əşyaları dağıtmış və evdə mübahisə yaratmışdır. X2 bildirmişdir ki, oğlu narkotik vasitə qəbul etdikdən sonra özünü normal şəkildə apara bilmir. Araşdırma apardıqdan sonra Şəxs qanunsuz olaraq 24.11.2021-ci il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanında narkotik vasitə olan “heroin” istifadə edərkən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, iki ildir narkotik vasitə heroindən istifadə edir. 24.11.2021-ci il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanında narkotik vasitə olan heroindən istifadə etmişdir. Bu zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşları ilə birlikdə idarəyə getmiş və orada üzərindən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Etdiyi əməldən peşmandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərdi ki, Şəxs onun doğma oğludur. Oğlu axşamlar evə qayıdan zaman səhhəti hər dəfə pis olur. Dörd aydır ki, oğlunun vəziyyəti daha da ağırlaşmışdır. Şəxs 24.11.2021-ci il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanında narkotik vasitə “heroin”dən istifadə etdiyindən o, məcbur qalıb polisə müraciət etmişdir. Çünki o, oğlunun islah olunmasını və sağalmasını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili X5 izahatında göstərdi ki, ünvan 3 ünvanda yaşayan X2 ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-yə müraciət edərək oğlu Şəxs 24.11.2021-ci il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanında narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Bu səbəbdən onlar araşdırma üçün qeyd edilən ünvana getmişlər. Şəxs 24.11.2021-ci il tarixdə, saat 15:30 radələrində yaşadıqları ünvanda narkotik vasitə heroin istifadə edərkən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:30-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təhqiqatçısı Rəşad Əhmədov tərəfindən bölmənin rəhbərliyinə ünvanlanmış 25 noyabr 2021-ci il tarixli raportdan görünür ki, Şəxs Respublika Narkoloji Mərkəzində müayinəsi zamanı onda opioidlərin (heroin istisna olunmur) və psixotrop maddə olan metamfetaminin birgə qəbulu aşkar edilmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur; “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 26.11.2021-ci il tarixli, 4084 nömrəli aktdan görünür ki, Şəxs heroindən istifadə etməsi istisna olunmur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 25 noyabr 2021-ci il tarixli, 4671 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin (heroin istisna olunmur) və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 25 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin vət. Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan şahid izahatları, ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs 24.11.2021-ci il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanında narkotik vasitə heroin istehlak etmiş və bununla da İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, İXM-in 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 25 noyabr 2021-ci il tarixli, 4671 nömrəli rəyini nəzərə alaraq Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Belə ki, İXM-in: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Qeyd olunanlara əsasən və İXM-in 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 24 noyabr 2021-ci il tarixdən, saat 15:30-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydə alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar